Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:30

Çin dünyanın yeni kino paytaxtına çevrilir?


''Confucius' filminin posteri
''Confucius' filminin posteri

"Bloomberg" yazır ki, 2020-ci ildə Çində tarixdə ilk dəfə ABŞ-dan daha çox kino bileti satılıb. Şimali Amerikada kassa satışları 80% azalaraq 2.3 milyard dollara düşüb. Bu isə son 40 ildə ən aşağı göstəricidir. Çində isə kassa satışları 2.7 milyard dollar təşkil edib. Bu, 70% azalma deməkdir.

Çin həm də ötən ilin ən gəlirli filmini çəkib. Film "The Eight Hundred" adlanır. İlin 10 ən çox satılan filmindən dördü Çin istehsalıdır.

Çində kinoteatrlar iyulda açılıb. ABŞ-da isə kinoteatrlar aylarla bağlı qalıb, studiyalar bütün əsas relizlərini təxirə salıblar. Pik mövsümü sayılan yay ərzində Şimali Amerikada ən çox gəlir gətirən filmlərdən bəziləri bunlardır: "The Wretched", "Becky", "Relic" və "Unhinged".

Üstəlik, bunların hamısı aşağı büdcəli qorxu və triller filmləridir, yəni, indiki dövr üçün çox "şən" filmlər...

Çində kinoteatrlar tikilir, ABŞ-da isə...

Kino təhlilçiləri illərdir ki, Çin kassa gəlirlərinin dünyada birinci olacağını proqnozlaşdırırlar. Aradakı fərq azalsa da, 2019-cu ildə Şimali Amerikada kassa gəlirləri Çindəkindən 2 milyard dollar daha böyük olub.

Ancaq bu, həm də Çinin Şimali Amerikaya birdəfəlik üstün gəldiyi an da ola bilər. Çin yeni kinoteatrlar tikməkdədir. Təkcə 2019-cu ildə ölkədə 9 min 708 yeni ekran əmələ gəlib. "Imax" 2023-cü iləcən ölkədə daha 400 kinoteatr aça biləcəyini deyib.

ABŞ-da isə kinoteatrların sayının azalacağı gözlənilir. Teatr sahibləri ya biznesi tərk edəcək, ya da itirilmiş gəlirlərini bərpa etmək üçün fəaliyyətlərini daraldacaqlar. Kinoteatrlar açılanda belə, insanların evdə qalmağa daha çox səbəbi olacaq.

Yerli istehsal

Bir zamanlar ABŞ-ın kinostudiyaları Çində bu sahənin davamlı böyüməsini çox yaxşı qarşılayırdılar. Hollivud artan bilet satışları əvəzində bu ölkədə insan hüquqlarının tapdalanması və senzura kimi hallara göz yumurdu. "Disney" ötən il "Mulan"ı Sintzyanda çəkdiyi üçün problemlə üzləşdi. Hollivud studiyaları öz məhsullarını Çin bazarına uyğunlaşdırdıqlarına görə tez-tez qınanır.

Ancaq Çinə işləmək hələ burada uğur qazanmaq demək deyil. Yerli istehsal yüksək profilli Amerika filmlərini bazarda sıxışdırır. 2019-cu ildə Çində bilet satışlarının 64%-i yerli Çin istehsalı filmlərin payına düşüb. Bu, 2017-ci illə müqayisədə 53.8% artım deməkdir. 2020-ci ildə isə ölkədə ən çox kassa gəliri gətirən beş filmin hamısı Çin filmləri olub. Bu filmlər keyfiyyətcə "Disney"in filmlərinə çatmasa da, yerli zövqə uyğundur.

62 milyon dollara yaxın bilet satışı

Çinin "Global Times" qəzeti yazır ki, qarşıdan gələn Yaz Festivalı mövsümü üçün əvvəlcədən satılan biletlərin ümumi həcmi 400 milyon yuanı (61.86 milyon dollar) keçib. Bu, Çin kinoteatrlarının ümidini bir qədər də artırır. Buna baxmayaraq, Çində hələ də pandemiya ilə bağlı məhdudiyyətlər qalır. Kinoteatrlara zalları yalnız 50% doldurmağa icazə verilib.

ABŞ gözləyirdi ki, Çinin internetə açılması ölkəni Qərbin söz azadlığı normalarını və Qərb internet şirkətlərini qəbul etməsi ilə nəticələnəcək. Ancaq Çin interneti, sadəcə, öz məqsəd və maraqlarından ötrü qəbul etdi və özünün texnologiya nəhənglərinin yüksəlişinə şərait yaratdı. Görünür, ölkə indi də eyni fəndi Hollivuda qarşı işlədə bilər.

Ancaq əsası ABŞ filmləri hələ də dünya səhnəsində Çin filmlərinə üstün gələcək. Ən azı Çin filmləri bütün dünyada tamaşaçıların zövqünü oxşamağı öyrənənə qədər.

XS
SM
MD
LG