Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:35

Dağlıq Qarabağda udanlar, uduzanlar – Qərb mediası


Dağlıq Qarabağ döyüşləri
Dağlıq Qarabağ döyüşləri

Rusiya sülhməramlılarının yerləşdirilməsi üzrə razılaşmanın müddəti beş ildən sonra bitəcək və Azərbaycanla Ermənistan hərbçilərin çıxarılmasını tələb edə bilərlər.

Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasının əldə olunması, bu sənədin mümkün nəticələri Qərb mediasında təhlil olunmaqdadır.

“The Washington Post” qəzetində Robin Dikson 44 günlük müharibəni analiz edir, dron zərbələrinin Azərbaycana böyük üstünlük qazandırdığını yazır. Müəllifin fikrincə, bu faktor həm də heyətsiz hücum dronlarının döyüş səhnələrini necə transformasiya etdiyini göstərdi.

Döyüş səhnələri necə dəyişir

“Dronlar kiçik ölkələrə taktiki aviasiyaya ucuz çıxış verir... opponentin tanklar və havadan müdafiə sistemləri kimi daha bahalı avadanlığını dağıtmaq imkanı yaradır”, – Arlinqtonda “CNA müdafiə üzrə beyin mərkəzinin direktoru və hərbi təhlilçi Maykl Kofman deyir.

Pentaqon 2001-ci il 11 sentyabr terrorundan sonra Əfqanıstana Predator dronları buraxandan bəri silahlı dronlar müharibədə daha intensiv işlənməyə başlandı. Hazırda raket buraxan dronlar Türkiyə, Çin, İsrail daxil olmaqla bir çox ölkələrdə istehsal olunur.

“Ancaq Dağlıq Qarabağ münaqişəsi bir neçə ayın içində kiçik və nisbətən ucuz hücum dronlarının vaxtilə quru döyüşləri və ənənəvi hava qüvvələrinin üstünlük təşkil etdiyi münaqişələrin miqyasını necə dəyişdirdiyini göstərdi”, – məqalədə deyilir.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutundan Frans-Stefan Geydi isə düşünür ki, tank və zirehli texnika kimi ənənəvi hərbi avadanlıq köhnəlməyəcək. Amma Dağlıq Qarabağ münaqişəsi digər silahlar və yaxşı təlim görmüş quru qüvvələri ilə yanaşı silahlı dronlardan istifadənin “getdikcə artan əhəmiyyətini” göstərdi.

“Qeyri-mümkün” missiya

“BBC”nin portalında rusiyalı təhlilçi Alrksandr Qabuyev atəşkəs razılaşmasının Rusiya üçün yaratdığı risklərə toxunur.

Müəllifin fikrincə, Rusiya sülhməramlılarının yerləşdirilməsi üzrə razılaşmanın müddəti beş ildən sonra bitəcək və Azərbaycanla Ermənistan hərbçilərin çıxarılmasını tələb edə bilərlər.

“Münaqişənin həllinə vasitəçilik imkanı çox məhdud görünür. Hər iki tərəfin emosiyalarını, status kvonun ləğvini nəzərə alsaq, Bakı ilə Yerevanı nəyəsə razı salmaq qeyri-mümkün missiyaya bənzəyir”, – müəllif yazır və bu məqamda Moskvaya ABŞ və Avropanın əməkdaşlığının gərəkəcəyini vurğulayır.

Ermənilərlə yenidən birgə yaşayış fikrinə necə baxırsınız?
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

AB-nin itirdikləri

Rusiyanın Dağlıq Qarabağda qələbəsi Avropa Birliyinin (AB) məğlubiyyətidir. Bunu isə “Politico” dərgisində Niku Popesku yazır.

Müəllif qeyd edir ki, AB regionda strategiyasını nəzərdən keçirməyincə başqalarının iş başına keçməsini müşahidə etməli olacaq. Rusiyanın vasitəçilik etdiyi razılaşma isə on il öncə münaqişə tərəflərinin beynəlxalq ictimaiyyətlə razılaşdırdığı Madrid prinsiplərini yada salır.

“Əsas fərq ondadır ki, bunu diplomatlar və siyasətçilər deyil, hərbi qüvvə həyata keçirir”, – müəllif yazır və durumun hər iki tərəf üçün qəlizləşdiyini vurğulayır.

Belə ki, Bakıdan ötrü bu, qələbədən çox, faustsayağı, yəni şeytanla sövdələşmədir. Azərbaycan Ermənistanın işğalı altında olan yeddi rayonunu geri alır, əvəzində gələcəkdə xarici siyasət və təhlükəsizliyi məsələlərində özünü cilovlamalı olacaq. Moskva qəfildən bu ölkə üzərində daha artıq təhlükəsizlik rıçağı qazanır.

“İndi Dağlıq Qarabağ daha çox Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarına bənzəyir. Bu iki region vasitəsilə Rusiya Gürücstanda daxili siyasi və təhlükəsizlik vəziyyətinə təsir göstərə bilir”, – müəllif yazır.

Əliyevin bəyanatı nəyi dəyişdi

“Bloomberg” agentliyinin təhlilçisi Leonid Berşidski isə düşünür ki, Əliyevin Qarabağda hərbi yolla həlli seçməsi Rusiya Prezidenti Vladimir Putin üçün itkidir. O yazır ki, Rusiyanın bölgəyə sülhməramlı yerləşdirməsi Ermənistanın alçaldıcı məğlubiyyətinin qarşısını ala bilmədi.

Bir tərəfdən, Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı etirazlar yaratmaq üçün məsələyə gec müdaxilə etdiyi düşünülür. Erkən müdaxilə Yerevana açıq, birtərəfli dəstək kimi də yozula bilərdi. Rusiya tərəflərdən heç birini açıq dəstəkləməmək mövqe tutdu.

Müəllif qeyd edir ki, istənilən halda Ermənistanın Rusiyanın orbitində qalmaq həvəsi öləziyəcək. Axı, Yerevan Rusiyanın başçılıq etdiyi bir sıra qurumlarda təmsil olunur. Ermənilər bu əlaqələrin dəyərini sorğulayacaqlar.

Məqalədə Rusiyanın postsovet məkanında nüfuzuna zərbə dəydiyi, Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bir fikrin hətta rusiyalı həmkarı Vladimir Putini belə qorxutmalı olduğu vurğulanır.

“Azərbaycan xalqı dəfələrlə vasitəçilərdən və bəzi beynəlxalq təşkilatların liderlərindən eşidib ki, bu münaqişənin hərbi yolla həlli yoxdur. Mən dedim ki, bu tezislə razı deyiləm və haqlı çıxdım”, – Prezident Əliyev deyirdi.

Təhlilçi qeyd edir ki, hərbi həllin mümkünlüyü postsovet məkanında dondurulmuş münaqişələrin hamısında, lap birinci, Ukrayna münaqişəsində balansı poza bilər. Əliyev Rusiya hərbçiləri Qarabağdan çıxanadək gözləyə bilər, amma Azərbaycanın qalan ərazilərdən əl çəkmək vədi verməyib.

Xatırlatma

Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ətraf 7 rayon 1994-cü ilədək işğal olunub. Bu il sentyabrın 27-dən noyabrın 9-u günün sonunadək Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından yayılmış atəşkəs bəyanatına görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi tarixi qələbə adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.

XS
SM
MD
LG