Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

'Kino... aktyorun yaşaması və bir qarın çörək qazanması səviyyəsindədir'


A.Kərimov
A.Kərimov

Mədəniyyət nazirinin birinci müavini (nazir vəzifəsini icra edən) Anar Kərimov sentyabrın 17-də Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bu sahə üzrə strategiya hazırlanmasının vacibliyindən danışıb.

A.Kərimov deyib ki, həm hərbi, həm də iqtisadi gücü olan ölkələr mədəniyyət sahəsində əməkdaşlığa böyük önəm verir: "Yumşaq güc vasitəsilə cəmiyyətlərin müqaviməti olmadan işlər görə bilir. İkincisi, öz mədəniyyətlərinin təbliği üçün bunu edir. Ancaq ən önəmlisi onlar yumşaq güc vasitəsilə təsir imkanlarını artıra bilir. Biz bu sahədə fəaliyyətimizi daha da gücləndirməliyik...".

Əslində, hələ 2014-cü ildə Azərbaycanda Mədəniyyət Konsepsiyası qəbul edilib. Orada bir çox istiqamətlər kimi A.Kərimovun haqqında danışdığı beynəlxalq əməkdaşlıq məsələləri də yer alır.

Sənəddə yazılanlara görə, Azərbaycan Mədəniyyət Konsepsiyasının əsas məqsədi xalqın bütövlüyünün qorunması şərti ilə bu siyasətin təminat mexanizmlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, mədəni irsin qorunması, yaradıcılığın dəstəklənməsi və inkişafın təmin olunmasından ibarətdir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Abidələr sökülür, film istehsalı zəif..."

Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, mədəniyyətin təbliği və mədəni abidələrinin qorunmasının indiki səviyyəsindən razı deyil: "Abidələr sökülür, kitab nəşri yox, film istehsalı zəif, indiki halda hansı yeni strategiyadan danışılır. Mədəniyyət sahəsinin acınacaqlı duruma düşdüyünü etiraf etmək lazımdır".

S.Rüstəmxanlı deyib ki, son illərdə ölkənin rayonlarında klublar, kitabxanalar yarıbayarı azalıb, işçilər işdən çıxarılıblar, həmin binaların kimlərə verildiyi bilinmir.

Onun qeyd etməsinə görə, Mədəniyyət Nazirliyinin xətti ilə ildə 500-1000 nüsxə olmaqla 50-60 kitab nəşr edilir, onlar kitabxanalara belə çatmır. Deputat hesab edir ki, əsas təbliğat vasitəsi filmdir, bütün ölkələr yeni filmlər yaradırlar, Azərbaycanda isə texniki təchizat və başqa səbəblər üzündən yeni filmlər çəkmək mümkün deyil.

"Abidələrin qorunması üçün kifayət qədər vəsait ayrılır, amma..."

S.Rüstəmxanlının fikrincə, abidələrinin qorunması da yetərli deyil: "Abidələrin qorunması üçün kifayət qədər vəsait ayrılır, amma normal bərpa edilən bir abidə yoxdur, bu işdə sistem görünmür. Milli mədəniyyətin təbliği çox aşağıdır, bununla da heç nə etmək olmaz".

İ.Cahangir
İ.Cahangir

Əməkdar artist İlqar Cahangir də AzadlıqRadiosuna deyib ki, mədəniyyətin indiki səviyyəsi arzuedilən deyil.

"...dünya çapında təqdimata imkan vermir"

Onun fikrincə, yerli filmlərin, tamaşaların indiki səviyyəsi dünya çapında təqdimata imkan vermir: "Ölkənin indiki kino və teatr tamaşaları hazırkı şəraitdə xalqın sahib olduğu mədəniyyəti dünyaya göstərməyə yox, aktyorun yaşaması və bir qarın çörək qazanması səviyyəsindədir".

İ.Cahangir hesab edir ki, sənət yaratmaq özü mərhələdir, bu zaman maddi baxımdan qazanc güdülmür: "Həm maddi, həm fiziki imkanlar azdır, üstəlik, buna maneələr də var. Çox məqamlar var ki, istədiyimizi ortaya qoya bilmirik. Filmlər ən güclü təbliğ və təqdimat platformasıdır, amma hələ ki, ondan istifadə edilməyib. İndi ölkədə çəkilən filmlərlə dünya çapına çıxılmayıb, çıxılması da gözlənilmir".

İ.Cahangir bu sahədə kardinal dəyişiklik olacağına o qədər də ümidlə yanaşmır.

"Turan" agentliyi bu fikirlərlə bağlı nazir vəzifəsini icra edən A.Kərimovun mövqeyini də öyrənmək istəyib. Amma agentliyin xəbərinə görə, Mədəniyyət Nazirliyinin mətbuat xidməti onlara sorğu ilə müraciət etməyi təklif edib və 10 günə suallara cavab veriləcəyini bildirib.

XS
SM
MD
LG