Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:18

Prezident Vaşinqton görüşündən danışıb


İ.Əliyev
İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın "Nikkei" qəzetinə müsahibə verib.

Müsahibəni rəsmi AZƏRTAC saytı da dərc edib.

Jurnalistin "Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı?" sualına Azərbaycan prezidenti belə cavab verib: "Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdi, orada da görüş olmuşdu. Beləliklə bu, münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların davamıdır".

"Status-kvo artıq mövcud deyil"

Prezident əlavə edib ki, indi yerdə vəziyyət dəyişib: "Status-kvo artıq mövcud deyil. Təmas xətti də mövcud deyil. Buna görə, əlbəttə, mən hesab edirəm ki, indi Ermənistan rəhbərliyi daha da məntiqli davranmalıdır və işğal edilmiş ərazilərin boşaldılmasına sadiq olmalıdır. Beləliklə, bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan rəhbərliyinin ərazilərimizin boşaldılmasına hazır olub-olmamasını və hazır olduğu təqdirdə bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir".

"Əgər cümə günü nazirlərin görüşündə hər hansı bir irəliləyiş olsa, Moskvada Ermənistanın baş nazirinin qatılacağı üçtərəfli görüş keçirilə bilərmi?" sualına cavab olaraq isə İ.Əliyev bunları deyib: "Bəli, əlbəttə ki, bu, mümkündür, çünki bu növ görüşlər əvvəllər də olmuşdur. Əgər belə bir görüş olsa, bu, gündəliyin nədən ibarət olduğundan asılı olacaqdır. Əfsuslar olsun ki, Ermənistanın bu hökuməti ilə münaqişənin sülh yolu üzrə nizamlanması perspektivləri çox uzaqdır. Çünki Ermənistan rəhbərliyi tərəfindən verilmiş çox səmərəsiz və təhrikedici bəyanatlar, edilmiş hərəkətlər, əslində, danışıqları mənasız etmişdir".

"Dağlıq Qarabağda heç bir referendum olmayacaq"

Prezident "Dağlıq Qarabağı geri qaytarandan sonra siz Madrid prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını təyinetmə hüququna hörmət edəcəksinizmi və referenduma razılıq verəcəksinizmi" sualına isə "xeyr" cavabını verib.

"Xeyr, əlbəttə ki, xeyr. Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz", - İ.Əliyev vurğulayıb.

Prezident daha sonra da bunları əlavə edib: "Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var. Təsəvvür edin, əgər ermənilər yaşadıqları hər yerdə öz müqəddəratlarını təyin etsələr, nə baş verər, dünyada neçə kiçik Ermənistan olar. Bu, əks təsir verən yanaşmadır. Öz müqəddəratını təyinetmə beynəlxalq hüququn mühüm amilidir. Lakin o, Azərbaycanın ərazi bütövlüyünü pozmamalıdır".

Prezident vurğulayıb ki, öz müqəddəratını təyinetmənin müxtəlif növləri var, icmaların müxtəlif növləri var: "Məsələn, mədəni muxtariyyət ola bilər. Biz Avropanın inkişaf etmiş ölkələrində bu nümunələri görürük ki, insanların öz bələdiyyələrində, öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaradılmasına icazə verməyəcəyik...".

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 110-dan çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

XS
SM
MD
LG