Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:32

Qərb Navalnının həbsinə sərt reaksiya verir


Navalnı məhkəmədə
Navalnı məhkəmədə

Moskva məhkəməsi fevralın 2-də müxalifət siyasətçisi Aleksey Navalnın islah-əmək koloniyasına göndərilməsi barədə qərar qəbul edib.

Fevralın 2-də Rusiyada müxalifət lideri Aleksey Navalnının məhkəmə qərarı ilə azadlıqdan məhrum edilməsi Qərbdə geniş hiddətə səbəb olub.

Birləşmiş Ştatlar, Britaniya, Kanada ə Avropa İttifaqı dərhal və sərt bəyanatlarla çıxış edib.

ABŞ-ın dövlət katibi Entoni Blinken deyib ki, Vaşinqton Navalnının həbsindən “dərindən narahatdır”.

O Rusiyanı siyasi fəalı və onu dəstəklədiklərinə görə saxlanmış minlərlə etirazçını dərhal azad etməyə çağırıb.

Blinken bildirib ki, Rusiya sərbəst toplaşma və ifadə azadlığına dair beynəlxalq öhdəliklərinə əməl etməsə, Vaşinqton və onun Qərb müttəfiqləri buna sərt reaksiya verəcəklər:

“Biz hətta ABŞ maraqları üçün Rusiya ilə işləsək də, Rusiyadan öz vətəndaşlarının haqqını tapdaladığına görə hesabat tələb etmək üçün müttəfiqlərimizlə koordinasiyada hərəkət edəcəyik”.

Birləşmiş Krallığın xarici işlər naziri Dominik Raab deyib ki, Moskva məhkəməsinin qərarı Rusiyanın beynəlxalq icmanın hər bir məsuliyyətli üzvündən gözlənilən elementar öhdəliklərə əməl etmədiyini göstərir.

Fevralın 4-6-da Moskvaya səfəri gözlənilən Avropa İttifaqı xarici işlər komissarı Yosep Borrell Navalnını həbsini “qanunsuz və əsassız” adlandırıb.

Navalnı azadlıqdan məhrum edildi

Moskva məhkəməsi fevralın 2-də müxalifət siyasətçisi Aleksey Navalnın islah-əmək koloniyasına göndərilməsi barədə qərar qəbul edib.

Beləliklə də onun barəsində 2014-cü ildə çıxarılmış 3 il yarımlıq şərti cəza həbsxana cəzası ilə əvəz olunub.

Məhkəmənin qərarında deyilir ki, Navalnı bu cəzanın 2 il yarımını çəkəcək, çünki o 2014-cü ildə bir müddət ev məhbusu olub.

Navalnı: ‘Putin tarixdə adamzəhərləyən kimi qalacaq...’

Aleksey Navalnı fevralın 2-də onun İv Roşe işi üzrə şərti cəzasını həbsxana müddətinə dəyişdirməli olan məhkəmədə yenidən Rusiya prezidenti Vladimir Putini onun həyatına sui-qəsd cəhdində ittiham edib:

"Mən yaxşı adamların, pilotların və həkimlərin sayəsində sağ qalmağımla onlara ölümcül zərbə vurmuşam. Sonra isə qaçıb hardasa bunkerdə mühafizə altında gizlənməmişəm. Daha sonra bundan da dəhşətlisi baş verib. Mən hələ öz zəhərlənməmin təhqiqatında iştirak etmişəm. Biz göstərdik və sübut etdik ki, Putin FTX-dən istifadə edərək qətlə qəsd edib”.

Bu sözləri deyərkən Navalnı 20 avqustda zəhərlənməsini və nəticələri dekabrda dərc edilmiş təhqiqatı nəzərdə tuturdu:

"Sən demə ixtiyarında nə televiziya, nə də siyasi partiya olmayan siyasi opponentə üstün gəlmək üçün onu sadəcə olaraq kimyəvi silahla öldürmək lazım imiş. Hamı əmin oldu ki, o təsadüfi şəkildə prezident postuna yerləşdirilmiş adi məmurcuqdur. O heç vaxt debatlarda iştirak etməyib və onun yeganə metodu adamları öldürməkdir”.

Aleksey Navalnı məhkəmədə etdiyi çıxışda daha sonra deyib:

"O özünü nə qədər geosiyasətçi kimi təqdim etməyə çalışsa da...tarixdə adamzəhərləyən kimi qalacaq. Baxın tariximizdə Xilaskar Aleksandr və Müdrik Yaroslav olub. Bu adam isə tarixə tumanzəhərləyən kimi düşəcək. Məni polis mühafizə edir, Moskvanın yarısı ona görə bağlanıb ki, biz onun opponentlərin tumanlarını oğurlayıb kimyəvi maddə ilə zəhərləməsini sübut etmişik”.

Aleksey Navalnının təhqiqatının gedişində onun Federal Təhlükəsizlik Xidmətinin iddia edilən əməkdaşı ilə söhbəti olmuşdu.

Təhqiqatda deyilirdi ki, FTX əməkdaşı onunla danışanın Navalnı yox, başqa bir rəsmi olduğunu zənn edərək müxalifətçinin tumanına zəhər sürtüldüyünü etiraf edib.

