Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:28

Azərbaycanda distant təhsilin müddəti yenə uzadıldı


Onlayn təhsil, arxiv foto
Onlayn təhsil, arxiv foto

Nazirlər Kabineti bununla bağlı yeni qərar qəbul edib.

Qərara əsasən, Azərbaycandakı təhsil müəssisələrində distant təhsilin müddəti 2020-ci il dekabrın 30-dan 2021-ci il yanvarın 31-dək uzadılıb.

Bundan əvvəl isə Azərbaycanda distant təhsil müddəti ilin sonuna kimi uzadılmışdı. Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə "Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarına dəyişiklik etmişdi.Qərarın qüvvədə olma müddəti dekabrın 1-dən dekabrın 30-dək uzadılmışdı.

Həmin qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Bu il dərs ili başlayanda (sentyabrın 15-də) yalnız ibtidai siniflər, həftədə bir neçə gün olmaqla məktəbə gediblər.Oktyabrın 1-dən IV-IX, 15-dən isə X-XI siniflər məktəbə getməyə başlamışdılar. Sonradan yenidən koronavirusa yoluxma artdığından distant təhsilə keçildi.

Azərbaycanda martın 24-dən karantin rejimi hökm sürür. Bu rejim 2021-ci il yanvarın 18-nə kimi uzadılıb.

Azərbaycanda ötən tədris ilində də eyni səbəbdən, martın 3-dən distant təhsilə keçilmiş və bu tədris ilinin sonuna kimi belə davam etmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.7 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 211764 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2416 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG