Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:26

Babək Kərimi Tramp və Sofi Loren haqda


B.Kərimi
B.Kərimi

İranlı aktyor və montajçı Babək Kərimi 2011-ci ildə "A Separation" filmindəki hakim roluna görə Berlin Kinofestivalının "Gümüş Ayı" mükafatına layiq görülüb. "A Separation" filmini Kəriminin dostu Əsgər Fərhadi çəkib. Bu onların yeganə əməkdaşlığı deyil.

Kərimi Məsud Baxşinin "Yalda, a Night for Forgiveness" filmində də rol alıb. Bu film bu ilin əvvəlində ABŞ-da keçirilən Sandens Film Festivalının mükafatına layiq görüldükdən sonra məşhurlaşıb. Aktyorun rol aldığı digər bir filmsə Şəhram Mokrinin çəkdiyi "Careless Crime" filmidir. Bu film Venesiya Kinofestivalındakı ilk nümayişindən sonra Almaniya və İtaliya da daxil olmaqla bir neçə ölkəyə satılıb.

Bölünmə

Kərimi bu yaxınlarda "The Life Ahead” filmində tanınmış italyan aktrisası Sofi Lorenlə birlikdə çəkilib. O bu təcrübəni xəyalına belə gətirmədiyini deyir.

Variety saytı yazır ki, İtaliya ilə sıx əlaqələri olan Kərimi Romada keçirilən "MedFilm" festivalının ömürlük mükafatına layiq görülüb. Tehrandan sayta eksklüziv müsahibə verən aktyor İranın kino ictimaiyyətinin ABŞ prezidenti Donald Trampın seçkidə məğlubiyyətinə reaksiyasından, pandemiya və senzura ilə üzləşməsindən danışıb. Sayt yazır ki, bu problemlərin heç biri İran kinosunun məhsuldarlığını azalda bilməyib.

"İran daim dünyaya açıq olan, dialoq və müxtəlif mədəniyyət və sənətlərin qarışmasını istəyənlər ilə sərhədləri bağlamaq istəyən mühafizəkarlar arasında bölünüb. Bizdə bir növ daxili mədəni vətəndaş müharibəsidir. Tramp və Baydenin hərəsi bu iki amilin birinə uyğun gəlir. Trampın siyasəti İran millətçilərini daha da mühafizəkar etdisə, Bayden yenidən işlərin yaxşılaşmasına təkan verəcək", – Kərimi deyir.

Kinoteatrı yandırmaq

Rejissor bu bölünmənin hətta İranın kino ictimaiyyəti arasında da mövcud olduğunu deyir. Onun sözlərinə görə, bu qrupun daxilində belə, Trampın məğlubiyyətinə sevinən və sevinməyənlər olub.

Kərimi bu yaxınlarda Möhsün Garainin "Penniless" filmində çəkilişlərini başa vurub. Onun sözlərinə görə, çəkiliş dövründə hər səhər həkim heyətin bədən hərarətini və qanlarındakı oksigen səviyyəsini yoxlayırmış. Kimdəsə hər hansı dəyişiklik hiss etdikləri zaman COVID analizi götürülürmüş. Ölkədə kinoteatrlar bir neçə dəfə açılıb-bağlanıb. Ancaq açıq olanda belə, kinoya çox adam getməyib. O, həmçinin İranda çox sayda insanın VPN-in köməyi ilə "Netflix"ə baxdığını deyib.

"Careless Crime" filmində İranda 1979-cu il inqilabı ərəfəsində baş vermiş hadisələr əks olunub. Burada etirazçılar Qərb mədəniyyətinə qarşı olduqlarını göstərmək üçün kinoteatrları yandırırdılar. Ancaq filmdə, eyni zamanda, müasir İranda da kinoteatrı yandırmaq qərarına gəlmiş insanları görürük.

Papa ilə birlikdə messa keçirən kənd rahibi

Rejissorun sözlərinə görə, bu, mədəniyyətin daim təzyiq altında olmasının dövriliyini göstərən simvolik bir işdir: "Bütün dünyada liderlər mədəniyyətin mövcud olmamasını istərdilər. Çünki mədəniyyət düşüncə və tənqidə təkan verir. Bu, sağdan gələn küləyin dünyanı zəbt etməkdə olduğu günümüzdə daha çox əhəmiyyət kəsb edir. Bu, çox alleqorik və rəmzi bir filmdir".

İranda istehsal olunan bütün filmlər çəkilişlərin başlamasından əvvəl senzuradan keçməlidir. Film hazır olandan sonra yenidən senzorlara göstərilməlidir. Kərimi deyir ki, çox adam senzuradan keçə bilmək üçün əvvəlcədən senzorlara fərqli ssenari göstərir və sonradan onu dəyişir.

Kərimi Sofi Lorenlə birgə filmə çəkilmək təcrübəsindən danışarkən italyan aktyoru Roberto Beninyinin Federiko Fellini ilə işləyən zaman dediyi sözləri təkrarlayıb: "Mən özümü Papa ilə birlikdə messa keçirən kənd rahibi kimi hiss etdim".

XS
SM
MD
LG