Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Samirə Maxmalbaf daha film çəkmir


Samirə Maxmalbaf
Samirə Maxmalbaf

"The New Yorker" jurnalı yazır ki, iranlı kinorejissor Samirə Maxmalbaf günümüzün ən yaxşı rejissorlarından biridir. Ancaq hətta pandemiyanın doğurduğu təcrid rejimindən əvvəl də onun filmləri az-az göstərilirdi.

Maxmalbaf "Alma" (The Apple) adlı ilk bədii filmini 1997-ci ildə, cəmi 17 yaşı olanda çəkib. "Yazı taxtaları" (Blackboards) adlı ikinci filmi isə 2000-ci ildə çıxıb. Rejissor "Günorta saat beşdə" (At Five in the Afternoon) adlı üçüncü filmini daha üç ildən sonra çəkib. Hər üç filmə internetdən sərbəst baxmaq mümkündür.

Koppola ailəsi kimi

"Maxmalbaf öz məharətini filmdən-filmə daha da genişləndirərək, artıraraq və rəndələyərək 23 yaşına dünyanın ən orijinal rejissorlarından birinə çevrilib", – məqalə müəllifi Riçard Brodi yazır.

Rejissorun 2008-ci ildə çəkdiyi "İkiayaqlı at" (Two-Legged Horse) adlı dördüncü filmi internetdə strim olunmur. Bu qədər böyük istedadın qarşısında günümüzün ən tanınmış kinorejissorları sırasına qoşulmalı olan Maxmalbaf nədənsə 10 ildir ki, film çəkmir.

Maxmalbaf kinematoqrafçılar ailəsinin nümayəndəsidir. Atası Möhsün Maxmalbaf (o həm də "Alma"nın ssenari müəlliflərindən biridir) 1980-ci illərdən bəri İranın ən üzdə olan kinorejissorlarından biri olub. Analığı Mərziyə Meşkini üç bədii film çəkib. Onun 2000-ci ildə çəkdiyi "Qadın olduğum gün" (The Day I Became a Woman) filmi onlardan biridir. Maxmalbafın kiçik bacısı Hana da film çəkib. Müəllif Maxmalbaf ailəsini Hollivudun Koppola ailəsinə bənzədir.

Ev dustağı bacılar

"Alma" filmi evdə dustaq edilmiş qızlar haqqındadır. Bu film həm də sənədli və bədii filmin maraqlı qarışığı, real hadisənin həmin hadisə ilə bağlı insanlar tərəfindən canlandırılmasıdır. Təəssüf ki, filmin hazırda internetdə baxıla bilən versiyasının alt yazıları yalnız ispan dilindədir.

Tehranda yaşayan Naderi ailəsinin başçısı yaşlı bir patriarxdır. Onun 12 yaşlı iki əkiz qızı var. Ata Naderi o qədər doqmatik dindardır ki, kişilərin qızlarını görməməsi üçün qızların evdən çıxmasını yerli-dibli yasaqlayıb. Qızlar doğulandan bəri evi tərk etməyiblər. Nə məktəbə gediblər, nə oynamağa, nə də bazarlığa çıxıblar.

Adları Zəhra və Məsumə olan qızlar evin içində iki darvaza arasında dustaq qalıblar. Onlar danışmağı belə güclə öyrəniblər. Yerişləri belə qəribədir. Kor anaları patriarxal əsarəti qəbul edir. Ancaq qonşuları öyrənir ki, həmin evdə uşaqlar var. Onlar hökumət nümayəndələrinə xəbər verirlər. Nəticədə cəza təhlükəsi ilə üz-üzə qalan ata qızlarını evdən çölə buraxır.

"Yazı taxtaları"

Maxmalbafın "Yazı taxtaları" adlı ikinci filmi də uşaqlara edilən zülm, İran-İraq müharibəsi dövründə insanların sərhəd bölgəsində üzləşdiyi zorakılıq, məşəqqət və terror haqdadır. Filmdə hadisələr Hələbcə şəhərinin kimyəvi silaha məruz qoyulmasından sonra şəhəri tərk etməyə məcbur olan kürdlərin ətrafında cərəyan edir. İş axtarışında olan bir qrup müəllim qara yazı taxtalarını belində daşıyır. Maraqlıdır ki, bu taxtalar həm də güllədən qorunmaq üçün qalxan rolunu oynayır. Müəllimlər şagird tapa bilmirlər və deməli, ərazidəki uşaqlar təhsil almırlar. Müəllimlərdən biri "qatırlıq edən", yəni həyatını riskə ataraq təhlükəli ərazidə qaçaqmal daşıyan oğlanlara qoşulur. Başqa bir müəllimsə sərhədə tərəf yollanan böyük sayda mühacirlərə qoşulur və yolüstü dul qalmış bir gənc ana ilə evlənir. Elə çıxır ki, müəllimlər iki ölkənin bir-biri ilə müharibə apardığı ərazidə yaşamaq uğrunda mübarizə apardıqları zaman kitablarda tapa bilməyəcəkləri dərsləri alırlar.

"Günorta saat beşdə"

"Günorta saat beşdə" adlı üçüncü filminsə "Taliban" rejiminin yıxılmasından sonra Kabildə çəkilən ilk film olduğu deyilir. Bu filmdə Maxmalbaf inkişaf üçün təhsilin vacibliyini daha da qabardır. Gəlin-baldız olan iki qadın Kabilin xarabalıqları arasında çətin günlər yaşayır. 20-yaşlı Nokreni sərt dindar atası məktəbə buraxmır. Əvəzində onu at arabasına mindirib Quran məktəbinə gətirir. Ancaq o buradan qaçır, burkasını çıxarır, çarıqlarını ağ hündürdaban ayaqqabılarla əvəz edir. Özü də böyük dünyəvi qız məktəbinə yollanır. Burada qadın müəllim qızları mühəndis, müəllim, həkim və hətta Əfqanıstanın prezidenti olmağa həvəsləndirir. Nokre prezident olmaq ideyasını çox ciddi qəbul edir. Leylomah isə Nokrenin qardaşı Axtarın arvadıdır. Axtar yük maşını sürücüsüdür, itkin düşüb. Leylomahın aclıqdan südü quruduğundan uşağı acından ölür.

Filmin qəhrəmanları ürək parçalayan itkilərlə üzləşirlər. Şəhər xarabalığa çevrilir. Rejissor on illərlə davam edən siyasi travma, zorakılıq və dini fanatizm fonunda savadın əhəmiyyətini göstərə bilir.

Maxmalbaflar ailəsinin 2011-ci ildən bəri Britaniyada mühacirətdə yaşadığı deyilir. Onun atası İranda təqib olunduğundan hələ 2005-ci ildə ölkəni tərk etməli olub. Samirə Maxmalbaf və analığının Britaniya hökumətindən pasport ala bilmədiyi deyilir. Bundan başqa, Amerika Kino Akademiyasının münsiflərin tərkibində etdiyi builki dəyişikliklərdən sonra yeni dəvət olunan münsiflər arasında Maxmalbaf da var. Onun bu dəvəti qəbul edib-etmədiyi isə, hələlik, bəlli deyil.

XS
SM
MD
LG