***

Navalnı məhkəməsində həyat yoldaşı Yuliyanı tərifləyib. O, etirazda iştirakına görə bir gün öncə cərimələnib və bugünkü prosesə qatılıb.

“Onlar dedilər ki, ictimai asayişi ciddi pozmusan və özünü pis aparmısan. Səninlə fəxr edirəm”, – şüşə qəfəsdə saxlanmış Navalnı mikrofonla deyib.

Müstəqil OVD-Info monitorinq qrupu məhkəmə yaxınlığında 112 nəfərin saxlandığını bildirib.

Kremlin xəbərdarlığı

Kreml isə Qərb diplomatlarını Navalnının məhkəməsinə təsir göstərməyə çalışmaqda ittiham edib.

“Diplomatlar məhkəməyə təsir göstərməklə bağlı hərəkətlərə yol verməməlidirlər”, – Kremlin sözçüsü Dmitri Peskov deyib. O, məhkəmə yaxınlığında diplomatik nömrə nişanlı avtomobillərin saxlandığını vurğulayıb. Amma məhkəmə zalında hansısa diplomatın olduğu bəlli deyil.

Peskovun sözlərinə görə, Rusiya Navalnı haqda dialoqa hazırdır, ancaq Qərbi tənqidini nəzərə almayacaq.

“Hər şeyi hövsələ ilə izah etməyə hazırıq, amma öyüdverici bəyanatlara reaksiya verməyəcək, yaxud onları nəzərə almayacağıq”, – Peskov fevralın 2-də jurnalistlərə deyib.

***

Fevralın 2-sə Moskvada məhkəmə həbsdə olan müxalifətçi Aleksey Navalnının şərti cəzasını real həbslə əvəzləmək məsələsinə baxır. Sözügedən şərti cəza siyasi motivli hesab olunur.

Beynəlxalq ictimaiyyəti müxalifətçinin saxlanmasına sərt reaksiya verib. İki həftəsonu Rusiyada onminlərlə insan küçələrə çıxaraq onun azadlığa buraxılmasını tələb edib.

Polis həftəsonu nümayişlərində üst-üstə 10 minədək etirazçını saxlayıb. Navalnının müttəfiqlərindən çoxu, həyat yoldaşı Yulia ya saxlanıb, ya da ev dustağı edilib.

Müxalifətçinin müttəfiqləri onun tərəfdarlarını Moskva Şəhər Məhkəməsinin qarşısına çağırıb. Paytaxt polisi isə ərazidəki küçələrin bağlanacağını bildirib.

Məhkəmə öncəsi saxlananlar olub

İclasdan öncə polis məhkəmə kompleksi ətrafındakı küçələri tutub.

“Nastoyaşeye Vremya”nın məlumatına görə, polis məhkəmə qarşısına yığışmış Navalnı tərəfdarlarının bir qismini saxlayıb. “Reuters” təxminən 20 nəfərin saxlandığını bildirilir. Məhkəmə yerli vaxtla saat 11-ə keçirilib.

Navalnının iclasa gətirilib.

Müxalifətçi yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən aeroportda saxlanıb. O, ötən avqustda Berlində zəhərlənəndən sonra Almaniyada müalicə olunurdu. Özü zəhərlənməsinə görə birbaşa Prezident Vladimir Putini ittiham edir.

Kreml isə dövlət agentlərinin Navalnını zəhərləməsinə dair dəlillərin mövcudluğuna baxmayaraq iddiaları rədd edir.

Prokurorlar Navalnının Almaniyada olarkən 2014-cü ildə mənimsəmə ittihamıyla kəsilmiş şərti cəzanın şərtlərini pozduğunu deyirlər.

Beynəlxalq çağırışlar

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Yves Rocher” işi adlanan həmin ittihamları “əsassız və məntiqsiz” olması haqda qərar çıxarıb.

Moskva məhkəməsi Navalnıya qarşı qərar çıxararsa, o, 3 il yarımlıq həbsə məhkum edilə bilər.

Birləşmiş Ştatlar, avropalı müttəfiqləri Navalnını dərhal azad etməyə, etirazçılara qarşı polis zorakılığını dayandırmağa çağırıb.

Dövlət katibi Entoni Blinken fevralın 1-də televiziyaya müsahibəsində deyib ki, “etirazçılara divan tutulmasından dərin narahatlıq” keçirir və ABŞ administrasiyası Navalnının saxlanması və digər məsələlərə reaksiyanı nəzərdən keçirir.

Blinken Moskvaya qarşı konkret sanksiyalardan danışmayıb.

AB rəsmiləri isə Navalnının məhkəməsinin nəticəsini gözləyəcəklərini deyiblər. Blokun xarici siyasət rəhbəri Jozep Borrel fevralın 4-5-də Moskvaya səfəri zamanı Rusiyanın yüksək çinli məmurları və vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşəcək. Görüşlərdə Navalnının saxlanması məsələsinin də müzakirəsi gözlənir.

XS
SM
MD
LG