Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:20

Rusiyalı həmsədr status barədə suala cavab verib


İqor Popov
İqor Popov

ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov medianın suallarını cavablandırarkən Ermənistanın baş naziri Nikol Paşinyanın “44 günlük müharibənin kökləri” adlı məqaləsində Dağlıq Qarabağın statusu məsələsi ilə bağlı qeydlərinə aydınlıq gətirib.

Sual və cavab yanvarın 13-də Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Paşinyanın məqaləsində bildirilirdi ki, Rusiyanın münaqişənin tənzimlənməsinə dair təkliflərində Dağlıq Qarabağın statusu məsələsinə toxunulmurdu və söhbət yalnız 7 rayonun Azərbaycana qaytarılmasından gedirdi.

Bu barədə suala cavab verən Popov deyib:

“Rusiya təklifləri deyiləndə, burada yəqin ki, münaqişənin mərhələli tənzimlənməsi planı nəzərdə tutulur. Bu təklifin son redaksiyasını tərəflərə ATƏT-in Minsk Qrupu həmsədrləri 2019-cu ilin iyununda təqdim ediblər. Əksərən Kazan sənədi ilə üst-üstə düşən bu planın əsasını Dağlıq Qarabağ tənzimlənməsinin baza prinsipləri təşkil edir”.

İqor Popov xatırladıb ki, bu sənədlərdə birinci mərhələdə Azərbaycana 5 rayonun qaytarılması, ikinci mərhələdə isə “Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə əlaqəli şəkildə daha 2 rayonun qaytarılması” nəzərdə tutulurdu.

Rusiya 7 rayonu “elə-belə” qaytarmağı təklif etməyib

Rusiyalı həmsədr bildirib ki, birinci mərhələnin “Yerevanın maraqlarını əks etdirən” elementləri arasında “Dağlıq Qarabağa onun əhalisinin tam həyat fəaliyyətinin təşkil edilməsi hüququnun verilməsi, Dağlıq Qarabağ nümayəndələrinin ATƏT-in iclaslarında iştirakı, blokadanın qaldırılması, sərhədlərin açılması, tərəflərin güc tətbiq etməmək barədə öhdəlik götürməsi və sair” vardı:

“Buna görə də Risiyanın yeddi rayonu “elə belə” verməyi, status barədə unutmağı və bununla da arxayınlaşmağı təklif etməsi barədə iddialar həqiqətə uyğun deyil”.

Daha sonra Popov son illərdə Dağlıq Qarabağın yekun statusu ilə bağlı masa üstündə olan variantlarından sitat gətirib:

“Dağlıq Qarabağın hüquqi statusu tərəflərin razılaşdırdığı müddətdə, BMT və ya ATƏT-in egidası altında Dağlıq Qarabağ əhalisinin azad iradəsini ifadə edən ümumxalq səsverməsi ilə müəyyənləşdirilir və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq məcburi xarakter daşıyır. Həm də bu halda səsverməyə çıxarılacaq sual və suallara heç bir məhdudiyyət qoyulmur və tərəflər istənilən nəticəni tanıyır”.

Popov əlavə edib ki, “Laçın dəhlizinin eni və statusuna yalnız ikinci mərhələdə, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərə alınmaqla baxmalı idi”.

Rusiyalı həmsədr sonda bildirir ki, bu təklifləri tam razılıq əldə olunmasa da, ən əsası danışıqlar müntəzəm qaydada davam etsə də, nə Erməni, nə də Azərbaycan tərəfi 2018-ci ilə qədər rədd etməmişdi.

Popov deyib ki, 2018-ci ildə Yerevan yeni yanaşmalar irəli sürüb.

İlham Əliyev yanvarın 11-də Moskvada Rusiya-Azərbayn-Ermənsitan arasında üçtərəfli bəyantın qəbul edilməsindən sonra etdiyi çıxışında Rusiya prezidenti “Vladimir Putinə istinadən Dağlıq Qarabağ münaqişəsinin tarixə çevrildiyini” deyib.

O bundan əvvəlki çıxışlarında müharibədən sonrakı dövrdə Bakı üçün Qarabağın statusu məsələsinin olmadığını vurğulamışdı.

Ermənistanlı ekspert: Azərbaycanla nəqliyyat əlaqəsinin bərpası çox faydalı olacaq
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG