Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:28

Prezident: 'Hər kəs bilir ki, Azərbaycanda internet azaddır'


Prezident İ.Əliyev R.Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. 26 yanvar 2021
Prezident İ.Əliyev R.Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. 26 yanvar 2021

"Füzuli şəhərində yeni beynəlxalq hava limanının inşasına start verilib və azad edilmiş torpaqlarda - ya Laçın, ya Kəlbəcər rayonlarının ərazisində ikinci beynəlxalq hava limanı inşa ediləcək".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident qeyd edib ki, son illərdə ölkədə 7 hava limanı tikilib: "Onlardan 6-sı beynəlxalq statusa malikdir və bütün növ təyyarələri, o cümlədən ən ağır yük təyyarələrini qəbul edə bilir".

Prezidentin sözlərinə görə, ölkə daxilində rabitə sahəsində bütün əsas məsələlər həll edilib: "İnternet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Hər kəs bilir ki, Azərbaycanda internet azaddır, heç bir senzura, heç bir məhdudiyyət yoxdur".

"Azad edilmiş ərazilərdə..."

İ.Əliyev sonra da əlavə edib ki, azad olunmuş ərazilərdə qurulacaq şəhərlər və kəndlər "smart-city", "smart-village", - yəni, "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında qurulmalıdır: "Bu işləri indidən planlaşdırın ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun. Ondan sonra və bəlkə də bununla paralel olaraq, bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik...".

Müxalifət nə deyir?

Amma ölkənin bəzi müxalif partiyaları və ictimai fəallar internetin azad olması və senzuranın olmaması ilə bağlı fikirləri tam bölüşmürlər.

Onlar deyir ki, bəzi fəallar sosial şəbəkələrdə kəskin tənqidi statuslarından sonra polisə çağırılıb hədələnirlər. Hərçənd, Daxili İşlər Nazirliyindən, bir qayda olaraq, belə şikayətləri əsaslı saymırlar. Üstəlik, müxalifət partiyaları deyirlər ki, kütləvi aksiyalar zamanı həmin ərazilərdə internetdə ciddi problemlər yaşanır.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) 10 noyabr razılaşmasına əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG