Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:40

ABŞ yayın agentliyinin rəhbərliyi dəyişir


Maykl Pek
Maykl Pek

Kelu Çao “Amerikanın Səsi”nin proqram direktoru idi

“Amerikanın Səsi”nin aparıcı meneceri ABŞ beynəlxalq yayınına nəzarət edən agentliyin rəhbəri vəzifəsini icra edəcək. Ağ ev belə bir təyinatı açıqlayıb. Bu agentlik AzadAvropa/AzadlıqRadioları (RFE/RL) daxil olmaqla bir sıra media orqanlarının işinə nəzarət edir.

Kelu Çao “Amerikanın Səsi”nin proqram direktoru idi. ABŞ Qlobal Media Agentliyinin (USAGM) əvvəlki icraçı direktoru Maykl Pek yanvarın 20-də yeni administrasiyanın xahişilə istefa verdiyini bildirib.

USAGM-in mandatı xaricdə azadlıq və demokratiyanı dəstəkləmək məqsədilə qərəzsiz xəbər yaymaqdan ibarətdir.

Pekin vəzifədən getməsilə bağlı nə qurumun vebsaytında, nə də Twitter səhifəsində informasiya verilib.

Ancaq ilk olaraq “Washington Examiner” saytının paylaşdığı məktubda Pek Bayden administrasiyasının onun istefasıyla bağlı xahişini “siyasi, partiya hərəkəti” adlandırıb.

Vəzifədə 7 ay qaldı

Keçmiş prezident Donald Trampın vəzifəyə gətirdiyi, Senatın bir müddət yubatdıqdan sonra ötən iyunda təsdiqlədiyi Pek qalmaqallı qərarlar vermişdi. O, məktubunda yazır ki, “agentliyi yalnız öz missiyasına doğru yönləndirməyə”, “Amerika hekayətini dünya ilə obyektiv və qərəzsiz paylaşmasına kömək etməyə” çalışıb.

Çao VOA-da 20 ildən çox çalışıb. Reportyorluqdan Honq Konq bürosunun rəhbəri, Mandarin xidmətinin başçısı, Şərqi Asiya bölümünün direktoru vəzifələrinə qədər bir yol keçib. O, ötən il Pek və köməkçilərinin redaksiya siyasətinə müdaxiləsinə qarşı qaldırılmış məhkəmə işində ifadə də verib.

Pek vəzifədə cəmi yeddi ay qala bildi. Bu müddətdə o, ikipartiyalı ənənələri kənara qoyaraq yayın orqanlarında bir partiyanın təsiri möhkəmləndirməyə çalışmaqda ittiham olundu.

AzadAvropa/AzadlıqRadiosu-nun keçmiş rəhbərləri, aparıcı redaktorları, xidmət direktorları da bu haqda məktublar göndərmişdilər.

Bayden və onun Agentliyə Baxış Komandası Pekin hərəkətlərinin tam nəzərdən keçiriləcəyini deyir, onun işdən çıxarılacağına eyham vururdular.

Ancaq Bayden vəzifəyə keçən kimi Tramp administrasiyasının heyətlə bağlı, digər hərəkətlərinin nəticələrinin tezliklə aradan qaldırılacağı bəlli deyil.

Məhkəmə iddiaları

Mühafizəkar kinematoqraf olan Pekin rəhbərliyi dövründə bir neçə məhkəmə iddiası qaldırılıb – federal hakim onun “Amerikanın Səsi”nin jurnalistləri ilə rəftarıyla bağlı xəbərdarlıq edib, redaksiya qərarlarına müdaxilə ittihamları səslənib. Özü isə ABŞ-dakı şəbəkəyə xarici casusların yerləşdirilməsinin mümkün olduğunu deyib.

Pek bu yaxınlarda bir daha xəbər mövzusuna çevrildi. “Amerikanın Səsi”nin Ağ evdəki reportyoruna demişdi ki, Dövlət katibi Mayk Pompeoya sual verməyə “icazəsi olmayıb”. Jurnalistə izahat verilmədən iki dəfə vəzifəsi endirilib.

Bu həftə informatora istinadla yayılan xəbərlərdə Pekin işdən çıxarılması planlaşdırılan menecerlərlə bağlı araşdırma aparmaq üçün hüquq şirkətinə vergiödəyicilərinin pulundən 2 milyon dollar xərclədiyi iddia olunur.

Dekabrda Pek USAGM şəbəkələrinə bəzi təyinatlar edib. O, “Amerikanın Səsi”nin polyak xidmətinin keçmiş direktoru Ted Lipieni AzadAvropa/AzadlıqRadiosu-nun prezidenti təyin edib. O, yanvarın 19-da agentliyin tabeliyində olan media orqanları üçün yeni direktorlar şurası müəyyənləşdirib.

XS
SM
MD
LG