Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

Ermənistana qarşı iddia qaldırmaq istəyən azərbaycanlılar nə etməlidir


Füzulinin alınacağı günü gözləyən köçkün ailəsi: 'Uşaqlığımız orda keçib'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Füzulinin alınacağı günü gözləyən köçkün ailəsi: 'Uşaqlığımız orda keçib'

Füzuli sakini Hökümə Hümbətova 1993-cü ildə məcburi köçkün həyatı yaşamış yüz minlərlə azərbaycanlıdan biridir. Onun yaşadığı Əhmədalılar kəndi sonradan geri qaytarılıb. AzadlıqRadiosuna danışır ki, kəndə qayıdanda vaxtilə qoyub getdiyi daşınar və daşınmaz əmlakın heç biri yerində yox idi: "1989-cu ildə Əhmədalılar kəndinə gəlin köçmüşdüm. 1993-cü il avqustun 23-də kənd işğal olundu. Məcbur olub Bakıya gəldik, orada heç bir şəraiti olmayan, yarımtikilidə qaldıq. 1994-cü ildə Füzuli rayonunun 21 kəndi azad edildi. Onlardan biri də bizim Əhmədalılar kəndi idi. Gedəndə gördük ki, evlər dağıdılıb, yandırılıb, nə vardısa, talan edilib".

Ərizəsi geri qaytarılıb

H.Hümbətova 2018-ci ilin iyulunda mülkiyyət hüququnun pozuntusuna görə Ermənistanı məhkəməyə verib, təzminat tələb etmək qərarına gəlib. O, məhkəmədə 24 min 216 manatlıq iddia qaldırıb. Bunun 10 min 797 manatı daşınmaz, 13 min 419 manatı isə daşınar əmlaka görə idi. İddia ərizəsində cavabdeh qismində Ermənistanı və bu ölkənin Maliyyə Nazirliyini göstərib.

Köçkünlər ermənilərlə birgə yaşayışa necə baxırlar? (Reportaj)
Gözlə

No media source currently available

0:00 0:04:29 0:00

Yerli məhkəmələr bu iddiaya baxmaqdan imtina edib. Füzuli rayon Məhkəməsi ərizənin geri qaytarılmasını belə əsaslandırıb ki, H.Hümbətovanın iddiası təmin olunsa belə, qərarın icrası mümkün olmayacaq.

H.Hümbətova qərardan apellyasiya şikayəti versə də, nəticə dəyişməyib. Şirvan Apellyasiya Məhkəməsi qərarında yazır ki, Ermənistanda şikayətçinin iddia tələbinə baxılması üçün səmərəli ola biləcək hüquqi müdafiə vasitəsi məlum deyil. H.Hümbətovanın iddia tələbi ilə bağlı Ermənistanın hakimiyyət orqanlarına, yaxud məhkəmələrinə müraciət etmək imkanı yoxdur.

Füzuli sakini Ali Məhkəməyə də üz tutub. Amma bu instansiyadan da cavab alıb ki, Ali Məhkəmə ərazi aidiyyəti ilə bağlı məhkəmə mübahisələrinə baxmır.

"Bu, yurisdiksiya məsələsidir"

H.Hümbətovanın vəkili Tural Şükürova görə, beynəlxalq hüquqda hansısa tələbi müəyyən etmək üçün həmin tələbləri özündə əks etdirən hüquqi normalar tapılmalıdır. Onun fikrincə, Azərbaycan məhkəmələrinin bu cür məsələlərlə bağlı qəbul etdiyi qərarlar sonradan hüquqi mənbə kimi də istifadə oluna bilər: "2000-ci ildə Yunanıstanın Ali Məhkəməsi vətəndaşlarının İkinci Dünya müharibəsində almanlar tərəfindən repressiyalara məruz qalmasıyla əlaqədar Almaniyaya qarşı təzminat tələbi ilə qaldırılmış iddialara qiyabi icraatda baxıb təmin elədi. Düzdü, sonrakı proseslərdə bəzi çətinliklər yarandı. Amma hər bir halda "beynəlxalq universal hüquq" təcrübəsinə töhfə vermiş oldu".

