Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:28

Bestseller siyahıları necə hazırlanır


Kitab
Kitab

Dünyanın bir çox yerində həftəlik bestseller siyahıları çıxır. Onlardan biri "The New York Times"ın hər çərşənbə günü onlayn dərc olunan bestseller siyahısıdır. Siyahılar həm də 11 gün sonra "Book Review" jurnalının çap versiyasında çıxır və dərhal ABŞ və Kanadanın bütün kitabxanalarına yayılır.

"The New York Times" qəzeti yazır ki, bu siyahıların hazırlanması asan başa gəlmir. Kitabların bestseller siyahısına düşməsini və siyahıdakı yerini satış sayları müəyyən etdiyindən ABŞ-ın hər yerindən nəhəng, orta və kiçik kitab dükanları hər həftəsonu bu məlumatı "The New York Times"ın müvafiq işçilərinə göndərir. Beləliklə siyahını tərtib edən heyət hər həftə on minlərlə kitab dükanından milyonlarla kitabın satış sayları haqda məlumat toplayır. Bura onlayn, ixtisaslaşmış və müstəqil kitab dükanları da daxildir.

Hər həftə 11 siyahı dərc olunur

Bu, çox böyük həcmdə məlumat deməkdir. Üstəlik, bir kitabın bir neçə beynəlxalq standart kitab nömrəsi (ISBN) ola bilər. Bu nömrə kitabın identifikasiya nömrəsi kimidir və onun satıldığı kitab dükanına görə dəyişə bilər. Bestseller siyahısını tərtib etmək üçün bu nömrələr vahid sistemdə birləşdirilir və hər bir nömrəni daşıyan kitabların satış dinamikası izlənilir. Siyahı dərc olunana qədər bütün iş gizli saxlanıldığından kitab, müəllif və dükanlar üçün kod adlarından istifadə olunur.

Həftənin əvvəli, artıq məlumatın 75%-i toplanmış olanda siyahını tərtib edən əməkdaşlar kitabların kağız üz qabığında və naşirlərin səhifələrində gedən məlumatlar əsasında qısa təsvirlər hazırlayırlar. Hər həftə 11 siyahı dərc olunur. Hər həftə bu siyahılara 10-12 yeni kitab əlavə olunur. Bəzi həftələrdə isə yeni başlıqların sayı 40-a çatır.

Heyət başlıq, müəllif və naşirin adlarının tam dəqiq olmasına nəzarət etməli, kitab haqqında məlumatların qısa zaman ərzində kiçik, kompakt hala salınmasını təmin etməlidir. Bu isə o deməkdir ki, reytinq cədvəlini kitabları oxumadan tərtib edirlər. Çünki bestseller siyahıları kitaba rəy vermək, onun nə dərəcədə yaxşı olduğunu göstərmək üçün deyil. Bu siyahılar yalnız satış sayları əsasında tərtib edilir.

Beləliklə, bütün miflərə rəğmən, siyahılar irihəcmli məlumatları təhlil edən kompüterlər tərəfindən yox, real insanlar tərəfindən tərtib olunur.

Çərşənbə günü axşam...

Çərşənbə axşamı günün ikinci yarısı yekun reytinq siyahıları müəyyənləşdirilir. Topdan alınan kitablar siyahını hazırlayan heyəti qətiyyən maraqlandırmır. Məqsəd fərdi istehlakçıların və qiraət qruplarının, məsələn, kitab klublarının hansı kitabları aldığını öyrənməkdir.

Daha sonra redaktor bütün reytinq siyahılarını əvvəldən sonadək oxuyur. Digər iki komanda üzvü isə diqqətlə siyahının doğruluğunu, səhvlərin olub-olmamasını yoxlayır.

Siyahılara yeni düşən kitabların qısa təsviri hazır olandan sonra onlar da çox diqqətlə redaktə olunur və yalnız bundan sonra abunəçi bülletenlərində, vebsaytda və "Book Review" jurnalının kağız versiyasında dərc edilir. Artıq çərşənbə gününün axşamı siyahıların bəyənilib-bəyənilmədiyi məlum olur. Ancaq bu reaksiyadan asılı olmayaraq, redaksiya heyəti bilir ki, bu siyahılar üçün oxucuların mühakiməsindən çox onların ətrafındakı müzakirələr vacibdir. Hər həftə də bu söhbətlər fərqli olur. "Kitab dünyasında və bizim mədəniyyətimizdə trendləri həqiqətən anlamağın yeganə yolu bir neçə həftə, bir neçə ay və hətta bir neçə il ərzində bu siyahıları izləməkdir", – qəzet yazır.

XS
SM
MD
LG