Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:37

Nüvə sazişini götür-qoy edəcəklər


Co Bayden (solda) və Bencamin Netanyahu, 2016-cı il
Co Bayden (solda) və Bencamin Netanyahu, 2016-cı il

İran məsələsi Baydenin İsrailin Baş naziri Bencamin Netanyahu ilə telefon söhbətində də müzakirə edilib

Fevralın 18-də Birləşmiş Ştatlar, Almaniya, Fransa və Britaniyanın xarici işlər nazirləri İranla 2015-ci il nüvə sazişinin gələcəyini müzakirə edəcəklər. Vaşinqton bu sazişdən 2018-ci ildə çıxıb.

Çin və Rusiyanın da imzaladığı saziş İranın uran zənginləşdirmə proqramını məhdudlaşdırması əvəzində sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

Keçmiş prezident Donald Tramp 2018-ci ilin mayında sazişdən çıxaraq İrana sərt sanksiyalar qoymağa başladı. Tramp deyirdi ki, sazişin şərtləri İranın nüvə silahı hazırlamasının qarşısını almaqdan ötrü yetərincə sərt deyil.

Nazirlər Parisdə görüşür

İran isə nüvə silahlı hazırlamadığını deyir, nüvə proqramının sırf mülki məqsəd daşıdığını bildirir.

Sazişin digər tərəfləri onu xilas etməyə çalışırlar. ABŞ-ın çıxmasından sonra Tehran da saziş çərçivəsindəki öhdəliklərini tədricən pozmağa başladı.

Almaniyanın Xarici işlər naziri Heiko Maas, Britaniyanın Xarici işlər naziri Dominik Raab Parisdə fransalı həmkarları Jan-İv Lö Dryan ilə görüşəcəklər. ABŞ-ın yeni Dövlət katibi Entoni Blinken isə danışıqlara videolink vasitəsilə qoşulacaq.

ABŞ Prezidenti Co Bayden İranla sazişə qayıtmaq niyyətini açıqlasa da, Tehranı əvvəlcə saziş öhdəliklərinə əməl etməyə çağırıb, bundan sonra sanksiyaların qaldırılmasının müzakirə oluna biləcəyini deyib.

Blinken ötən ay deyirdi ki, Tehranla “daha uzunmüddətli və güclü razılaşma”nın əldə olunmasını ABŞ-ın müttəfiqləri ilə koordinasiya etmək istəyir.

Bayden Netanyahu ilə danışıb

İran məsələsi Baydenin İsrailin Baş naziri Bencamin Netanyahu ilə telefon söhbətində də müzakirə edilib. İsrail liderinin ofisinin fevralın 17-də yaydığı bəyanatda deyilir ki, iki lider “İran təhdidi”ni, eləcə də COVID-19 pandemiyası daxil olmaqla digər məsələləri götür-qoy ediblər.

Bayden yanvarın 20-də and içib, Netanyahu onun zəng etdiyi sonuncu liderlər sırasındadır. Halbuki, Netanyahu Baydenin sələfi Donald Tramp ilə sıx əlaqə saxlayırdı. Trampın yürütdüyü siyasət israilpərəst sayılırdı və bir çox ərəb ölkələri bundan hiddətlənirdi.

Martın 23-də İsraildə yenidən parlament seçkisi keçiriləcək və Vaşinqtonla münasibət İsrail seçiciləri üçün əhəmiyyət daşıyır.

“İki lider köhnə şəxsi əlaqələrini vurğulayıb, İsrail- ABŞ alyansını möhkəmləndirmək üçün birlikdə işləyəcəklərini qeyd ediblər”, – bəyanatda deyilir.

Məlumata görə, nüvə silahları hazırlayan “İranın yaratdığı təhdid”, koronavirusla mübarizə, İsrailin ərəb ölkələri ilə münasibətləri genişləndirmək arzusu da müzakirə olunub.

XS
SM
MD
LG