Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

'Şəxsən mən - Adil İsmayılov gördüyümü deməliyəm'


A.İsmayılov
A.İsmayılov

Koronavirus pandemiyası Azərbaycanın tanınmış hüquq adamı vəkil Adil İsmayılovun həyatına son qoyub. Bu parlaq insanın vaxtilə AzadlıqRadiosunun "Can Bakı" proqramına verdiyi bir müsahibəni diqqətinizə yetiririk.

"Cəmiyyətə xeyir vermək istəyən, özündən başqasını düşünən və özündən başqasını düşünməyə borclu olan istənilən peşə sahibi ziyalı ola bilər". Bu sözləri AzadlıqRadiosunun "Can Bakı" proqramının "Kimə ziyalı deyək" mövzusunda açdığı müzakirədə tanınmış vəkil Adil İsmayılov söyləyib. Onun sözlərinə görə, bu məsələdə əsas şərt odur ki, həmin şəxs ictimai maraqları öz maraqlarından üstün tutsun.

Can Bakı - Adil İsmayılovu nələr yatmağa qoymur?..
Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

"İçimdə çoxlu suallar yaranır"

A.İsmayılov son vaxtlar akademik Rafiq Əliyevin adının hallandığı bir mübahisənin müəyyən suallar doğurduğunu bildirdi: "Rafiq Əliyev akademikdir. Ona cavab verənlər də həmçinin. Bir qrup Rafiq Əliyevi ziyalı sayır. O biri qrup da öz adamlarına ziyalı deyir. Bunların arasında fərq nədədir? Açığı, mən o iki qrupu da yaxşı tanımıram. Onların arasında müqayisə aparmaq da çətindir. O baxımdan fikirləşirdim ki, ziyalılıq nədir, onu kim müəyyən edir, hansı meyarlarla müəyyən edilir?".

"Umduqları ziyalılardır"

A.İsmayılov dünyanın hər yerində belə problemin yaşandığını iddia edib: "İnternetə girsən, görərsən ki, dünyanın hər yerində belə problem var. Cəmiyyətdə qeyri-stabillik, bir canlanma olan vaxtlarda bu məsələlər ortaya çıxır. Adamlar kimdənsə, nə isə umurlar. Umduqları ziyalılardır. İnsanlar ağıllı, müəyyən mövqeyi olan şəxslərin mövcud duruma münasibətini öyrənmək istəyirlər. "Ziyalı nə cür olmalıdır" sualı bax, o dönəmdən başlayır".

"Təhsili olmayan ziyalı olmaz"

Məşhur vəkilin fikrincə, yaşadığımız əsrdə təhsilsiz adamın ziyalı olması mümkün deyil: "Bir dəfə bu fikrimə etiraz edənlər də oldu. Dedilər ki, məsələn, filankəs o dövrün ziyalısı olub. O dövr üçün ola bilərdi. Amma indi bu mümkün deyil. Adamın dünyagörüşü, təhsili olmalıdır. Başqa meyarlar da var. Bu adamın ətrafında kimi isə öz yanında aparacaq şəxsiyyət olmalıdır. Bəzən ətrafımdan soruşuram ki, Stalin ziyalıdırmı? Axı o da öz aləmində ictimai maraqları şəxsi marağından üstün tutub? Yəni ki, bu meyarları çəkişdikcə-çəkişirsən. Amma müəyyən olunmuş meyarlar da var".

"Azərbaycan insanı danışa bilmir"

A.İsmayılov Azərbaycan insanının özünüifadə qabiliyyətinin zəif olduğunu dedi: "Çıxın Bakıya, küçədə adi adamlardan müsahibə götürün. Adamlar fikirlərini ifadə edə bilmirlər. Çünki danışmağa auditoriyaları yoxdur. Məktəbdə uşaqlara sərbəstlik vermirlər. Bir dəfə mənim oğlum 10-cu sinifdə oxuyanda gözəl şeir deyən müəlliminə əl çaldığı üçün sinifdən qovulmuşdu. Məni məktəbə çağırmışdılar ki. uşaq dərsi pozub. Yəni, bu uşağın özünü göstərmək imkanı yoxdur. Bugün adamların çoxunun danışmaq üçün auditoriyası yoxdur. Futbolçularımız danışa bilmir, artistlərimiz danışa bilmir. Məhkəmələrdə danışa bilməyən prokurorlar, hakimlər var. Fikrini çatdıra bilməyən vəkillər var. Adamlara sərbəstlik vermək lazımdır".

"Ziyalı işıqverəndir"

Aparıcının: "Ziyalı – aydın və işıqlı adam anlamına gəlir. Sizcə, haradan işıq almalıdır belə adamlar" sualını cavablayan vəkil "ziyalı işiqalan yox, işıqverəndir", - dedi. "Bu günlərdə niyə ziyalıya ehtiyac yaranıb? Çünki cəmiyyət çox qaranlıqlaşıb. İşıqverənlərin sayı artmalıdır ki, cəmiyyət işıqlansın və "biz hara gedirik, niyə gedirik" sualları cavablansın".

"Bu yol bizi hara aparır? Uçuruma?!"

AzadlıqRadiosunun hələ bir neçə il öncə cəmiyyətin öndə gedən şəxslərinə verdiyi bu tanış sualı cavablayan vəkil yolu bizim seçmədiyimizi söylədi: "Mənim fikrimcə, yolu biz seçmirik. Şəxsən mən - Adil İsmayılov seçmir. Amma Adil İsmayılov gördüyünü deməlidir. Bugünkü durum, doğrudan da, uçuruma aparır".

"Azərbaycanı kim yaxşı yaşatmalıdır?"

A.İsmayılov Azərbaycanın bəxtinin gətirdiyini də deməyi unutmadı: "Bu qədər neft gəlirləri var. Yaxşı yaşamaq üçün hər cür imkanlar var. Və Azərbaycanı kim yaxşı yaşatmalıdır? Onu idarə edənlər! Əgər idarə edənlər bunu dərk etmirlərsə, əllərində olan imkanı başqa istiqamətə yönəldirlərsə, bu istiqamətin axırı, doğrudan da, uçurumdur... Və ilk növbədə özləri üçün uçurumdur. Bu fikri bir dəfə də demişəm: Hamımız bir qatarda gedirik. Varlısı da, kasıbı da. Kasıbın itirdiyi heç nə olacaq. Varlının itirdiyi qazandıqları...".

"Heç olmasa, danışma!"

Bəzi ziyalıların susmağının danışmağından daha yaxşı olduğunu vurğulayan vəkil bəzi danışıqları eşidəndə pis hallar keçirdiyini söylədi: "Heç olmasa, danışma! Heç olmasa, susanlar pisə yaxşı demirlər, Allah atalarına rəhmət eləsin! Bunlar passiv ziyalılardır. Amma ziyalıdırlar. Heç olmasa, danışmırlar...".

Adil İsmayılovu yatmağa qoymayan suallar...

"Can Bakı"nın qonağı onu düşündürən və yatmağa qoymayan suallardan da söz açdı: "Suallar var ki bir neçə gün adamın beynini qurdalayır, yatmağa qoymur... Məsələn, bu ziyalı söhbəti. Facebook-da bununla bağlı çoxlu suallar verdim. Elə bildim, güclü reaksiya olacaq. Olmadı. Ən çox da gənclərdən cavab gözləyirsən...".

"Rafiq Əliyevdən geniş açıqlama gözləyirdim"

A.İsmayılov son olaylarla bağlı Rafiq Əliyevdən geniş açıqlama gözlədiyini etiraf etdi: "Olmadı".

Aparıcının: "Sizcə, niyə olmadı" sualını Adil müəllim belə cavabladı: "Çağırıb özünüz soruşarsınız. Mən oxuduğumu deyirəm. Olmadı. Öz işidir, özü bilər. Rafiq Əliyev də fikir söylədi, akademiklər də. Üçüncü tərəf də fikir bildirdi. Bu gün cəmiyyətdə qıtlıq var. Qoyun insanlar fikir söyləsin. Hər kəs sözünü desin. Bizim də seçim etmək imkanımız olsun. Nə qədər ağ-qaraya baxmaq olar? Qaranı çox az göstərirlər. Ağı da qoyublar ki, hər gün baxginən! Başqa rənglər yoxdur?".

"Nədən qorxurlar?"

Aparıcının: "Sizcə, ağ-qara həvəskarları niyə göy qurşağından qorxurlar" sualı belə cavablandı: "Bəlkə də o yandan baxanda nəyinsə dəyişəcəyindən çəkinirlər. Bəlkə bu, doğrudan belədir, bəlkə belə deyil - mənim üçün demək çətindir. Amma istənilən halda buna gediləcək. Başqa yolu yoxdur. İnşallah, gedəndə görərik - bunun müsbəti-mənfisi nədir?..".

Rənglərlə rəqs? "Mən mütləq görəcəyəm!"

Aparıcının: "Adil müəllim, deyirsiniz, rənglərlə rəqs tez ola bilər və bizim nəsil bunu görə bilər. Düzmü anladım?". Tanınmış vəkillin cavabı belə oldu: "Mən mütləq görəcəyəm!".

XS
SM
MD
LG