Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:48

'Görüntü xatirinə belə bir görüş ola bilər, amma...'


İ.Əliyev və N.Paşinyan
İ.Əliyev və N.Paşinyan

Son günlər Rusiya kütləvi informasiya vasitələrində bu ölkənin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərliyinin Moskvada görüşməsi ilə bağlı bir ideyadan bəhs edilir.

Oktyabrın 19-da Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə videomüsahibədə həmin məsələ ilə bağlı suala cavab olaraq deyib ki, "indiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil".

Ermənistan baş nazirinin isə artıq buna hazır olması ilə bağlı məlumatlar yayılıb.

Belə bir görüş yaxın günlərdə gerçəkləşə bilərmi? Rusiyanın vasitəçiliyi ilə belə bir görüş Azərbaycana nə vəd edir?

Z.Əlizadə
Z.Əlizadə

"Belə görüş üçün hələ şərait yetişməyib"

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna deyib ki, bununla bağlı məsələ gerçəkləşərsə, Azərbaycan görüşə getməlidir. Onun fikrincə, indiki halda Azərbaycan üstün tərəf kimi həmin görüşə gedəcək: "Dövlət başçısı Bakıda xarici jurnalistlərə nəyi anladırsa, Moskvada da Ermənistan baş nazirinə onu anladacaq. Anlatmalı olan məsələ budur ki, erməni hərbi birlikləri Azərbaycanın işğal edilmiş rayonlarından çıxmalıdır. Əvvəlcə beş rayondan, daha sonra iki rayondan da çıxmalıdır. Əlaqələr qaydaya salınmalıdır. Sonra Dağlıq Qarabağda kim qalacaqsa onlarla muxtariyyət məsələsi müzakirə edilər".

Politoloq vurğulayıb ki, görüşdə Rusiya prezidentinin iştirak edib-etməməsindən asılı olmadan İ.Əliyevin deməyə sözü çoxdur.

Amma Z.Əlizadə hesab edir ki, belə görüş üçün hələ şərait yetişməyib: "İndiki halda hətta belə bir görüş olarsa belə, nə Ermənistan buna hazırdır, nə də ki, Rusiya belə bir görüş istəyir".

"Belə halda danışıqların nəticəsi olacaqmı?"

Başqa bir politoloq Hikmət Hacızadə də vurğulayıb ki, belə görüşlər ola bilər. Onun vurğulamasına görə, hər iki tərəf danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib:

H.Hacızadə
H.Hacızadə

"Amma hər iki tərəfin dəyişməyən tələbləri var. Onlar həmin tələbləri irəli sürürlər. Belə halda danışıqların nəticəsi olacaqmı? Bu da bir sualdır. İlham Əliyev deyir ki, danışıqlara hazırdır, amma Ermənistan ordusu Azərbaycandan çıxarılmalıdır. Nikol Paşinyan da deyir ki, danışıqlara hazırdır, amma Dağlıq Qarabağa öz müqəddəratını həll etmə hüququ verilməldir".

Onun fikrincə, görüntü xatirinə belə bir görüş ola bilər, amma onun nəticə verəcəyinə inanmır.

"Hərbin itkilərlə əldə etdiyini bir görüş qansız-qadasız həll edə biləcəksə,...."

Milli Məclisin sədr müavini Fəzail İbrahimli isə "Turan” agentliyinə bildirib ki, belə görüşlər situasiyaya bağlıdır.

"Hazırda situasiya birmənalı olaraq Azərbaycanının və Azərbaycan prezidenti İlham Əliyevin xeyrinədir", - o qeyd edib.

Vitse-spikerin vurğulamasına görə, dövlət başçısı xarici jurnalistlərə verdiyi müsahibələrdə məsələni qəti olaraq belə qoyub ki, Ermənistan qoşunları Azərbaycandan çıxmalıdır:

F.İbrahimli
F.İbrahimli

"Əgər belə görüş olarsa və erməni tərəf söz verərək qoşunları Azərbaycandan çıxararsa, niyə də olmasın? Bu, diplomatik qələbə olar. Hərbin itkilərlə əldə etdiyini bir görüş qansız-qadasız həll edə biləcəksə, olsun. Cənab prezident özü də elan edir ki, müharibə tərəfdarı deyil. Biz müharibə istəmirik. Sadəcə, işğalda olan torpaqlarımızın qaytarılmasını istəyirik".

F.İbrahim hesab edir ki, artıq Ermənistan məğlub tərəfdir. Onun fikrincə, status-kvo, təmas xətti yoxdur: "Odur ki, Nikol Paşinyanın qazana biləcəyi heç nə yoxdur".

Buna qədər Atəşkəs olmalıydı

Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00:00-dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.

Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında humanitar atəşkəs təmin edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-i və17-də raket zərbələrinə tutulmuşdu. Nəticədə üst-üstə 23 nəfər dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.

Ümumilikdə, son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib.

Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 70 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG