Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:11

146 oldular


Həbsxana
Həbsxana

Sülh və Demokratiya İnstitutu və Siyasi Məhbusların Monitorinqi Mərkəzi siyasi məhbus sayılan şəxslərlə bağlı siyahılarını yeniləyib. "Azərbaycan siyasi məhbuslarına azadlıq uğrunda İttifaq"ın tərtib etdiyi bu siyahıda 146 nəfərin adı yer alıb. Siyahı özlüyündə isə 8 qrupa bölünüb: "Jurnalistlər və bloqerlər" – 7 nəfər; "Müxalif partiya və hərəkatların üzvləri" - 7 nəfər; "14-15 iyul 2020-ci il mitinqindən sonra həbs edilənlər" – 5 nəfər.

Siyahıda habelə 46 nəfər inanclı insanın yer aldığı bildirilir.

""Tərtər işi" (2017-ci ildə dövlətə xəyanət ittihamı ilə hərbi qulluqçular həbs ediliblər) üzrə həbs edilənlər" - 25 nəfər; "Gəncə işi üzrə həbs edilənlər (2018-ci ildə icra başçısına sui-qəsdə və sonrakı hadisələrə görə həbs edilənlər)" - 41 nəfər; "Ömürlük məhbuslar" - 14 nəfər; "Siyasi girovlar" (qohumlarının siyasi və ya jurnalist fəaliyyətinə görə həbs edilənlər) – 1", - sənəddə əks edilib.

Azərbaycanda siyasi məhbus sayılan şəxslərlə bağlı vahid siyahı mövcud deyil. Rəsmilər isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

"Azərbaycan demokratik dövlətdir"

Milli Məclisin İnsan hüquqları Komitəsinin üzvü Elman Nəsirov da "Turan" agentliyinə bildirib ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur: "Azərbaycan demokratik dövlətdir və demokratik inkişaf yolunu seçib. Vaxtilə Ulu öndər Heydər Əliyevin məşhur ifadəsi var idi: "Yaranmış vahid, bütöv Azərbaycanın demokratik prinsiplərinin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi üçün mühüm vəzifə və əsas şərtdir"".

E.Nəsirov
E.Nəsirov

Deputata görə, Azərbaycanda konkret cinayət əməlinə görə həbs edilmiş şəxslər var: "Bəzən belə bir halların şahidi olmuşuq ki, ayrı-ayrı insanlar cinayət yolunu seçirlər və bilirlər ki, bu yol gec-tez onları həbsxanaya aparır. Belə olan vəziyyətdə məqsədyönlü və süni şəkildə siyasi bəyanatlarla çıxış edirlər, bir çox hallarda hakimiyyət nümayəndələrin şərəf və ləyaqətini alçaldan bəyanatlar verirlər. Sonra isə konkret cinayət əməlinə görə həbs ediləndə həmin məsələləri qaldırırlar ki, vaxtilə mən belə-belə fikirlərimə görə həbs edilmişəm".

Komitə üzvü vurğulayıb ki, demokratiyanın özü bir prosesdir və onun son nöqtəsi yoxdur: "Hansı dövlət desə ki, o, demokratiyanın son nöqtəsindədir, bu, çox yanlış yanaşmadır. ABŞ-da Konqresə son hücumu (2021-ci il 5-6 yanvar) hamımız görmüşük. Hətta 5 nəfər orada güllələndi. Bu hadisəyə münasibətdə bir yanaşma da var. Bunu demokratiyanın təntənəsi sayırlar, polislərin hərəkətlərinə görə heç bir halda dünya birliyi ABŞ-ı tənqid etməyib. Çox cüzi şəkildə reaksiyalar oldu".

"Müqayisə edin, görün nə baş verməkdədir"

Deputat keçən il iyulun 14-də orduya dəstək aksiyasını və Milli Məclisin binasına müdaxiləni xatırladıb: "…Allah eləməmiş, - halbuki bu, nəzəri baxımından da mümkün deyil, - Azərbaycan polisi bu qanunu pozanlardan kimisə güllələsəydi, Azərbaycana münasibətdə nələr baş verəcəkdi. Bütün dünyanın hüquq müdafiəçiləri ayağa qalxacaqdı. Müqayisə edin, görün nə baş verməkdədir".

E.Nəsirovun sözlərinə görə, Azərbaycanda islahatlar davam edir. Deputat habelə vurğulayıb ki, keçən ilin fevralın 17-dən başlayaraq Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şura istisna olmaqla ölkədəki bütün siyasi partiyaların təmsilçiləri ilə görüşlər keçirilib: "Bu günlərdə 11 siyasi partiyanın qurultayı keçirildi, onlar da dövlət qeydiyyatı ilə təmin edildi. Bu gün iqtidar-müxalifət arasında siyasi dialoq gedir. Xüsusilə Vətən müharibəsi (İkinci Qarabağ savaşı) dövründə 52 siyasi partiyanın 51-i Azərbaycan dövlətçiliyinin, Ali Baş Komandanın dəstəkləməsi ilə bağlı bəyanat qəbul edib, beynəlxalq ictimaiyyətə müraciət edib".

A.Məmmədli
A.Məmmədli

"…Jurnalist və bloqerlər var ki, öz fəaliyyətinə görə həbs olunublar"

Hüquq müdafiəçisi Anar Məmmədli isə hesab edir ki, Azərbaycanda siyasi məhbus problemi var: "…Xeyli sayda insan – dini icmanın nümayəndələri, AXCP üzvləri, jurnalist və bloqerlər var ki, öz fəaliyyətinə görə həbs olunublar".

Ekspert siyasi məhbus probleminin Qarabağ müharibəsindən sonra həll olunacağı ilə bağlı gözləntiləri də dəyərləndirib: "Azərbaycan hökuməti heç zaman siyasi məhbus məsələsini, demək olar ki, gündəlikdən çıxarmayıb. Daim kimlərsə təqibə məruz qalıblar, çünki hakimiyyətin xüsusilə də ifadə azadlığına münasibəti heç zaman normal olmayıb, hər zaman barışmaz olub".

"Əfvlə bu məsələ bitmir"

A.Məmmədlinin fikrincə, bu siyasəti kökündən dəyişmək üçün çox işlər görülməlidir: "Əfvlə bu məsələ bitmir. Əlbəttə, biz çox arzulayırıq ki, əfv olsun, siyasi məsələlər ilə bağlı həbslər olmasın. Amma ümumilikdə Azərbaycanda məhkəmə-hüquq sistemində islahatlara ehtiyac var. Avropa İnsan Hüquqları Məhkəməsi də öz qərarlarında vurğulayır ki, hüquq-mühafizə orqanların iddiaları əsasında asanlıqla şəxsləri həbs etmək olur. Məhkəmələr də bu şəxslərin barəsində ədalətli mövqe tutmur. Bu baxımından ölkədə islahatlar kompleks şəkildə getməlidir".

Hüquq müdafiəçisi habelə xatırladıb ki, Azərbaycanda siyasi məhbus məsələsi həm də Avropa Şurasının Parlament Assambleyasının gündəliyində olub: "Bununla bağlı 2019-cu ildə qətnamə qəbul olunub. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti həqiqətən də özünü demokratik, modern göstərmək, dünyanın müxtəlif qurumları ilə normal münasibətlərdə olmaq və ən nəhayət, ölkədə vətəndaş-dövlət münasibətlərində dialoqun yaranmasını istəyirsə, siyasi məhbusları azad etməlidir".

İ.Əliyev və C.Bayden
İ.Əliyev və C.Bayden

"Azərbaycan və ABŞ arasında dialoqa ehtiyac var"

Hüquq müdafiəçisi bildirib ki, ABŞ-da Demokrat Partiyasının namizədi Co Baydenin hakimiyyətə gəlməsinin Azərbaycanda siyasi məhbusların probleminin həll edilməsinə təkan verəcəyi barədə də danışmaq hələ ki, tezdir: "Bütün bu məsələlərlə bağlı Azərbaycan və ABŞ arasında insan hüquqları kontekstində dialoqun olmasına ehtiyac var. Nə dərəcədə bu dialoq başlayacaq, nə dərəcədə iki ölkə arasında bu məsələ müzakirə predmeti olacaq, hələlik, bu barədə bir söz demək çətindir. Amma ümumiyyətlə Baydenin bəyanatlarından belə başa düşürəm ki, ABŞ-da demokratlar hakimiyyətə gəldikdən sonra dünyada insan hüquqları məsələsinə prioritet kimi baxacaqlar".

Amma hüquq müdafiəçisi düşünür ki, bununla bağlı bir sıra addımlar Azərbaycan hakimiyyətinin siyasi iradəsindən asılıdır.

Bu günlər Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvləri isə bildiriblər ki, yaxın vaxtlarda onların iclasları bərpa ediləcək. Komissiyanın bir müddətdir ki,( ötən ildən bəri) iclasları keçirilmir.

XS
SM
MD
LG