Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

Prezidentin BMT tədbirində dedikləri təsdiqlənirmi?


İ.Əliyev
İ.Əliyev

Prezident İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində bu qurumun 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda deyib ki, Azərbaycan sabit, müasir və demokratik ölkədir. Onun vurğulamasına görə, demokratiyanın inkişafı və insan hüquqlarının qorunması hökumətinin başlıca prioritetləri sırasındadır.

"Bütün fundamental hüquqlar... təmin edilir"

"Bütün fundamental hüquqlar, o cümlədən ifadə azadlığı, media azadlığı, toplaşma azadlığı, dini etiqad azadlığı və vətəndaş cəmiyyətinin inkişafı tam şəkildə təmin edilir", - o əlavə edib.

Amma dövlət başçısının bu dedikləri ilə beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları üst-üstə düşmür.

"Freedom House" təşkilatının son hesabatına əsasən, Azərbaycan internet azadlığına görə "qismən azad ölkələr" kateqoriyasından "azad olmayan ölkələr" kateqoriyasına düşüb. 2018-ci ilin müvafiq hesabatında Azərbaycan "qismən azad ölkələr" kateqoriyasında olsa da, azad olmayan ölkələrlə "həmsərhəd" idi. Artıq 2019-ci il İnternet Azadlığı (Freedom of the Net) hesabatında Azərbaycanın adı virtual aləmdə sərbəstliyin daraldığı ölkələrin sırasında çəkilib.

Beynəlxalq hesabatlara görə, Azərbaycanda media azadlığı sahəsində də vəziyyət yaxşı deyil. "Sərhədsiz reportyorlar" beynəlxalq təşkilatının iyul ayında açıqlanan 2020-ci il hesabatında Azərbaycan 180 ölkə arasında 168-ci olub.

A.Əliyev
A.Əliyev

"Qol çırmayıb iş görmək daha yaxşı olar"

"Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyevin AzadlıqRadiosuna deməsinə görə, hazırda dünyada elə bir vəziyyətdir ki, heç kim sinəsini qabağa verib, "mən sabit ölkəyəm, məndə bütün hüquqlar qorunur" deyə bilməz: "Günü bu gün, artıq Böyük Britaniyada, Fransada koronavirus pandemiya ilə bağlı məhdudlaşdırıcı qaydalar qəbul olunur, çünki dünyada vəziyyət problemlidir".

Azərbaycana gəlincə isə, A.Əliyevin fikrincə, pandemiyadan əlavə də ciddi problemləri var.

Belə tezislərin irəli sürülmə səbəblərini başa düşdüyünü deyən jurnalist hesab edir ki, "sinə irəli verməkdənsə qol çırmayıb iş görmək daha yaxşı olar": "Çünki ölkədə konkret media azadlığı və media idarəçiliyi ilə bağlı çox ciddi problemlər mövcuddur. Bunlar həm də davam etməkdədir. Bu da ondan irəli gəlir ki, ölkədə müstəqil medianın yaşaması üçün mühitin özü ağırdır. Ona görə də belə ifadələrə bir az ehtiyatla yanaşardım. Çünki problem dünyanın problemidir. Hətta demokratiyanın beşiyi sayılan ölkələr də özünü öyə bilməz".

Media eksperti, hüquqşünas Ələsgər Məmmədli də deyib ki, istənilən halda Azərbaycanın müasir, azadlıqları qoruyan, hüququn aliliyini qəbul edən ölkə olmasını arzu edir:

Ə.Məmmədli
Ə.Məmmədli

"Burada da çoxsaylı problemlər var"

"Media azadlığı baxımından dünyada 168-ci yerdəyik və bu tendensiya neçə illərdir ki, davam edir. Bugün üçün reytinq çox geridədir. "Azad olmayan ölkələr" kateqoriyasına daxilik. İnternetlə bağlı da yenə də azad olmayan ölkələr sırasındayıq. Vətəndaş cəmiyyətinin, sərbəst toplaşma azadlığının durumu bəllidir, burada da çoxsaylı problemlər var".

O xatırladıb ki, Konstitusiyada bütün azadlıqlar əksini tapıb: "Problem odur ki, praktikada bunların tətbiqi ilə bağlı problemlər var. Bu problemlər yerli məhkəmələrdə həllini tapmır. Məsələ Avropa İnsan Haqları Məhkəməsi (AHİM) qərarlarına gedib çıxır, hətta AİHM qərar verdikdən də sonra icrası illərlə vaxt alır. Hökumət isə ancaq kompensasiyanı ödəyir. Qanunvericiliyin liberallaşması və pozuntulara yol verənlərin hüquqi məsuliyyəti kimi məsələlər həllini tapmır".

Mətbuat Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə "Turan" agentliyinə deyib ki, ölkədə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsində də uğurlu islahat aparılıb. Onun vurğulamasına görə, son vaxtlar media sahəsində lazımi layihələr reallaşdırılır.

Şura üzvü əlavə edib ki, mətbuat üzərində hər hansı dövlət nəzarəti mexanizmi mövcud deyil, mətbuat tam və birmənalı şəkildə fəaliyyətini qurub, özünü tənzimləyən qurum kimi fəaliyyət göstərir:

V.Rəhimzadə
V.Rəhimzadə

"Dövlət maraqlıdır ki,..."

"Dövlət maraqlıdır ki, ölkədə müstəqil mətbuat daha da inkişaf etsin, genişlənsin. Azərbaycanda kifayət qədər peşəkar jurnalistlərin fəaliyyəti üçün münbit şəraitin formalaşdırılması dövlətin apardığı siyasətin ana xəttini təşkil edir".

V.Rəhimzadə hesab edir ki, media sahəsindəki son dəyişikliklər də vacib addımlar olub, bu dəyişikliklər Azərbaycan mətbuatında daha yüksək hədəflərə nail olmaq üçün əhəmiyyətlidir: "Mən mətbuat nümayəndəsi olaraq hesab edirəm ki, Azərbaycanda jurnalistika sahəsində çalışan insanların həyatında, bütünlükdə cəmiyyətdə dəyərli addımların reallaşmasının şahidiyik".

XS
SM
MD
LG