Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 18:31

Britaniya COVID-19 vaksinini Qərbdə təsdiqləyən ilk ölkə oldu


İllüstrativ foto
İllüstrativ foto

Artıq 13 milyondan çox yoluxmanın təsdiqləndiyi ABŞ-da bizneslərə yeni qadağalar qoyulur. Təkcə noyabrda bu ölkədə pandemiya 37 min nəfərin həyatına son qoyub. Ümumi ölü sayı isə 270 mindən artıqdır

Dekabrın 2-də Britaniya COVID-19-a qarşı vaksinin istifadəsini təsdiqləyən ilk ölkə olub. Almaniyanın BioNTech və ABŞ-ın Pfizer şirkətlərinin hazırladığı vaksin artıq gələn həftənin əvvəlindən paylanmağa başlanacaq.

Şirkətlər açıqlamanı Nyu Yorkda və Almaniyanın Mayn şəhərində veriblər. Bununla Britaniya Avropa Birliyi və Birləşmiş Ştatlardan daha tez koronavirus vaksininə yaşıl işıq yandırmış oldu.

Pfizer-in baş icraçı direktoru Albert Burla Britaniyanın qərarını “tarixi an” adlandırıb.

Britaniyanın vaksin komitəsi peyvəndləmə zamanı hansı qruplara öncəlik veriləcəyini qərarlaşdıracaq.

'Ürəyi sıxıldığı üçün' evdən çıxan koronavirus xəstələri. Onlar cəzalanırmı?
Gözlə

No media source currently available

0:00 0:05:08 0:00

Həm Pfizer-BioNTech, həm də Moderna ilkin nəticələrə əsasən vaksinlərin 90 faiz effektiv olduğunu bildirib.

Britaniyanın Səhiyyə naziri Mət Hənkok proqramın gələn həftənin əvvəlində başlanacağını söyləyib. Onun sözlərinə görə, xəstəxanalar artıq vaksinləri almaq üzrədirlər.

“Bu, çox yaxşı xəbərdir”, – Hənkok vurğulayıb.

Reaksiyalar

Britaniyanın Baş naziri Boris Conson bu xəbəri “fantastik” adlandırıb, normal həyata qayıdışda ilk addım olduğunu deyib.

Avropa Dərman Agentliyi isə bildirib ki, o, Britaniyanın seçdiyi təcili prosedurdan fərqli olaraq, vaksini təsdiqləmək üçün daha artıq dəlil və yoxlama tələb edir. Bu qurum COVID-19 vaksinlərinin Avropa Birliyi ərazisində təsdiqlənməsinə cavabdehdir.

Agentlik Pfizer/BioNTec vaksinlə bağlı dekabrın 29-dək qərar verəcəyini bildirib.

AB-nin deputatları isə Britaniyanın qərarına tənqidi yanaşıblar.

“Bu qərarı problemli sayıram, AB üzvlərinə prosesi eyniliklə təkrarlamamağı tövsiyə edirəm”, – Almaniyanın Kansleri Angela Merkelin partiyasının üzvü olan Piter Liese deyib.

Britaniyada 1.65 milyon nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, 59 mindən çox xəstə vəfat edib.

***

Ölkələr vaksin planlarını açıqlayırlar

Dünyanın bir çox yerlərində koronavirus pandemiyası vüsət aldığı bir vaxtda bir sıra ölkələr də potensial vaksin tədarükləri görür, gələn həftələrdə tətbiq oluna biləcək vaksinlərin ilkin dozaları ilə bağlı planlarını açıqlayırlar.

Artıq ilin sonunadək vaksinlərin hazır olacağına ümidlər var. İki şirkət – Moderna və BioNTech/Pfizer vaksinlərinin Birləşmiş Ştatlar və Avropada təcili təsdiqlənməsi üçün müraciət ediblər.

Peyvənd hamıdan qabaq kimə vurulmalıdır

Dekabrın 1-də ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin müşavir qurumu tövsiyə edib ki, ölkədəki 21 milyon tibb işçisi və qayğı mərkəzlərindəki 3 milyon sakinə peyvənd hamıdan qabaq vurulsun.

Vaksinlərin ilkin mərhələdə məhdud olacağı, 2021-ci ilin ortasına geniş tətbiq olunacağı bildirilir.

Fransa gələn ilin əvvəlində ən zəif və risk altında olan qruplara üstünlük verməyi planlaşdırır, ikinci raund peyvəndləmə isə aprel-iyun arası aparılacaq. Açıqlamanı Prezident Emmanuel Makron yayıb. Almaniya isə 2021-ci ilin birinci rübündə peyvəndləməyə başlamağa ümid edir.

Braziliyada Səhiyyə Nazirliyi peyvəndləmənin dörd mərhələdə aparılacağını bəyan edib. Birinci növbədə yerli sakinlərə, tibb işçilərinə, yaşı 75-dən yuxarı olanlara peyvənd vurulacaq. İkinci mərhələdə 60-74 yaşlılar, üçüncüdə yan xəstəlikləri olanlar peyvənd qəbul edə biləcəklər.

Pakistan artıq vaksin almağa 150 milyon dollar ayırıb, əhalinin ən zəif sayılan 5 faizinin ilkin olaraq peyvənd olunacağı bildirilib.

Əndişələr...

Az inkişaf etmiş, səhiyyə sistemi zəif ölkələrin vaksinlərə bərabər çıxış əldə edə bilməyəcəyi sarıdan narahatlıq artmaqdadır.

Hətta ABŞ və Avropada belə əhalinin böyük hissəsinin vaksin vurdurmaq istəməyəcəyi də əndişə yaradır. Səhiyyə rəsmiləri isə əhalini sosial məsafə saxlamağa, maska taxmağa çağırırlar.

Artıq 13 milyondan çox yoluxmanın təsdiqləndiyi ABŞ-da bizneslərə yeni qadağalar qoyulur. Təkcə noyabrda bu ölkədə pandemiya 37 min nəfərin həyatına son qoyub. Ümumi ölü sayı isə 270 mindən artıqdır.

Dekabrın 2-dən İngiltərə bir aylıq karantindən çıxsa da, bir çox yerlərdə qadağalar saxlanıb. İrlandiya altı həftəlik sərt qadağalara son verib.

Türkiyədə artıq 9-cu gündür COVID-19-dan rekord ölü sayı qeydə alınır. Ölkə yeni qadağalara – həftəiçi komendant saatına və həftəsonları tam qapanmaya hazırlaşır.

XS
SM
MD
LG