Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:31

'Ən böyük təhlükə Laçın dəhlizinə nəzarət edə bilməməyimizdir'


Laçın dəhlizi, 19 noyab 2020
Laçın dəhlizi, 19 noyab 2020

Dövlət başçısı İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) martın 5 -də keçirilən VII qurultayında qeyd edib ki, son qurultaylarından üç il ötür. Onun vurğulamasına görə, üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib:

“Təbii ki, onların arasında ən önəmlisi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu...”

Prezident vurğulayıb ki, “bizə tam, mütləq qələbə lazım idi. “ Biz bu mütləq qələbəni qazandıq...”, deyə o söyləyib.

Bu məsələ həll olunana qədər...”

Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

Deputat Vahid Əhmədov Prezident İlham Əliyevin həmin fikirlərini “tamamilə düzgün fikirdir” deyə şərh edir:

“Azərbaycan mütləq qələbə qazanıb, ərazi bütövlüyünü təmin edib. İndi bəzi siyasətçilər, politoloqlar sülhməramlılarla əlaqədar müəyyən fikirlər irəli sürürlər. Amma bu prosesin uzun çəkəcəyini düşünmürəm, sülhməramlılar bölgədən gedəcəklər”.

Vahid Əhmədov hesab edir ki, hökumətin qarşısında hazırda bir məsələ var:

“Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına çalışmaq lazımdır. Bu məsələ həll olunana qədər Ermənistanla hər hansı iqtisadi əlaqələr qurulmamalıdır. Onsuz da Ermənistanda siyasi vəziyyət çox gərgindir, siyasi mübarizə gedir, hələ necə nəticələnəcəyi məlum deyil. Rusiya və Qərbin dəstək verdiyi tərəflər arasında mübarizə davam edir. Vəziyyət o həddədir ki, Baş nazir Nikol Paşinyan mitinqlərdə özü iştirak edir. Amma hələlik siyasi qərarlar qəbul edilməyib”.

“Bizim hazırda ilkin vəzifəmiz...”

Vahid Əhmədov Dağlıq Qarabağla bağlı indiki vəziyyəti çox yüksək qiymətləndirdiyini bildirir:

“Bizim hazırda ilkin vəzifəmiz işğaldan azad etdiyimiz əraziləri bərpa etməkdir.”

Onun deməsinə görə, Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı daha da möhkəmləndirilməlidir:

“Bu dövlətlərlə əməkdaşlığın dərinləşməsi müstəqilliyimizin qarantıdır”.

“Qəti qələbə o zaman olur ki..."

İlham İsmayıl, 1 oktyabr 2009
İlham İsmayıl, 1 oktyabr 2009

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə Prezidentin açıqlamasını “biz qələbə qazandıq, amma qəti qələbə qazanmamışıq” deyə xarakterizə edib.

“Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan yerin 72 faizinə nəzarət edə bilmir”

“Qəti qələbə o zaman olur ki, Azərbaycan ərazi bütövlüyünə qəti şəkildə nəzarət edir, bu da yoxdur. İkinci, Azərbaycan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan yerin 72 faizinə nəzarət edə bilmir, orda Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlıları var, biz ora gedə bilmirik ”.

İlham İsmayıla görə, 10 noyabr razılaşmasında Azərbayanın xeyrinə olan 3 bəndin yerinə yetirilməməsi xüsusi gərginlik yaradır:

“Birinci, Ermənistan silahlı qüvvələri ərazidən çıxarılmayıb, ikinci, Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının BMT Ali Komissarlığının nəzarəti altında geri qaytarılması üçün heç bir şərait yaradılmır. Üçüncüsü bölgənin daxili yolları təhlükəsizlik və işlək durumda deyil”

“ Ən böyük təhlükə...”

İ. İsmayıl hesab edir ki, ən böyük təhlükə Azərbaycanın Laçın dəhlizinə nəzarət edə bilməməsidir.

“ Ən böyük təhlükə Laçın dəhlizinə nəzarət edə bilməməyimizdir. Məsələ onadır ki, Azərbaycana bütün təhlükələr Laçın dəhlizindən gəlir. Ermənistan silahlı qüvvələrinin adamlarına mülki forma geyindirib bizim ərazimizə keçirdirlər, bunu amerikalı jurnalist də təsdiqlədi. Ermənistanın vəzifəli şəxsləri, ideoloqları bölgəyə qanunsuz səfərlər edib təbliğatlarını aparırlar. Düzdür, böyük məğlubiyyətə uğrayıblar, amma biz onların iddialarına qarşı adekvat cavab verə bilmirik”.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG