Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

Azərbaycan prezidenti: ‘Biz də sülh istəyirik, lakin… öz qanuni ərazilərimizi də istəyirik’


Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibə verib. Azərbaycanın rəsmi AZƏRTAC saytı da həmin müsahibəni dərc edib.

Jurnalistin “siz Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistandan olan həmsöhbətinizlə görüşmək üçün Moskvaya gəlməyə hazırsınızmı” sualına Azərbaycan prezidenti belə cavab verib:

“Bilirsiniz, mən Moskvada çox olmuşam. İndiki halda mən belə dəvət almamışam, ona görə bu sual mənə deyil. Dəfələrlə şəxsən prezident Vladimir Vladimiroviç Putin və ondan əvvəl Dmitri Anatolyeviç Medvedev Ermənistan və Azərbaycan rəhbərləri arasında üçtərəfli görüşlər keçiriblər. Lakin Ermənistanda hakimiyyət şərti Sorosun əlinə keçəndən sonra bu cür əlaqələr dayandırıldı.”

Azərbaycan dövlət başçısı deyib ki, Rusiya münaqişənin nizamlanmasında həmişə mühüm rol oynayıb və bunun üçün həm tarixi, həm də coğrafi xarakterli obyektiv səbəblər var:

"Səbəblərdən biri də budur ki, Rusiya onilliklər boyu bizim regionda aktiv fəaliyyət göstərir və qarşılıqlı əlaqələr yüksək səviyyədədir. Buna görə də biz hər cür əlaqəyə hazırıq, yeri gəlmişkən, Xarici İşlər nazirlərinin görüşünün təşkil olunması barədə təklif gələn kimi biz dərhal razılaşdıq".

Prezident qeyd edib ki, bu da Azərbaycanın mövqeyinin göstəricisidir: "Axı, o vaxt Azərbaycan Ordusu strateji ərazilərin bir hissəsini artıq uğurla azad etmişdi və bu, münaqişənin təqribən 10 gündən çox davam etdiyi vaxt baş vermişdi. Kimin nəyə qadir olması praktik olaraq artıq hamıya aydın idi. Döyüş əməliyyatlarının sonrakı gedişatını təxmin etmək, yəqin ki, çox çətin deyildi".

Tərtər və Ağdam yenidən atəşə tutulub
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

Azərbaycan prezidentinin vurğulamasına görə, lakin buna baxmayaraq onlar vaxtı uzatmayıb və ya imtina etməyiblər:

“Biz dedik, bəli, biz hazırıq. O vaxt, Rusiya prezidenti ilə söhbət zamanı dedim ki, mən naziri göndərirəm, yeri gəlmişkən, xarici İşlər naziri həmin vaxt Cenevrədə idi, Minsk qrupu ilə danışıqlar aparırdı. Münaqişənin qaynar fazasında bizim nazir Cenevrədə idi, erməni nazir isə oraya gedib çatmadı, hərçənd o da, orada olmalı idi.”

Azərbaycan prezidenti sonda əlavə edib:

“Buna görə biz qarşıdurmaya son qoymaq və nizamlama yollarını tapmaq üçün Moskvada və ya hər hansı başqa bir yerdə görüşməyə həmişə hazırıq. Biz də sülh istəyirik, lakin Ermənistandan fərqli olaraq, biz öz qanuni ərazilərimizi də istəyirik”.

Hümanitar atşəkəs razılaşması və…

Azərbaycan və Ermənistan oktyabrın 18-i, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq vermişdilər.

Bundan əvvəl də oktyabrın 10-da saat 12:00-dan etibarən tərəflər arasında hümanitar atəşkəs təmin edilməliydi.

Amma həmin tarixdən sonra da cəbhədə bir çox istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilirdi. Hətta Azərbaycanın ikinci böyük şəhəri, cəbhə xəttindən uzaq Gəncə oktyabrın 11-də və 17-də raket zərbələrinə tutulmuşdu.

Nəticədə üst-üstə 23 nəfər dinc sakinin həlak olduğu, 80-dan çoxunun isə yaralandığı açıqlanmışdı.

Ümumilikdə, son həftə cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib.

Atəşkəsin pozulmasına görə, də qarşılıqlı ittihamlar səslənib.

Atəşkəsi niyə icra etmək mümkün olmur?
Gözlə

No media source currently available

0:00 0:09:54 0:00

Hərbi müşahidəçilər barədə

Azərbaycan prezidenti hərbi müşahidəçilərin yerləşdirilməsi məsələsinə də münasibət bildirib

Dövlət başçısı “sizin ölkəniz rusiyalı hərbi müşahidəçilərin yeridilməsinə razılaşarmı? Əgər rusiyalılar olmasa, bu missiyada daha hansı ölkələr iştirak edə bilərdi? Siz hansı ölkələrin iştirakına qəti etiraz edərdiniz” sualına isə belə cavab verib:

“ABŞ və Fransa kimi, Rusiya da ATƏT-in Minsk qrupunun həmsədridir və bu mandat çərçivəsində ölkələr öz arasında çox sıx qarşılıqlı fəaliyyət göstərir. İndi, münaqişənin qaynar fazası dövründə mən həm Qərb mətbuatında, həm də Rusiya mətbuatında müşahidə edirəm ki, Dağlıq Qarabağ məsələsi həmin ölkələr arasında fikir ayrılığı doğurmayan yeganə məsələdir”.

Məsələnin həmsədrlik formatı çərçivəsində həmin ölkələr arasında razılaşdırılmalı olduğunu qeyd edən Azərbaycan prezidenti sonra da deyib: "Bu məsələ razılaşdırılandan sonra tərəflərə təqdim edilməlidir. Yəni, bütün bunlar baza prinsiplərində də nəzərdə tutulmuşdur. Ona görə sülhməramlıların və ya indi adlandırmaq istədikləri kimi desək, müşahidəçilərin kimlər olacağını biz müəyyən etməyəcəyik".

Prezident İ.Əliyevin vurğulamasına görə, bunu ATƏT-in Minsk qrupunun həmsədrləri təklif edəcəklər: "Azərbaycan və Ermənistan isə öz tərəflərindən bu və ya digər ölkəyə veto qoya, ya da razılaşa bilər. Buna görə mən düşünmürəm ki, bu məsələnin birtərəfli qaydada həlli hansısa hərbi kontingentin müəyyən edilməsi üçün üç həmsədr ölkə arasında əməkdaşlığın ruhuna uyğun olardı".

Dövlət başçısı qeyd edib ki, “biz mandatı - onun zaminini, funksiyalarını, yerləşdiyi məkanı, fəaliyyətini bilməliyik”:

“Onlar dağlarda və ya boş bir sahədə dayanıb kimin haraya atəş açmasını müşahidə edəcəklər? Əvvələn, bu, təhlükəlidir. İkincisi, məsələn, atəşkəsi kimin pozduğunu müşahidə etmək üçün hətta onu kimin pozduğu müəyyən edilsə belə, sonra nə olsun? Həmin insanları məsuliyyətə cəlb edəcəklər? Hansısa cinayət işləri açılacaq?”

Prezident deyib ki, ilk növbədə, baza prinsiplərinin implementasiyası qaydası müəyyən edilməlidir.

“Erməni tərəfi, baş nazirin şəxsində bu prinsiplərə sadiqliyini dəqiq təsdiq etməlidir. Erməni tərəfi isə baş nazirin şəxsində hər şeydən danışır, amma bu barədə danışmır”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir.

Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 70 civarında kəndi, Cəbrayıl, Füzuli şəhərlərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

XS
SM
MD
LG