F.Mehdiyev
F.Mehdiyev

Beynəlxalq hüquq üzrə ekspert, professor Fərhad Mehdiyev deyir ki, Azərbaycan məhkəmələri Ermənistana qarşı şikayətlərə baxa bilməz: "Bu, yurisdiksiya məsələsidir. Ümumiyyətlə, heç bir dövlətin məhkəməsi başqa bir dövlətə qarşı şikayətə baxa bilməz. Hətta xarici vətəndaş haqqında iddiaya da həmişə baxmaq olmur. Xarici vətəndaşa qarşı iddiaya baxmaq üçün həmin şəxs ya həmin ölkənin ərazisində yaşamalıdır, ya bank hesabı olmalıdır. Ölkə ilə hansısa əlaqəsi olmalıdır".

"Necə icra olunacaq?"

F.Mehdiyevin fikrincə, yerli məhkəmələr şikayətçi vətəndaşa dəqiq cavab verməyiblər. Onun sözlərinə görə, Ali Məhkəmə "biz ərazi aidiyyəti məsələsinə baxmırıq" əvəzinə "bir ölkənin məhkəməsi başqa dövlətə qarşı iddiaya baxa bilməz" cavabı verməliydi: "İstisna hallar da var. Məsələn, bir şəxs şirkət rəhbəri kimi, hansısa dövlətlə müqavilə bağlayır. Müqavilədə şərtlər göstərilir ki, hansı hallarda məhkəmədə mübahisələndirilə bilər. Bu, başqa məsələdir. Füzuli sakini ilə bağlı məsələdə apellyasiya instansiyasının verdiyi cavab daha ağlabatandır. Həqiqətən də iddia təmin olunsa belə, necə icra olunacaq?".

Ekspert durumdan çıxış yolu kimi birbaşa Avropa Məhkəməsinə şikayət etməyi tövsiyə edir. Hüquqşünasın sözlərinə görə, başqa işlərdə Avropa Məhkəməsinə müraciət üçün öncə ölkədaxili məhkəmə instansiyalarını keçmək vacib olsa da, bu tələb belə işlərə aid deyil: "Amma 90-cı illərdə və ondan əvvəlki dövrlərdə baş verənlərə görə Ermənistandan şikayətçi olmaq mümkün deyil. Çünki Ermənistan Avropa Məhkəməsinin yurisdiksiyasını 2000-ci ildən qəbul edib. Ümumiyyətlə, beynəlxalq məhkəmələr onun yurisdiksiyasını qəbul edən dövlətlərə qarşı baxılan işlərdə məhdudiyyət qoyub. Məhkəmələr bununla, bir tərəfdən, öz iş yüklərini azaltmaq istəyir. Digər tərəfdən də, haqlı yanaşmadır ki, dövlət beynəlxalq məhkəmənin yurisdiksiyasını qəbul edəndən sonra addımlarını ona uyğun atır".

Kəlbəcərdən köçən ermənilər evlərini və məktəblərini yandırırlar
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

Dağılan evlərin mülkiyyət sənədlərini təqdim etməyiblər

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycanın açıqlamasına görə, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kənd, dörd qəsəbə (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edilib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb.

Baş Prokurorluğun məlumatına görə, bu müddətdə Ermənistan silahlı qüvvələrinin hücumu nəticəsində 94 nəfər dinc sakin həlak olub, 414 nəfər yaralanıb. Bundan əlavə, 3 min 410 yaşayış evi, 512 obyekt, 120 yaşayış binası yararsız vəziyyətə düşüb. Dövlətlərarası şikayətlərlə yanaşı, fərdi şəkildə də Ermənistana qarşı Avropa Məhkəməsinə şikayətlər üçün hazırda faktlar toplanır, ərizələr hazırlanır.

2016-cı ilin aprel döyüşlərindən sonra da Azərbaycandan Avropa Məhkəməsinə Ermənistana qarşı xeyli şikayətlər göndərilmişdi. Şikayətçilərin əksəriyyəti mülki əhaliyə hücum nəticəsində ziyan görmüş vətəndaşlardır. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, şikayətçi olan vətəndaşlardan bir neçəsi kənddə dağılan evlərinin mülkiyyət sənədlərini təqdim etmədiyinə görə onların şikayətləri qəbuledilən sayılmayıb. İcraata götürülən şikayətlərin bir hissəsi artıq kommunikasiya mərhələsindədir, həmin ərizələrlə bağlı Ermənistana sorğular göndərilib.

XS
SM
MD
LG