Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:39

'Hökumət koronavirusdan repressiya məqsədilə istifadə edir'


M.İmanlı
M.İmanlı

Gənc siyasi fəal Məhəmməd İmanlı bu iddiasını məhkəmədə dilə gətirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) həbsdəki fəallarından Məhəmməd İmanlı hökumətin pandemiya amilindən də siyasi məqsəd güddüyünü iddia edir və özünü bu siyasətin qurbanı sayır. O, fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində həmin iddianı dilə gətirib.

M.İmanlı 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda orduya dəstək yürüşündən dərhal sonra həbs edilən, azı, 40 AXCP üzvündən biri olub. O, CM-in 139-1.1 (karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə 1 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsində elə həmin hökmdən verilmiş şikayətə baxılıb.

"Mən də qurbanlardan biriyəm"

Cəbhəçi gənc bildirib ki, cinayət işinin materiallarında onun karantin rejimi qaydalarını pozması, küçədə gedərkən tutulması əksini tapıb, amma "hamısı yalandır, məni sahə müvəkkili çağırıb, gəlib evdən aparıblar. Koronavirus ittihamı yalandır. Hökumət koronavirusdan istifadə edərək rəqiblərinə qarşı siyasi repressiya aparır. Mən də qurbanlarından biriyəm".

Vəkil Əsabəli Mustafayev deyir ki, müvəkkilinin təqsirsizliyini, ittihamın saxtalığını təsdiqləyən sübutlar istər Sabunçu rayon Məhkəməsində, istərsə apellyasiya instansiyasında təqdim olunub. Amma məhkəmələr o sübutları araşdırmaqdan imtina edib: "İndiyədək bu maddə ilə 100-dən artıq adama cinayət işi açılıb. Hazırda onların heç biri həbsdə deyil. Barələrində cinayət işi başlanandan sonra polis nəzarətinə veriliblər, bu şəkildə də istintaq və məhkəmələri aparılıb. Belə məqamları nəzərə alaraq, Məhəmməd İmanlı deyir ki, həbsi siyasi motivlidir, siyasi səbəblərlə ayrıseçkiliyə məruz qalır".

Vəkilin sözlərinə görə, cinayət işinin materiallarında M.İmanlının həbsindən öncə COVID-19 daşıyıcısı olmasına, başqalarının həyatına təhlükə yaratmasına dair tək sübut yoxdur, amma Bakı Apellyasiya Məhkəməsinin hakimləri onun haqqında hökmü əsaslı sayaraq qüvvədə saxlayıb.

"Gözləntilərimiz özünü doğrultmadı"

Ə.Mustafayev AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək: "Bugünlərdə Avropa Məhkəməsinin qərarlarıyla bağlı bir statistika acıqlandı. Məlum oldu ki, Azərbaycan Avropa Məhkəməsinin ən çox qərar çıxardığı beş ölkədən biridir. Düşünürdük ki, ən azı, Strasburqa gedən şikayətlərin sayını azaltmaq üçün yerli məhkəmələr bundan sonra daha diqqətli olar. Təəssüf ki, gözləntilərimiz özünü̈ doğrultmadı".

Azərbaycan rəsmiləri ölkədə heç kimin siyasi məqsədlərlə təqib olunmadığını, həbsdəki ictimai-siyasi fəalların konkret cinayət əməllərinə görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG