Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:38

'Ən geci 6 aya vaksinasiyanı bitirməliyik'


Səhiyyə naziri O.Şirəliyev peyvənd olunur.
Səhiyyə naziri O.Şirəliyev peyvənd olunur.

Bu gün, yanvarın 18-də Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinə start verilib. Bakı Sağlamlıq Mərkəzində Səhiyyə naziri Oqtay Şirəliyev, onun iki müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı peyvənd olunublar.

TƏBİB-dən verilən məlumata görə, "Azərbaycan Respublikasının COVID-19 əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası"na əsasən, ilkin mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət vaksinasiya olunacaq. Fevralın 1-dən başlayacaq ikinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda olanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslərə, təhsil, sosial sektor, ASAN Xidmət, DOST mərkəzlərində və ictimai xidmətdə çalışanlara üstünlük tanınmalıdır...

Nazirlər Kabineti yanında Operativ Qərargahdan da bildirilib ki, ölkədə Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronaVac" vaksinindən istifadə ediləcək və Azərbaycana maksimum əhalinin 40 faizinə (4 milyon) çatacaq vaksin gətirilməsi gözlənir.

"Peyvəndlər doğru saxlanılmalıdır"

Səhiyyə Nazirliyindən "Turan" agentliyinə verilən məlumata görə, poliklinikalarda vaksinasiya üçün xüsusi otaqlar ayrılıb və bütün hazırlıq işlər görülüb: "Peyvəndlər doğru saxlanılmalıdır. Bunun üçün vaksinasiya həyata keçiriləcək bütün tibb məntəqələri soyuducular və termoçantalarla təmin edilib".

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

"Vətəndaş 30 dəqiqə ərzində müşahidə otağında izlənməyə alınır"

Nazirlikdən həmçinin bildiriblər ki, vaksinasiya ilə bağlı poliklinikaya müraciət edən vətəndaşlar üçün bütün şərait və rahatlıq düşünülüb: "Vətəndaş poliklinikaya daxil olduğu zaman xüsusi işarələr onu birbaşa peyvənd olunacaq sahəyə yönləndirir. Proses xüsusi ayrılmış peyvənd otaqlarında həkim nəzarəti altında həyata keçiriləcək. Bu otaqlar qeydiyyat otağı, vaksinasiya otağı və müşahidə otağı olaraq bölünüb. Peyvənd olunduqdan sonra yarana biləcək hər hansı bir əks-təsirlə əlaqəli olaraq vətəndaş 30 dəqiqə ərzində müşahidə otağında izlənməyə alınır. Bu müddət ərzində heç bir əlamət üzə çıxmazsa, vətəndaş evə buraxılır".

Səhiyyə Nazirliyindən əlavə ediblər ki, prosesi təlim kursu keçmiş tibb işçiləri həyata keçirəcəklər: "Vaksinasiyadan öncə müvafiq olaraq sahə həkiminin yoxlanışından keçmək mütləqdir. Peyvənd ediləcək poliklinikalarda tibb işçiləri seçilərək xüsusi kurslara cəlb olunub. Burada əsas məqsəd tələb olunan əhaliyə uyğun sayda tibb personalının olmasıdır".

"2 milyon insanı peyvənd etmək üçün vaksin alınıb"

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə bildirilib ki, vaksinlər Azərbaycana mərhələli şəkildə gətiriləcək: "Artıq Çindən 2 milyon insanı peyvənd etmək üçün vaksin alınıb".

Qurumun məlumatına görə, bundan başqa, COVAX platforması ilə əməkdaşlıq çərçivəsində daha 2 milyon vaksinin alınması nəzərdə tutulub. COVAX platformasını Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra qurumlar yaradıblar. Onun əsas məqsədi COVID-19 ilə mübarizədə vaksin istehsalını sürətləndirmək və bütün ölkələr üçün ədalətli, bərabər əlçatanlıq imkanı yaratmaqdır. "Eyni zamanda, bizim GAVI (Global Alliance for Vaccines) təşkilatı ilə imzalanmış sazişimiz var və GAVI-dən də bəlli bir miqdarda, əhalinin 10 faizini peyvəndləyə biləcəyimiz qədər vaksinlərin gətirilməsi gözlənilir. GAVI təşkilatı tərəfindən bizə hansı peyvəndlərin veriləcəyi barədə məlumat hələ ki, yoxdur", - TƏBİB-dən vurğulanıb.

Agentlikdən habelə deyiblər ki, amma GAVI təşkilatına Azərbaycanın istəyi çatdırılıb: "Bütün peyvəndləri biz düşünürük, amma əlçatanlıq və müddət məsələsi var. GAVI-dən biz aprel ayında peyvəndi gözləyirik".

"CoronaVac" vaksininin tərkibində öldürülmüş virusdur.
"CoronaVac" vaksininin tərkibində öldürülmüş virusdur.

"Öldürülmüş viruslar vaksinasiyada daha təhlükəsizdir"

"Azərbaycan Həkimləri" İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev isə "Turan" Agentliyinə bildirib ki, Çinin "CoronaVac" vaksini sınaqlardan keçmiş keyfiyyətli vaksindir: "Onun tərkibində öldürülmüş virusdur. Öldürülmüş viruslar vaksinasiyada daha təhlükəsizdir".

Ekspert də qeyd edib ki, ölkəyə 4 milyon peyvənd gətirilib: "Bu o deməkdir ki, həmin peyvəndlər 2 milyon insana hesablanıb. Çünki bir nəfərə iki doza vaksin vurulacaq. Bu sayda peyvənd azdır".

"Məntəqələrin sayı artırılmalıdır"

A.Əliyevə görə, vaksinasiya üçün nəzərdə tutulmuş tibb məntəqələrin sayı artırılmalıdır: "İşin təşkil edilməsində müəyyən qüsurlar var. Mən baxdım, Bakı şəhəri üzrə bəzi məntəqələrdə, bəzi poliklinikalarda məntəqələr təşkil olunub. Amma düşünürəm ki, bu azdır. Misal üçün, Bakıda elə rayon var ki, heç orda məntəqə yoxdur və vətəndaş durub o rayondan başqasına getməlidir ki, peyvənd olunsun. Təbii ki, bu çatışmazlıqdır, işi daha yaxşı təşkil etmək lazımdır. Daha çox məntəqələrdə bu işi icra etmək lazımdır ki, növbələr yaranmasın və insanlar rahat şəkildə vaksinasiyadan keçə bilsinlər. Avropanın bəzi ölkələrində vaksinasiya prosesi hətta apteklərdə təşkil edilib".

Ekspert vurğulayıb ki, vaksinasiya yavaş-yavaş aparılsa, nəticə olmaya bilər: "Çünki ilk vaksin olunan insanların immuniteti təqribən 4-5 aydan sonra zəifləmiş olur. 5 aya biz bu prosesi bitirməsək, peyvənd olunmayan və digərlərini yoluxdura biləcək insanlar həmin peyvənd olunmuş insanları yoluxduracaq. Ən geci 6 aya biz vaksinasiya prosesini bitirməliyik".

Mövzu ilə bağlı AzadlıqRadiosuna danışan bəzi ekspertlər isə Azərbaycanın daha qabaqcıl ölkələrdə istehsal edilən vaksinlərə üstünlük verməli olduğunu düşünürdülər. Amma onlar hesab edirlər ki, artıq "qatar yola düşüb".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə 227 min 273 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 9 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG