Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:30

Elmar Vəliyevin ona deyilənləri qavramadığını həkim də təsdiqlədi


Elmar Vəliyev
Elmar Vəliyev

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin əqli və fiziki məhdudiyyətli olduğu, deyilənləri qavramaması və özünü ifadə edə bilməməsi təsdiqlənib. Türkiyədə onun müalicə aldığı xəstəxanadan məhkəməyə bu barədə arayış göndərilib.

Keçmiş icra başçısı və onu mühafizə edən polis əməkdaşına qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Martın 4-də məhkəmədə vəkillər vəsatət qaldırıb ki, Vəliyev özü də məhkəməyə gəlsin, ona veriləsi sualları cavablandırsın. Çünki o, iş üzrə əsas zərərçəkmişdir.

Təqsirləndirilən Səfərov məhkəmə ifadəsində bildirmişdi ki, icra başçısını əhaliyə zülm elədiyinə, inanclı şəxslərin dini etiqadını təhqir etdiyinə görə onu öldürmək istəyib.

Etibarnaməni necə verib?

Səfərovun vəkili Bəxtiyar Hacıyev deyir ki, keçmiş icra başçısının onun ünvanına səslənən bu iddialarla razılaşıb-razılaşmaması, Səfərovu bağışlayıb-bağışlamaması kimi suallara aydınlıq gətirməsi vacibdir. Onun məhkəmədə nümayəndəsi təmsil olunsa da, nümayəndə həmin suallara cavab verə bilməz.

Zərərçəkmiş Vəliyevin nümayəndəsi Fəxrəddin Səfərov bildirib ki, keçmiş icra başçısı deyilənləri qavramaq, özünü ifadə etmək iqtidarında deyil. Bu barədə xəstəxananın rəyi də məhkəməyə təqdim olunub.

Hakim Əfqan Hacıyev həmin rəyi elan edib. Türk dilində tərtib olunan arayışda tibbi diaqnoz əksini tapıb. Sənədin məzmunundan belə məlum olur ki, Vəliyevin həm əqli, həm də fiziki məhdudiyyəti var. Onun durumu məhkəmədə dindirilməyə imkan vermir.

Vəkillər soruşublar ki, əgər bu adam anlaqlı deyilsə, iradəsini ifadə edə bilmirsə, bəs məhkəmədəki nümayəndəsinə notarial qaydada etibarnaməni necə verib?

Müdafiəçilərin bu sualı cavabsız qalıb.

Məhkəmə istintaqının yekunlaşması haqda təqsirləndirilən şəxslər və onların vəkillərinin fikirləri öyrəniləndə müttəhimlərdən Firudin Zeynalov belə cavab verib: “Bu tamaşanı mümkün qədər tez qurtarın...”

Məhkəmə istintaqının yekunlaşmasına qərar verilib. Martın 16-da keçiriləcək növbəti məhkəmə iclasında prokuror təqsirləndirilən şəxslərə cəza istəyəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin o zamankı başçısı Elmar Vəliyev və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd törətməkdə ittiham olunan Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.

Yunis Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm elədiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə ittiham edilib.

Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG