Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:42

İmpiçmentdən sonra nə olacaq


Kapitoli, 13 yanvar, 2021-ci il
Kapitoli, 13 yanvar, 2021-ci il

Senatda çoxluğun lideri Miç Makkonnel deyib ki, Senat gələn çərşənbə axşamından tez prosesə başlamayacaq

ABŞ Prezidenti Donald Tramp vəzifə müddətini bitirməyinə bir neçə gün qalmış Nümayəndələr Palatası tərəfindən impiç olundu və iki dəfə impiçmentlə üzləşən ölkə başçısı kimi ölkə tarixinə düşdü.

Senatda çoxluğun lideri Miç Makkonnel deyib ki, Senat gələn çərşənbə axşamından tez prosesə başlamayacaq. Ertəsi gün – yanvarın 20-də isə Demokrat Co Bayden prezident andı içməlidir. “The Associated Press” yazır ki, Senatda mühakimənin necə qurulacağı, respublikaçıların Trampı təqsirli bilib-bilməyəcəyi bəlli deyil.


Makkonel neyləyəcək

Ancaq Senatda məhkəmə Tramp vəzifədən gedənəcən qurulmasa belə, agentliyin yazmasına görə, onun yenidən prezidentliyə namizəd olmasını əngəlləyə bilər.

İndi gözlər Makkonnelə dikilib. O, Trampın impiç olunası pozuntuya yol verdiyinə inanır, demokratların addımına bölücü, xaotik prezidentin respublikaçı Partiyası ilə bağını azaltmaq imkanı kimi baxır. Onun həyat yoldaşı Eleyn Xao Kapitoliyə basqından dərhal sonra Nəqliyyat naziri postundan istefa verib.

Agentlik yazır ki, Makkonel Trampın təqsirli bilinməsinə səs verərsə, digər respublikaçılar da belə edəcək. Ancaq indiyədək respublikaçı senatorlar necə səs verərəklərini açıqlamayıblar. Trampın Senatda da impiç olunması üçün üçdə iki səs çoxluğu lazımdır.

Bəzi respublikaçılar prezidentin istefa verməli olduğunu deyib, digərləri isə impiçmenti bölücü adlandırıb.

Nümayəndələr Palatasında 10 respublikaçı da Demokratlara qoşularaq prezidenti impiçment etməyə səs verib.

Prezident Senatda təqsirli bilinərsə, konqresmenlər ayrıca səsvermə ilə onu gələcəkdə bu vəzifəni tutmaqdan məhrum eləyə bilərlər.

14-cü düzəliş və onun 3-cü bəndi

“Reuters” hüquq ekspertlərinə istinadla yazır ki, Trampın gələcəkdə prezidentliyə yararsızlığı Konstitusiyaya 14-cü düzəlişin tətbiqilə gerçəkləşə bilər.

İndiyədək ABŞ tarixində üç federal hakim impiçmentlə vəzifə tutmaqdan məhrum edilib. 2010-cu ildə Senatda Luizianadan korrupsiyada təqsirli bilinmiş bir hakimi vəzifədən kənarlaşdırıb və gələcəkdə də bu posta gəlməsini yasaqlayıb.

Miçiqan Universitetində hüquq professoru Brayan Kaltın sözlərinə görə, diskvalifikasiya maddəsinin prezidentliyə aid olub-olmaması mübahisəlidir.

Tarixi sənədləri təhlil edən bəzi ekspertlər maddə müəlliflərinin onu prezidentliyə aid etmədiyini, digərləri isə əksini düşünürlər.

Kolorado Universitetində konstitusiya hüququ üzrə professor Pol Kampos düşünür ki, Tramp Senatda təqsirli bilinməsə belə, onun diskvalifikasiyası üzrə səsvermə keçirilə bilər.

Ancaq 14-cü düzəlişin 3-cü bəndi alternativ də təklif edir. Bənddə deyilir ki, Birləşmiş Ştatlar əleyhinə “qiyam, yaxud üsyanda” əli olanlar vəzifə tuta bilməzlər.

1919-cu ildə Konqres 14-cü düzəlişi işə salaraq Viktor Berqerin Nümayəndələr Palatasına üzv olmasını önləyib. Çünki o, fəal şəkildə ABŞ-ın 1-ci Dünya Müharibəsində müdaxiləsinə qarşı çıxırdı.

XS
SM
MD
LG