Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:15

Onlarla erməni hərbçinin əsir götürüldüyü bildirilir


Erməni hərbçilər. Foto arxiv
Erməni hərbçilər. Foto arxiv

"Qarabağdakı hakimiyyət təhlükəsizlik baxımından mövcud əngəlləri neytrallaşdırmağa, qeyri-müəyyənlikləri aydınlaşdırmağa çalışır"

Qarabağ separatçılarının “müdafiə ordusu”nun onlarla hərbçisi Xocavənd rayonundakı Çaylaqqala kəndi istiqamətində əsir düşüb. AzadlıqRadiosu-nun Ermənistan xidməti Qarabağın “lideri” Araik Arutyunyanın bunu təsdiqlədiyini xəbər verir.

“Bir tərəfdən bizim Azərbaycan tərəflə təmas xəttimiz var və müharibəyə görə iki dəfə yarım artıb. Bəzi yerlərdə xətt bizim yaşayış məntəqələrindən keçir və Ermənistanla əlaqə çox məhduddur. Digər tərəfdən, insan və texniki vəsaitlər məhduddur, yeni cəbhə xəttinin möhkəmləndirilməsi baxımından vaxtımız məhduddur. Üçüncüsü, bizə verilən təhlükəsizlik təminatı erməni xalqının və Ermənistan Respublikasının daimi dəstəyi, Rusiya Federasiyasının sülhməramlı kontingentinin mövcudluğuna əsaslanır”, – Arutyunyan bildirib.

“Müdafiə ordusu bütün erməniliyin dəstəyi ilə...”

Onun sözlərinə görə, hazırda Qarabağdakı hakimiyyət təhlükəsizlik baxımından mövcud əngəlləri neytrallaşdırmağa, qeyri-müəyyənlikləri aydınlaşdırmağa çalışır.

“Bütün obyektiv çətinliklərə baxmayaraq, bizə bir şey aydındır: Müdafiə ordusu bütün erməniliyin dəstəyi ilə Artsax (ermənilər Qarabağa belə deyirlər) xalqının fiziki təhlükəsizliyinin təminatından ötrü öz funksiyası və cəhdlərini davam etdirəcək, Rusiya Federasiyasının sülhməramlı kontingentinin qarantiyası bunu tamamlayır”, – Arutyunyan deyib.

O, Azərbaycan tərəfi Çaylaqqala və Böyük Qaladərəsi kəndləri istiqamətində təxribat hərəkətlərində ittiham edib: “Müdafiə ordusu və Rusiya sülhməramlıları Azərbaycan hərbçilərinin müxtəlif provokasiyalarının qarşısını alıb, onlar dünən axşam Şuşa rayonunun Xin Şen (Kirov) kəndinin ətrafından uzaqlaşdırılıb”, – deyən Arutyunyan Böyük Qaladərəsi istiqamətində ziyan görən olmadığını, qarşı tərəfə heç bir yaşayış məntəqəsinə girməyə imkan verilmədiyini bildirib.

Azatutyun-un bundan öncə yaydığı məlumatda deyilirdi ki, Ermənistanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ separatçılarının “müdafiə ordusuna” sorğu göndərib. Nazirlik “erməni hərbçilərin əsir götürülməsinı əks etdirən videoların” Azərbaycan mediasında necə yayıldığına aydınlıq gətirilməsini istəyir.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb. Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG