Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:20

Müxalifət Rusiya ordusunun qayıtmasından narazıdır, YAP isə qələbədən danışır


Rusiya sülhməramlıları
Rusiya sülhməramlıları

Noyabrın 10-da gecə Qarabağ probleminin sülh yolu ilə həllinə dair imzalanmış üçtərəfli sazişi Azərbaycanda siyasi partiyalar və ekspertlər müxtəlif cür qiymətləndirirlər.

Müsavat Partiyasının sədri Arif Hacılı AzadlıqRadiosuna açıqlamasında qeyd edib ki, Azərbaycan ictimaiyyəti və partiyalarla məsləhətləşmələr olmayıb. Onun fikrincə, Qarabağa dair mühüm razılaşmadan öncə bunun olması gərəkirdi.

A.Hacılı
A.Hacılı

"Azərbaycanlılar saziş haqda gecə saat 4-də biliblər"

"Azərbaycanlılar saziş haqda gecə saat 4-də biliblər, bu, yolverilməzdir", - o deyib.

A.Hacılı ölkə ərazisinə xarici qoşunların yeridilməsini istisna edən Azərbaycan Konstitusiyasını və ölkənin müstəqilliyi barədə Bəyannaməni hakimiyyətin pozduğunu qeyd edib.

Müsavat Partiyası prosesdə Türkiyə sülhməramlı qüvvələrinin iştirakı ilə bağlı İ.Əliyevin şifahi bəyanatına baxmayaraq, gecə imzalanan bəyanatda Türkiyə və onun silahlı qüvvələrinin adının çəkilməməsindən narazılığını bildirib.

A.Hacılı bu sazişin həyata keçiriləcəyinə şübhə ilə yanaşır.

A.Mirzəzadə
A.Mirzəzadə

YAP təmsilçisi: "Tarixi qələbə"

Parlamentin deputatı və hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə isə "Turan" agentliyinə açıqlamasında sənədi "tarixi qələbə" adlandırıb. Onun fikrincə, Azərbaycan ordusu işğal olunmuş torpaqların bir hissəsini geri qaytardı, qalan hissə isə Ermənistan qoşunlarının çıxması ilə geri qaytarılacaq. Partiya təmsilçisi bunu iki prezidentin- Heydər Əliyevin və İlham Əliyevin xidməti hesab edir.

YAP təmsilçisi Rusiya silahlı qüvvələrinin Azərbaycana qayıtmasını imzalanmış sazişdə nöqsan hesab etmir. Onun fikrincə, Rusiya ordusunun Qarabağdakı bölmələrinin sayı və niyyəti razılaşdırılıb. O qeyd edib ki, sənədə əsasən, Rusiya Federasiyasının sülhməramlı qüvvələri 5 il müddətinə yerləşdirilir.

A.Mirzəzadə azərbaycanlı qaçqınların qovulduqları doğma torpaqlarına qayıtması üçün açılan imkanlara da diqqət çəkib.

R.Mirqədirov
R.Mirqədirov

"Qara gün"

Siyasi mühacir, analitik Rauf Mirqədirov isə 2020-ci il noyabrın 10-nu Azərbaycan tarixində "qara gün" adlandırılıb. O hesab edir ki, İ.Əliyev Azərbaycanın tarixinə xilaskar kimi daxil olmayacaq, çünki Rusiyanı Azərbaycana qaytarır.

"Siyasət mümkünlük sənətidir"

"Siyasət mümkünlük sənətidir, bu gün biz maksimum mümkün olanı aldıq. Amma hələ münaqişənin sonu deyil və biz Azərbaycanın bütün ərazisi üzərində tam suverenliyinin bərpası uğrunda mübarizəni davam etdirəcəyik", - bunu isə keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov sosial şəbəkədə yazıb.

"Azərbaycanın müstəqilliyi üçün təhlükəli amil"

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) bu məsələ ilə bağlı geniş bəyanat hazırlanır.

S.Həzi
S.Həzi

Partiyanın sədr müavini Seymur Həzi bəyanatın əsas müddəalarını AzadlıqRadiosuna belə açıqlayıb: "AXCP Azərbaycan ordusunu dəstəkləyib, onu müharibədə qalib sayır. Lakin uzun müddətdən sonra Rusiya ordusunun bölgəyə qayıtması partiyanı narahat edir".

Partiya Rusiya ordusunun ölkə ərazisində olmasını Azərbaycanın müstəqilliyi üçün təhlükəli amil hesab edir.

ReAL: "...İşğal anlamına gəlir"

Üçtərəfli bəyanatla bağlı Respublikaçı Alternativ (ReAL) Partiyası da mövqe bildirib.

ReAL-a görə, bəyanatın mətni ərazilərin işğaldan azad olunması üçün Azərbaycanı ümumən daha üstün mövqeyə çıxarsa da, tam qələbə anlamına gəlmir:

ReAL Partiyasının sədri İlqar Məmmədov
ReAL Partiyasının sədri İlqar Məmmədov

"Bəyanatda Dağlıq Qarabağın statusu haqda hər hansı bəndin olmaması Minsk qrupu çərçivəsində aparılan proses ilə müqayisədə müsbət haldır. Amma işğal altında qalan Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran, Xocalı, Laçın şəhərlərində və kəndlərdə mülki idarəetməni kimin həyata keçirəcəyi məlum deyil".

ReAL hesab edir ki, Naxçıvanla nəqliyyat xətlərinin açılması bəyanatın müsbət tərəflərindən biridir, lakin bu xəttin etibarlılığı və funksionallığı suallar doğurur: "Rusiya sülhməramlı qüvvələrinin torpağımıza buraxılması Bəyanatdan doğan bütün üstün mövqelərimizi, demək olar, zəiflədir...".

Müəlliflər xatırladıblar ki, Azərbaycan qanunlarına əsasən, Rusiya sülhməramlıları Azərbaycan ərazisinə ancaq parlamentin razılığı ilə gələ bilər: "Belə qərar olmadan ordunun ərazimizə daxil olması işğal anlamına gəlir...".

Üstəlik, partiya əlavə edir ki, sözügedən bəyanat sülh müqaviləsinin konturlarını aydın göstərmir.

XS
SM
MD
LG