Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Amerika prezidentləri haqda 20 ən yaxşı film


"Linkoln" filmindən kadr
"Linkoln" filmindən kadr

"Vulture" saytı ABŞ prezidentləri haqqında çəkilmiş 20 ən yaxşı filmin siyahısını dərc edib. Siyahıya yalnız bədii filmlər daxil edilib. Yazıda deyilir ki, ABŞ prezidentlərinə həsr olunan filmlərin bir ümumi cəhəti var: belə filmlər həmin şəxsin bir zamanlar dünyanın ən güclü postunu tutduğunu vurğulayır. Onların gördüyü bütün işlər daha əhəmiyyətli, daha cazibədar görünür.

20. "Hyde Park on Hudson" (2012)

Deyəsən, Bill Mürrey Franklin Ruzvelt haqqında çəkdiyi bu film üçün "Oskar" gözləyirdi. Ancaq məqalədə deyilir ki, bu film o qədər də dərin alınmayıb. Filmin izləyicidə oyatdığı təəssürat müsbət deyil.

19. "The Better Angels" (2014)

Terrens Malikin prodüseri olduğu bu filmdə Breydon Denni gənc Avraam Linkolnu canlandırır. Linkoln hələ İndianada anası (Brit Marlinq) və atası (Ceyson Klark) ilə yaşayır. Yazıçı və rejissor A.C.Edvards bu filmdə çox gözəl iş ortaya qoyub. Ağ-qara görüntü və operator işi çox gözəldir.

18. "LBJ" (2017)

Öldürülmüş sevimli prezidentin vəzifəsini tutmaq nə deməkdir? Rob Raynerin "LBJ" filmi bu məqamdan provokativ qarmaq kimi istifadə edir. Vudi Harrelson Lindon Beyns Consonu (LBC) canlandırır. Conson iddialı, lakin Ağ Ev uğrunda mübarizədə məğlub olmuş siyasətçidir. O, Con Kennedinin (Ceffri Donovan) vitse-prezidenti olur. Harrelsonun yaratdığı obraz Consonun zəif, yaralı tərəflərini göstərməyə çalışır. Onu şərqli snob Kennedi qardaşlarının arasına düşmüş yöndəmsiz texaslı kimi görürük. LBC-nin prezident olmasından sonra filmdə gərginlik artır. Biz onun tarixi vətəndaş hüquqları haqda qanun layihəsini parlamentdən keçirdiyini görürük. "Ancaq film bir qədər itirilmiş imkan kimi görünür", – yazıda deyilir.

17. "Elvis&Nixon" (2016)

Maykl Şennonun interpretasiyasında Elvis Presli obrazı böyük əks-səda yaratmışdı. Ancaq Kevin Speysinin ifasında Riçard Nikson daha maraqsız alınıb. Müəllif bu filmin də çəkilən əziyyətə dəymədiyini yazır.

16. "Abraham Lincoln: Vampire Hunter" (2012)

Tarixi şəxsiyyət haqqında qorxu filmi. Film "Zombies" romanının müəllifi Set Qrem-Smitin kitabı əsasında çəkilib. Bu kitabda ABŞ-ın 16-cı prezidenti vampir ovçusu kimi təqdim olunur. Rejissor Timur Bekmambetov zorakı qətl səhnələrinin "barıtını çox edib". Film kommersiya baxımından böyük uğursuzluğa məruz qalıb.

15. "Jefferson in Paris" (1995)

Bu dram filmində Cefferson hələ prezident deyil. Burada biz prezident seçilməsindən 20 il əvvəl Fransaya səfir göndərilmiş Ceffersonu görürük. Filmdə o, rəssam Mariya Kosvey (Qreta Skakki) və özünün qulu Salli Heminqsə (Tendi Nyuton) aşiq olur. Nik Noltinin oynadığı Cefferson bir qədər çətin durumdadır. O, vəfat etmiş həyat yoldaşına yas tutur, eyni zamanda da yeni yaranmaqda olan dövləti parçalanmadan qoruyur. Ancaq bu film nə bioqrafik əsər, nə də sevgi hekayəsi kimi uğur qazana bilib.

14. "Barry" (2016)

Bu filmdə biz ABŞ-ın 44-cü prezidenti Barak Obamanı (Devon Terrel) Nyu-Yorkda tələbə kimi görürük. Filmin mərkəzində sevgi hekayəsi durur. Anya Teylor-Coy onun qrup yoldaşlarından birini oynayır. Ancaq rejissor Vikram Qandiyə daha çox Obamanın öz mənini axtarması maraqlıdır. Filmdə o, nə ağdərili tələbələr, nə də öz qara dostları arasında özünü tam rahat hiss edir. Film Obamadan çox amerikalıların ona münasibəti haqdadır.

Siyahıda daha sonra "The Butler" (2013) filminin, Uoterqeyt qalmaqalına məzəli prizmadan baxmış "Dick" (1999) komediyası, Obama haqqında "Southside With You" (2016) romantik dramı, Con Kennedinin İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlığın dramatikləşdirilmiş versiyası olan "PT 109" (1963), Kuba böhranı zamanı Kennedi və Lindon Conson da daxil olmaqla, bir neçə siyasətçinin davranışını əks etdirən "Thirteen Days" (2000), Oliver Stounun kiçik Corc Buşa həsr etdiyi "W." (2008), Entoni Hopkinsin Con Adamsı canlandırdığı "Amistad" (1997) filmlərinin adları çəkilir.

Müəllifin 1998-ci ildə Levinski qalmaqalından iki ay sonra ekranlara çıxmış, Con Travoltanın Bill Klinton rolunu oynadığı "Primary Colors" filmi haqda rəyi müsbətdir. Filmdə Hillari Klintonu Emma Tompson canlandırır.

XS
SM
MD
LG