Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:51

İnformasiya müharibəsinin ‘muzdlular’ı


Dağlıq Qarabağ
Dağlıq Qarabağ

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Ron Sinovits yazır ki, həqiqətdi, ya yox, suriyalı muzdlular məsələsi münaqişənin informasiya müharibəsinin tərkib hissəsinə çevrilib

Sentyabrın sonunda Azərbaycanla Ermənistan arasında təmas xəttində əməliyyatlar başlayanı Qərb mediasında suriyalı muzdlular haqda iddialar səslənib. Ancaq Bakı və Ankara əməliyyatlarda suriyalı muzdlulardan istifadəylə bağlı deyilənləri qətiyyətlə rədd edirlər.

AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Ron Sinovits yazır ki, həqiqətdi, ya yox, suriyalı muzdlular məsələsi münaqişənin informasiya müharibəsinin tərkib hissəsinə çevrilib.

İlk dəfə oxşar iddiaları “Reuters”, BBC kimi media orqanları ortaya atıb. Daha sonra Britaniyanın “The Guardian”, “The Independent” qəzetləri öz mənbələrinə istinadən mövzunu davam etdiriblər. Onlar Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun veteranlarından müsahibə aldıqlarını yazıblar, həmin şəxslər Türkiyədə özəl şirkət tərəfindən Azərbaycana göndərildiklərini, hətta buna görə onlara 1200-2000 dollar maaş vəd olunduğunu deyiblər. Amma məsələnin həssaslığından dolayı adlarının çəkilməsini istəməyiblər.

Prezident hələ də dəlil gözləyir

Fransa Prezident Emmanuel Makron, İran Prezidenti Hasan Ruhani, Rusiyanın kəşfiyyat rəsmiləri də suriyalı muzdluların Azərbaycanda döyüşməsi iddialarını dəstəkləsələr də, ortaya dəlil qoyan olmayıb. Elə Azərbaycan Prezidenti İlham Əliyev də son günlər xarici media orqanlarına müsahibələrində bu iddiaları əsaslandıracaq dəlil gözlədiyini vurğulayıb.

“Bizdə muzdlular yoxdur. Bu, bizim rəsmi bəyanatımızdır. Toqquşmalar başlayandan artıq 2 həftədən çox vaxt keçib və heç bir ölkə bizə buna dair bir dəlil belə təqdim etməyib. Bundan əlavə, bizim buna ehtiyacımız yoxdur. Bizim 100 mindən çox döyüşçüdən ibarət ordumuz var. Bizim hazırda döyüş meydanında etdiklərimiz ordumuzun öz torpaqlarını özünün azad etməyə qadir olduğunu göstərir”, – Prezident Əliyev oktyabrın 24-də “France 24” televiziyasına müsahibəsində deyib.

Bir neçə gün öncə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin başçısı Sergey Narışkin xəbərdarlıq edib ki, region “beynəlxalq terrorçu təşkilatların” Rusiyaya və qonşu ölkələrə girməsi üçün yeni tramplinə çevrilə bilər. Türkiyə və Azərbaycan rəsmiləri isə belə iddiaları rədd edib. Türkiyə Prezidenti Recep Tayyip Erdogan oktyabrın 14-də deyirdi ki, “suriyalıların öz ölkələrində görməli olduqları iş var, oraya getməyəcəklər”.

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Suriyadan silahlıların Azərbaycana göndərilməsi haqda şayiələri Ermənistan tərəfinin daha bir provokasiyası və tamamilə cəfəngiyat” adlandırıb.

Türkiyəli ekspert:"Türkiyə və Rusiya üz-üzə qalmaq istəməz"
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

Azərbaycanlı fəallar da iddialara inanmır

Elə azərbaycanlılar da suriyalı döyüşçülərlə bağlı iddiaları təsdiqlənməmiş sayır, ölkəni gözdən salmağı hədəfləyən dezinformasiya kampaniyasının bir hissəsi hesab edirlər.

İnsan haqları fəalı Anar Məmmədli bu iddialar ortaya çıxanda tvitində yazırdı ki, Türkiyənin Azərbaycana siyasi dəstəkdən savayı hərbi dəstəyinə konkret fakt yoxdur.

“Təsdiqlənməmiş və naməlum mənbələr hesabına belə manipulyasiya vasitəsilə onlar münaqişəyə dini don geyindirməyə çalışırlar”, – o yazıb.

Jurnalist Seymur Kazımov münaqişə zonasından radioya müsahibəsində deyib ki, “biz tərəfdə suriyalıların döyüşməsi haqda şayiələr həqiqətə uyğun deyil. Buna dəlil yoxdur”.

Kazımovun sözlərinə görə, “qalmaqalı” bir xarici jurnalist başladıb, o, “adsız, fotosuz bir nəfərin dedikləri əsasında məqalə yazıb. Başqa heç nə. Bunu heç kəs təsdiqləməyib”.

“Hətta bir jurnalist olaraq mənim üçün bu informasiya əldə etmək mümkün deyil”, – deyən Kazımov Azərbaycan tərəfdə öldürülən, yaxud yaralanan suriyalı muzdlunun olmadığını vurğulayıb.

Bu arada Qərb mediası artıq Azərbaycanda öldürülmüş muzdluların cəsədlərinin repatriasiyasından yazmağa başlayıb. “The Washington Post” oktyabrın 13-də 52 muzdlunun cəsədinin İstanbula göndərildiyini iddia edib.

Azərbaycan ordusu Füzuli şəhəri ətrafında möhkəmlənir
Gözlə

No media source currently available

0:00 0:09:59 0:00

Sosial media videoları

Müəllif qeyd edir ki, suriyalı muzdlulardan təkcə beynəlxalq media təşkilatları və müstəqil təhlilçilər danışmır. Sosial mediada yayılan bəzi videolarda münaqişədə suriyalı döyüşçülərin iştirakı iddia olunur. Ancaq aydındır ki, sosial media postlarının həqiqiliyini təsdiqləmək çətin olur, yəni fərqli oyunçular dezinformasiya kampaniyasının bir hissəsi kimi saxta videolar yaya bilərlər.

AzadAvropa/AzadlıqRadiosu-nun Şimali Qafqaz xidməti oktyabrın 4-də sosial mediaya yerləşdirilmiş bir qısa videonu təhlil edib. Həmin videoda guya çeçen döyüşçülərin Dağlıq Qarabağ zonasında olduğu görünürdü.

Radio 37 saniyəlik videonun əslində Krımda çəkildiyini müəyyən edib. Ukraynanın Qara dəniz region olan Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

Britaniyada mənzillənən Bellingcat araşdırma saytı oktyabrın 7-də açıqladığı hesabatda bir Telegram kanalından bəhs edirdi. Rusiyanın Vaqner muzdlu şirkətinə bağlı həmin kanal Suriyada çəkilmiş fotolardan istifadə edərək Dağlıq Qarabağ üzrə təhlilçilərdə rusiyalı döyüşçülərin münaqişədə iştirakı fikrini yaradıb.

Azərbaycanda və Ermənistanda müharibə əleyhdarları
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00

Türkiyəyə ittihamlar ilk dəfə səslənmir

Müəllif yazır ki, Türkiyənin Suriyada dəstəklədiyi döyüşçüləri digər ölkələrdə savaşmağa göndərməsi iddiaları ilk dəfə deyil səslənir. BMT-nin ekspertlər paneli deyirdi ki, 2019-cu ilin dekabrında Türkiyə 5 minədək suriyalı döyüşçünü Liviyada beynəlxalq ictimaiyyətin tanıdığı Milli Razılıq Hökumətinə (MRH) dəstəyə göndərib.

BMT-nin elə həmin qurumu onu da bildirirdi ki, Rusiya təhlükəsizlik podratçıları Assad rejimini dəstəkləmiş 1200 suriyalını MRH-nın rəqibi Xəlifə Kaftar üçün savaşmağa cəlb edib.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 40 civarında kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

XS
SM
MD
LG