Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 08:20

İlham Əliyev 39 il sonra Şuşada


İ.Əliyev: "Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm"
İ.Əliyev: "Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm"

Prezident: 'İndi baş plan hazırlanır'

"Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq".

AZƏRTAC-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Azərbaycanın Şuşa şəhərində hərbi qulluqçular qarşısında deyib.

O vurğulayıb ki, "bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm".

Prezident şəhərin dağıdıldığını söyləyərək əlavə edib ki, o, bərpa olunacaq: "Mənim göstərişimlə böyük bir qrup ezam edildi, bütün təhlil aparıldı. Dünən (yanvarın 13-də) mənə ilk dəfə olaraq məruzə edildi, artıq müvafiq göstərişlər verilibdir. Yaxın zamanlarda biz Şuşanın bərpasını planlı şəkildə təmin edəcəyik. Əlbəttə ki, bundan sonra biz Şuşanı göz bəbəyi kimi qorumalıyıq".

Prezident İ.Əliyev Şuşada hərbçilər qarşısında çıxış edir.
Prezident İ.Əliyev Şuşada hərbçilər qarşısında çıxış edir.

Prezident İ.Əliyev Şuşada başqa bir çıxışında da deyib ki, gələrkən 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini gətirib: "Bu yerdə Şuşa Mədəniyyət Mərkəzi, Mədəniyyət Evi yerləşirdi və Üzeyir bəyin, Bülbülün büstləri məhz bu yerdə qoyulmuşdu...".

"Unutmasınlar..."

Prezident şəhərdəki çıxışlarında bölgədəki hazırkı vəziyyəti də dəyərləndirib. Onun deməsinə görə, Dağlıq Qarabağda özünü "siyasətçi" adlandıran bəziləri yenə də baş qaldırmağa çalışırlar: "Unutmasınlar, bizim səbrimizlə oynamasınlar, 44 günlük müharibə onların yadından çıxmasın...".

Üzeyir Hacıbəyli, Xurşudbanu Natəvan və Bülbülün heykəlləri Şuşa şəhərinə qaytarılıb.
Üzeyir Hacıbəyli, Xurşudbanu Natəvan və Bülbülün heykəlləri Şuşa şəhərinə qaytarılıb.

""Xarı bülbül" festivalı bu il keçiriləcək"

İ.Əliyev mədəni tədbirlərdən də bəhs edib: "Vaqif Poeziya Günləri bərpa ediləcək. Mən artıq göstəriş vermişəm, bu il keçiriləcək. "Xarı bülbül" festivalı bu il keçiriləcək. Biz artıq Şuşanın bərpasını başlayırıq. İndi baş plan hazırlanır. Bütün binaların təftişi aparılıbdır. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcəkdir…".

+++

Prezident İlham Əliyev yanvarın 14-də Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.

Bu barədə AZƏRTAC xəbər yayıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun və hava limanının təməli atılıb.

İ.Əliyev ailə üzvləri birlikdə Şuşada. 14 yanvar 2021
İ.Əliyev ailə üzvləri birlikdə Şuşada. 14 yanvar 2021

Prezident İ.Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən "mədəniyyət paytaxtı" - Şuşa şəhərində də olublar.

+++

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yanvarın 14-də Azərbaycanın Şuşa şəhərinə səfər ediblər.

Bu barədə Birinci vitse-prezident M.Əliyeva sosial şəbəkədə paylaşım edib.

"Səhər tezdən yola çıxmışıq, istiqamət Şuşa şəhəridir", - deyə Prezident İ.Əliyev paylaşımdakı videoda bildirib.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona nəzarəti ələ alıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG