Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:31

Prezident: 'Dağlıq Qarabağ münaqişəsi artıq tarixdir'


Prezident İ.Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfransında. 18 dekabr 2020
Prezident İ.Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfransında. 18 dekabr 2020

"İndi Dağlıq Qarabağ münaqişəsi haqqında yalnız keçmiş zamanda danışmaq olar. Qarabağda atəşkəs rejimi qorunub saxlanılır və getdikcə daha da möhkəm olacaq".

AZƏRTAC-ın xəbərinə görə, bu fikirləri prezident İlham Əliyev dekabrın 18-də MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib. İclas videoformat şəkilində keçirilib.

Bu məsələdə Rusiya prezidenti Vladimir Putinlə tam razı olduğunu qeyd edən dövlət başçısı vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi barədə keçmiş zamanda danışılmalıdır: "Bu, artıq tarixdir".

Rusiyanın Qarabağda sülhməramlı missiyasına toxunan prezident İ.Əliyev sonra da deyib: "Missiya Azərbaycanın müvafiq strukturları ilə daim əlaqədədir. Üçtərəfli Bəyanatın imzalanmasından ötən təxminən ayyarımda atəşkəsin pozulması ilə bağlı cəmi bir insident olub. İnsident bir gündə aradan qaldırılıb, atəşkəs rejimi qorunub saxlanılır, düşünürəm ki, gündən-günə daha da möhkəmlənəcək".

"Bizim şəhərləri... Paşinyanın ordusu məhv etməyib"

Azərbaycan prezidentinin sözlərinə görə, indi Ermənistanda çox gərgin vəziyyət yaranıb: "Ermənistanın baş nazirinin bizim iclasda iştirak etmədiyini nəzərə alaraq daha heç nəyi şərh etməyəcəyəm. Mən yalnız quru faktları, orada baş verənlərin çox cüzi faizini dedim...".

Azərbaycanın qələbəsindən, Ermənistan ordusunun vəziyyətindən danışan prezident sonra da qeyd edib ki, "bu, 20 il ərzində Koçaryanın və Sarkisyanın yaratdığı ordudur". Onun sözlərinə görə, Azərbaycanın şəhərlərini– Ağdamı, Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və başqalarını Paşinyanın ordusu məhv etməyib, o belə göstərişlər verməyib: "Əvvələn, orada artıq dağıdılası bir şey qalmamışdı. Bütün bunlar Koçaryan və Sarkisyanın – MDB üzrə bizim belə adlandırılan keçmiş həmkarlarımızın, 20 il ərzində bizim iclaslarda iştirak edən insanların, uzun illər boyu mənimlə danışıqlar aparan adamların rejimi tərəfindən edilmişdi...".

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurası ildə iki dəfə görüş keçirir. Hər-hansı bir dövlətin təşəbbüsü ilə növbədənkənar iclaslar çağırıla bilər. Orda, əsasən, Birlik daxilində əməkdaşlıq məsələləri müzakirə edilir. MDB orqanlarına sədrliyi 1999-cu ildən etibarən hər üzv dövlət növbə ilə həyata keçirir. (maksimum 1 il müddətinə).

MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Keçmiş SSRİ respublikalarından yalnız Gürcüstan və Baltikyanı respublikalar orada təmsil olunmurlar.

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG