Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:16

Erməni tərəfi ‘Azərbaycanın hücumundan’ danışır


Laçın şəhərində rus sülhməramlısı, 1 dekabr, 2020-ci il
Laçın şəhərində rus sülhməramlısı, 1 dekabr, 2020-ci il

Ermənistanda üçgünlük matəm elan olunacaq

AzadlıqRadiosunun Erməni xidməti xəbər verir ki, Hadrut rayonunda “Azərbaycanın Erməni tərəfində qalan Xtsaberd və Hin Tağlar kəndləri istiqamətində hücumu nəticəsində yaralanan və əsir götürülənlər var”.

Bu məlumatı bu kəndlərin “icra nümayəndələri” verib.

Onlar bildiriblər ki, dekabrın 12-də baş vermiş döyüş nəticəsində 8 nəfər yaralanıb və 10 nəfər əsir götürülüb.

Erməni tərəfi xəbər verir ki, hazırda bu kəndlərdə Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə danışıqlardadır.

Xtsaberd kəndininin icra nümayəndəsi deyib ki, Azərbaycan əsgərləri kənddən çıxsalar da, yaxınlıqdakı mövqeləri tərk etməyiblər.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, “Azərbaycan xüsusi təyinatlılarının Hadrut rayonundakı iki erməni kəndinə hücumu təxribatdır”.

“Onlar göstərmək istəyirlər ki, sülhməramlılar təxribatların qarşısını almaqda acizdirlər”.

Paşinyan deyib ki, “Xtsaberd və Hin Tağlar kəndləriinin taleyi Rusiyanın sülhməramlı missiyası üçün sınaqdır”.

"Bizim 30 minlik ordumuz hanı?"

Paşinyanın sözlərinə görə “azərbaycanlılar bu iki kənddə Rusiya sülhməramlıların olmamasından fürsətləniblər”.

Azatutyun yazır ki, müharibə vaxtı Hin Tağlar və Xtsaberdin sakinləri bu kəndləri tərk etmişdilər.

Bu da bildirilir ki, Hin Tağların “icra başçısı” hazırda Ermənistandadır. O deyib ki, bura səhhətindəki problemlərlə bağlı gəlib.

O sual edib ki, ötən şənbə Azərbaycan xüsusi təyinatlıları kəndə daxil olanda “nizami qoşun” harada idi:

“Bizim ordumuz hanı? Guya həyatlarını xilas etmək üçün Qarabağı verdiyimiz o 30 min hardadır? Bu 30 mindən 50-100 adam tapılmayıb ki, bizim uşaqların yerini tutsun”.

***

Dekabrın 19-da 2-ci Dağlıq Qarabağ müharibəsinin bitməsindən 40 gün keçir. Həmin tarixdən Ermənistanda üçgünlük matəm elan olunacaq.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində birbaşa efirdə bildirib.

Onun sözlərinə görə, dekabrın 19-da Yerevandakı Respublika meydanından “Yerablur” hərbi məbədinə qədər yürüş və digər matəm tədbirləri keçiriləcək.

“Erməni qüvvələrin nəzarətində də qalmalıdır”

“Ola bilsin, həmin günədək itkinlərin heç də hamısının meyiti tapılmayacaq, hələ xeyli tanınmamış cəsədlərimiz qalacaq, ancaq düşünürəm ki, belə bir hökumət qərarını bundan artıq təxirə salmaq olmaz”, – Paşinyan vurğulayıb.

Dağlıq Qarabağdakı vəziyyətə toxunan Paşinyan Rusiya sülhməramlılarının Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində yerləşdiyini, bu ərazinin ermənilərin nəzarətində qalmasını təmin etməli olduqlarını deyib.

“Rusiya sülhməramlıları 9 noyabrda imzalanmış üçtərəfli bəyanata uyğun olaraq ərzinin müvafiq statusunu təmin etməlidirlər. Noyabrın 9-na olan vəziyyətə görə, bu ərazi Ermənistan qüvvələrinin nəzarətində idi və erməni qüvvələrin nəzarətində də qalmalıdır”, – Baş nazir vurğulayıb.

Paşinyan Azərbaycan tərəfin hərəkətlərini “provokativ” adlandırıb. Onun sözlərinə görə, məqsəd Rusiya sülhməramlılarının Dağlıq Qarabağda mövcudluğunu dəyərdən salmaqdır. “Göstərmək istəyirlər ki, sühməramlılar onların provokasiyasını dayandırmaq gücündə deyil”, – Paşinyan deyib.

Hökumətyönlü media Rusiyanı tənqid edir

Rusiya Müdafiə Nazirliyinin dekabrın 13-də dərc etdiyi xəritədə Çaylaqqala, Köhnə Tağlar və o kəndlərə aparan yollar Qarabağdakı sülhməramlıların nəzarət etdiyi ərazilərin xəritəsində göstərilib. Bu isə ölkə ictimaiyyətində narazılıq doğurub. Hökumətyönlü media bu addımı pisləyən, eyni mətndən ibarət məqalə paylaşıb. Yazıda deyilir ki, “sülhməramlı missiyanın vəzifə və funksiyaları beynəlxalq qanunvericiliklə və birgə üçtərəfli bəyanatla tənzimlənir. Rusiya sülhməramlıları fəaliyyətini öz öhdəliklərinə uyğun qurmalıdırlar”.

“Rusiya tərəfi yaxşı bilir ki, bu ölkənin sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb və çoxsaylı suallara, cəmiyyətin müəyyən qruplarının narazılığına səbəb olub. Baş verən yeni hallar isə Azərbaycan ictimaiyyətində Rusiya sülhməramlılarına olan müəyyən etimad limitini əsaslı şəkildə sarsıdır”, – yazıda daha sonra deyilir.

Azərbaycanın Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidməti dekabrın 13-də birgə məlumat yayaraq Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsindəki meşəliklərdə “bəzi erməni hərbi birləşmələrinin qaldığını, onların Azərbaycan hərbçilərinə və ərazidə işləyən mülki şəxsələrə qarşı terror-təxribat əməlləri törədildiyini” bildirib. Həmin məlumatda Xocavənd rayonu Sur kəndinin adı çəkilirdi. Azərbaycanlı hərbçilərə ermənilərin qəfil hücumu nəticəsində 3 hərbi qulluqçunun öldürüldüyü, 2 nəfərin yaralandığı bildirilir.

Azərbaycan 44 günlük müharibə nəticəsində bir neçə rayonunu, Şuşanı, Hadrut qəsəbəsini işğaldan azad edib. 9 noyabr bəyanatına görə, tərəflər tutduqları mövqelərdə qalıb, təmas xəttinə 2 minədək Rusiya sülhməramlısı yerləşdirilib.

XS
SM
MD
LG