Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:28

Qərb eksperti: Azərbaycanın qələbəsi Bakı və Moskvanın ‘enerji cığırlarını’ birləşdirəcək


OilPrice.com saytının təhlilçisi, jurnalist Çarlz Kennedi yazır ki, indi mürəkkəbliyinə görə Yaxın Şərqdən heç də geri qalmayan Cənubi Qafqazda son hərbi və siyasi hadisələr 2020-ci ildən sonrakı dövr üçün regiona enerji ilə bağlı dəyişikliklər gətirəcək.

Onun fikrincə, söhbət ilk növbədə Rusiya-Azərbaycan arasında daha da sıxlaşacaq əlaqələrdən gedir.

Kennedi xatırladır ki, Azərbaycan bir vaxtlar özünün neft layihələrinə mümkün qədər çox Qərb enerji nəhənglərini cəlb etməyə çalışıb və Bakı ilə Moskva arasında enerji münasibətləri həmişə “problemli” olub.

Onun fikrincə, Rusiya özünü daim Azərbaycan sahilinə “sırımaq” istəsə də, sonunda Lukoil şirkətinə Azəri-Çıraq-Günəşli layihəsində pay almaqla kifayətlənib.

Məqalədə deyilir ki, bu məsələdə bəlkə də Lukoil başçısının etnik azərbaycanlı olması xüsusi rol oynayıb.

Amma indi, ortalıqda TAP və TANAP kimi layihələrin olmasına baxmayaraq Qarabağ müharibəsi bütün bunları dəyişib.

BP – sonuncu mogikan

Jurnalist yazır ki, Azərbaycanın Türkiyənin dəstəyi ilə qazandığı qələbə indi yalnız beynəlxalq tanınma ilə yekunlaşmalıdır.

Mokva-Bakı-Yerevan üçtərəfli bəyanatı Qərb gücləri tərəfindən dəstəklənib. Bu, həmin tanınma prosesinə təkan verəcək.

Məqalədə deyilir ki, bütün bunlar ABŞ-ın enerji nəhənglərinin Azərbaycanı tərk etməsi ilə eyni vaxta təsadüf edib.

Chevron artıq gedib, ExxonMobil isə payını satmaq üçün sərfəli müştəri axtarır.

Bu iki şirkət gedəndən sonra BP şirkəti AÇG yatağının və Bakı-Ceyhan kəmərinin idarə olunmasında qalan yeganə Qərb nəhəngi olacaq:

“Rusiya şirkətləri, xüsusilə də Rusiya Xəzərində hegemonluq edən Lukoil sevinc həyəcanı keçirir”.

Dərin və xərcli yataqlar

Kennedi yazır ki, son vaxtlarda baş vermis bir-iki hadisə indiyədək birbaşa rəqib olmuş Azərbaycan və Rusiyanın enerji çığırlarının birləşəcəyini göstərir:

2019-cu ilin əvvəllərində Lukoil elan etmişdi ki, Abşeron dəniz yatağında 20 faiz pay almaq niyyətindədir. Bu yatağa bir vaxtlar Şahdəniz yatağının potensial xələfi kimi baxılırdı. Abşeron yatağı əvvəlcə SOCAR-la birlikdə Fransanın Total (40 faiz) və ENGIE (20 faiz) şirkətləri tərəfindən inkişaf etdirilirdi.

Kennedi yazır ki, ENGIE elə ilk qazma işlərinin nəticələri bəlli olan kimi geri çəkildi. Buna səbəb Abşeron yatağının hədəflənən laylarının 6 min dərinlikdə olması və burada suyun dərinliyinin 500 metrə çatması idi.

Ekspertin fikrincə, burada dayaz Şahdəniz yataqlarından fərqli olaraq daha təkmil yanaşma lazım idi. O yazır ki, Abşeronun ehtiyatlarının ilkin olaraq 350 milyard kubmetr qiymətləndirilməsinə baxmayaraq birinci faza ildə 1.5 milyard qaz çıxarılmasına imkan verən platoya keçirilib.

Məqalədə deyilir ki, bu yatağın birinci fazasından əldə olunan qaz tamamilə yerli bazara çıxarılacaq və yalnız ikinci fazada qaz kəməri ilə ixrac ehtiyacı yaranacaq.

Lukoil-u mənfəətləndirən müharibə?

Kennedi düşünür ki, növbəti mərhələdə Lukoil və SOCAR layihəni sıfırdan başlayacaqlar.

Bu ilin yanvarında iki şirkət iki blokun inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu imzalayıb.

Bunlardan biri Abşeron yarımadasının şimalında yerləşən dayaz Qoşadaş və Quba-Xəzəryanı yataqlarına, digəri isə Naxçıvan yatağına aiddir.

Qoşadaş və Naxçıvan hələ 1960-cı illərdə kəşf olunsa da, SOCAR-ın beynəlxalq partnyorları Petronas və ExxonMobil bu yataqları perspektivli kimi qiymətləndiriblər.

Ekspert yazır ki, Naxçıvan daha çox diqqəti cəlb edir, çünki burada aparılan qazmalar neftin mövcudluğunu göstərib. Amma bu yatağın inkişaf etdirilməsi texniki baxımdan mürəkkəb ola bilər.

Lukoil şirkətinin rəhbəri Vagit Ələkbərov
Lukoil şirkətinin rəhbəri Vagit Ələkbərov

Məqalədə deyilir ki, qarşıdan gələn aylarda Rusiyanın Azərbaycan sularına daha çox sirayət edəcəyi gözlənilir.

Lukoil Azərbaycanın ən ambisiyalı layihəsi olan Ümid/Babək yatağına da marağını bildirib. Amma 6 kilometr dərinliyi olan bu yatağın inkişaf etdirilməsi də nəhəng xərclər tələb edəcək.

Kennedy iddia edir ki, Rusiyanın Azərbaycan-Ermənistan münaqişəsində tərəf tutmaqa “həvəssizlik” göstərməsi, Rusiya sülhməramlılarının yeridilməsi ilə yanaşı, Azərbaycanın öz sərhədlərini bərpa etməsi son nəticədə Lukoil şirkətini mənfəətləndirə bilər.

Ekspert qeyd edir ki, hələlik Rusiyanın yan aldığı layihələr risklidir, amma bu risk bir vaxtlar olduğundan indi daha azdır.

XS
SM
MD
LG