Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:44

Yerevanda polis etirazçılarla toqquşub


Yerevan, 11 noyabr, 2020-ci il
Yerevan, 11 noyabr, 2020-ci il

Nümayişdən öncə hökumət müxalifətə “dövlət çevrilişi” cəhdi ilə bağlı xəbərdarlıq edib

Yerevanda polis Baş nazir Nikol Paşinyana etiraz edənlərlə toqquşub.

Ölkədə fövqəladə vəziyyət küçə yürüşlərinin keçirilməsinə imkan vermir. Ancaq minlərlə etirazçı Yerevanın mərkəzindəki Azadlıq Meydanına yığışaraq “Nikol satqındır” qışqırıblar.

Bir neçə etirazçının saxlandığı bildirilir. Onların içində müxalifətdə olan Çiçəklənən Ermənistan partiyasının (BHK) lideri Gagik Tsarukyan da var.

Nümayişdən öncə hökumət müxalifətə “dövlət çevrilişi” cəhdi ilə bağlı xəbərdarlıq edib.

Noyabrın 10-da Azərbaycanla atəşkəs razılaşması imzalanandan sonra Yerevanı etirazlar bürüyüb. 17 müxalifət partiyası Paşinyanı istefa verməyə çağırır, onu razılaşmada böyük güzəştlərə getməkdə ittiham edirlər.

“Müharibəni bizə Paşinyan gətirdi”

Ermənistan İnqilab Federasiyasının (Daşnaksutyun) lideri İşxan Sağatelyan Yerevanda yürüşdə çıxışında deyib ki, “müharibəni bizə” Paşinyan və “onun ziddiyyətli siyasəti” gətirdi.

“O, müharibə dövründə hərəkətsizlik və xəyanət sərgilədi”, – Sağatelyan əlavə edib.

Ermənistan polisi noyabrın 11-də xəbərdarlıq etmişdi ki, fövqəladə vəziyyətə ölkədə yürüşlərin keçirilməsini qadağan edir.

Prezident Armen Sarkisyan isə bir neçə siyasi partiyanın təmsilçiləri ilə “məsləhətləşmələr”ə başlayıb. Məqsəd gərginliyi azaltmaq, milli “birliyi” saxlamaqdır, onun administrasiyası bildirib.

Artıq region 400 Rusiya hərbçisinin yerləşdirildyi açıqlanıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, beş illik missiyanın məqsədi “atəşkəsin icrası, Qarabağ münaqişə zonasında əməliyyatların dayandırılmasıdır”.

Paşinyan sözügedən sazişi “indiki vəziyyətdə ən yaxşı həll yolu” adlandırıb. O, noyabrın 11-də Facebook səhifəsində canlı yayında deyib ki, sənəd “Şuşi artıq süqut edəndə, Stepanakertə birbaşa təhdid yarananda” imzalanıb. Baş nazirin sözlərinə görə, razılaşma etnik ermənilərin əvvəl nəzarət etdikləri ərazini “saxlamalarına” imkan verəcək.

***

Hökumət çevriliş cəhdinə imkan verməyəcəyini deyir

Lazım gələrsə, bu hakimiyyət istefaya gedər, amma çevriliş cəhdinə imkan verməz. Bunu Ermənistanın Baş nazir müavini Tiqran Avinyan noyabrın 10-da ölkənin İctimai Televiziyasının efirində deyib.

Onun sözlərinə görə, hərbi vəziyyətdə “bulanıq suda balıq tutmağa çalışan” siyasi qüvvələrin heç birinə dözümlü yanaşılmayacaq.

Azərbaycan müqayisəsi

“Yada salmaq istəyirəm ki, 90-cı illərdə Azərbaycanda daxili siyasi çaxnaşma baş verəndə Ermənistan ordusu ondan çox səmərəli istifadə edə bildi. İndi bunun əksinə yol vermək olmaz, ona görə də daxili siyasi məsələlərin istənilən formada həlli konstitusion qaydaya uyğun həyata keçirilməlidir”, – deyən Avinyan Ermənistanda dövlətçiliyin kiminsə ambisiyalarından üstün olduğunu vurğulayıb.

Baş nazirin müavini qeyd edib ki, günahkarları və məsuliyyət daşıyanları axtarıb tapmağa vaxt olacaq. “Lazım gələrsə, bu hakimiyyət gedəcək, yenisi seçiləcək. Ancaq şəxsən mən, komandamız dövlət çevrilişi cəhdlərinə imkan verə bilmərik”, – Avinyan bildirib.

Dövlət çevrilişi təhlükəsinin olub-olmadığına gəlincə, o qeyd edib ki, belə təhlükənin əlamətlərini belə müşahidə etməyib və oxşar cəhdlər aradan qaldırılacaq.

Xatırlatma

Azərbaycanın yeddi rayonu və Dağlıq Qarabağ vilayəti 1994-cü ilədək işğal olunub. Həmin il tərəflər arasında atəşkəs imzalanıb.

Bu il sentyabrın 27-dən təmas xəttində hərbi əməliyyatlar başlanıb. Azərbaycan noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya başçılarının adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Azərbaycan hakimiyyəti bu sənədi tarixi qələbə adlandırsa da, müxalifət rus sülhməramlılarının ölkə ərazisinə yerləşdirilməsini onun müstəqilliyinə təhdid hesab edirlər.

Ermənistanda isə saziş narazılıqla qarşılanıb, etirazçılar hökumət, parlament binalarına hücum edib. Müxalifət partiyaları Baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Noyabrın 11-də Yerevanda müxalifətin etiraz aksiyası gözlənir.

XS
SM
MD
LG