Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:35

Facebook Avstraliyada xəbər paylaşımını dayandırır


İllüstrativ foto
İllüstrativ foto

Baş nazir Skot Morrison özünün Facebook səhifəsində şəbəkənin addımını tənqid edib

Fevralın 18-də “Facebook” sosial şəbəkəsi avstraliyalıların xəbər paylaşmasını bloklayıb. Bu, şirkətin ona qarşı gözlənən addıma cavab tədbiridir. Sosial media nəhəngindən yerli jurnalistikaya ödəniş etmək tələb olunacaq.

Avstraliya hökuməti Facebook-un addımını sərt tənqid edib. Çünki bu tədbir hökumətin kommunikasiyasına da təsiri göstərib. Fövqəladə xidmətlər haqda ismarışlar, bəzi kommersiya səhifələri qadağanın təsirinə məruz qalıblar.

Maliyyə naziri Coş Fraydenberq deyib ki, Facebook-un sarsıdıcı qərarı parlamentdə qəbul olunmuş qanuna cavabdır. Qanunla həm bu sosial şəbəkədən, həm də Google-dan yerli jurnalistikaya ödəniş etmək tələb ediləcək. Amma qanunu hələ senat da qəbul etməlidir.

Facebook bildirib ki, bu qanun “platformamız ilə ondan istifadə edən naşirlər arasında münasibəti fundamental olaraq yanlış anlayır”.

“Təkəbbürlü və məyusedici hərəkət”

Fraydenberqin sözlərinə görə, Facebook qadağadan öncə heç bir xəbərdarlıq etməyib.

“Facebook-un addımlarına ehtiyac yox idi, sərt tədbirlərdi, Avstraliyada onun nüfuzuna zərbə vuracaq”, – Fraydenberq vurğulayıb.

Avstraliya hökuməti bildirir ki, yeni qanun media bizneslərini Facebook və Google-da paylaşılan jurnalistika fəaliyyəti üçün ədalətli ödənişlə təmin edəcək.

Baş nazir Skot Morrison özünün Facebook səhifəsində şəbəkənin addımını tənqid edib.

“Facebook-un bu gün Avstraliyanı dostluqdan çıxarması, səhiyyə və fövqəladə xidmətlərlə bağlı vacib informasiya səhifələrini bağlaması təkəbbürlü və məyusedici hərəkətdir”, – Morrison yazıb.

“Dostluqdan çıxarmaq” (ingiliscə “unfriend”) Facebook-da işlənən ifadədir.

XS
SM
MD
LG