Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 21:27

Azad edilən qızıl yatağı barədə bilinənlər və bilinməyənlər...


Vejnəli kəndində qızıl yatağı
Vejnəli kəndində qızıl yatağı

Bu günlər işğaldan azad edilən Zəngilan rayonunun Vejnəli kəndində qızıl yatağı var. İqtisadçı Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, hələ 1993-cü il qiymətləndirilmələrinə görə, Vejnəli yatağında 6.5 ton qızılın olduğu təsdiq edilmişdi:

"400 milyon dollar..."

"Bu da indiki qiymətləndirmələrlə 400 milyon dollar dəyərində resurs deməkdir. Bunu da nəzərə alaq ki, həmin dövrdə yataqların qiymətləndirilməsi köhnə texnologiyalar əsasında həyata keçirilib və sənaye əhəmiyyətli qızılın özünün qiymətləndirilməsində də yanaşma təkmil deyildi. Texnologiya inkişaf etdikcə, yataqların arealı, emal imkanları genişlənir. Sənaye əhəmiyyətli qızıl potensialı daha yüksək olur".

Ekspert xatırladıb ki, işğal faktı ilə bağlı Azərbaycan orada fəaliyyət göstərə bilməyib, amma Ermənistan tərəfinin həmin ərazidə müəyyən qədər istismar prosesi həyata keçirdiyi məlumdur və bu barədə məlumatlar təsdiqlənib.

23 il əvvəl...

Azərbaycanda qızıl və gümüş, əsasən, 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur.

Həmin müqavilə altı yatağın - Naxçıvanda bir, Gədəbəydə iki, Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Kəlbəcər və Zəngilanda üç yatağın işlənməsini nəzərdə tutub.

Müqavilədə Azərbaycanın payı 51, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin isə 49 faiz təşkil edib. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldıqdan sonra digər yataqlar üzrə də fəaliyyət göstərməyə başlayıb.

R.Həsənov da deyib ki, oradakı ehtiyatların nə qədər istismar edildiyi hələ ki, məlum deyil: "Amma həmin yataqların istismarı ilə bağlı Ermənistan hökuməti şərait yaradıb. 5 il öncə Baş Prokurorluqda cinayət işi də qaldırılıb".

Bununla belə, ehtiyatla bağlı o, təxminləri də dilə gətirir: "Yəni, 10-12 ton arasında ehtiyatın olması ehtimalları yüksəkdir, potensial isə daha yüksək ola bilər".

Rəsmilər nə deyir

"AzerGold" QSC-dən məsələ ilə bağlı "Turan" agentliyinə deyiblər ki, həmin yataqdan Ermənistan tərəfinin qanunsuz istifadəsi, orada kontrabanda zənciri ilə bağlı şirkət bu yaxınlarda xüsusi bəyanat ilə çıxış edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) də oxşar cavab verilib. Nazirliyin mətbuat xidmətindən deyilib ki, bu məsələ ilə bağlı məlumat hazırlanır: "Bu gün - noyabrın 2-də və ya noyabrın 3-də yayılması gözlənilir".

Arazın o tayında da Əliyevin tvitini gözləyənlər var: 'Burda hamı Qarabağdan danışır'
Gözlə

No media source currently available

0:00 0:03:25 0:00

Baş Prokurorluq istintaq hərəkətlərinə başlayıb

Baş Prokurorluqdan isə bildiriblər ki, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz sahibkarlıqla məşğul olmaq faktı ilə bağlı 2015-ci oktyabrın 21-də və 2018-ci il martın 21-də Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri başlanıb. Qurumun yaydığı məlumatda həmin cinayət işlərindən birinin Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olduğu deyilir.

Məlumata görə, müəyyən edilib ki, İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş "Vallex Group" şirkətlər qrupunun filialı olan "Base Metals" Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində 301 milyon 918 min manat qanunsuz gəlir əldə edib:

"Beynəlxalq axtarış elan edilib"

"..."Vallex Group" şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeri Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan "Base Metals" QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Barələrində məhkəmənin qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib".

Açıqlamaya görə, həmin cinayət işi üzrə prokurorluq əməkdaşları artıq oktyabrın 30-dan hadisə yerində zəruri istintaq hərəkətləri həyata keçirir: "Həmçinin, cinayət işi üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən zəruri istintaq hərəkətlərinin icrası məqsədi ilə İsveçrə Konfederasiyasının səlahiyyətli dövlət orqanlarına beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətlə müraciət olunub".

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev də bu günlər keçirdiyi brifinqdə bu məsələyə toxunmuşdu.

Küçədən süpürgə ilə qızıl yığırlar
Gözlə

No media source currently available

0:00 0:01:44 0:00

"Ermənistan tərəfindən üçüncü ölkələrin fiziki və hüquqi şəxsləri cəlb edilməklə Vejnəlidə qanunsuz olaraq qızıl yataqlarının istismarı aparılırdı. Bu prosesə "Geo Pro Mining", həmçinin İsveçrə vətəndaşı olan Vartan Sirmaks adlı şəxs cəlb olunmuşdu...", - o qeyd etmişdi.

Hələlik, ittihamlara sözləri gedən şirkətlər və onların qeyd edilən təmsilçilərinin münasibətini almaq mümkün olmayıb.

Zəngilan rayonunun Vejnəli kəndi 1993-cü ildə işğal edilmişdi. Üç gün əvvəl, bu il oktyabrın 30-da işğaldan azad edilib. Kəlbəcər rayonu isə hələ də işğal altında qaldığından orada olan yataqlara Azərbaycanın rəsmi qurumlarının əli çatmır.

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 170-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG