Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:39

Noviçok Navalnının qaldığı oteldə su butulkasından tapılıb


Navalnının Tomskda qaldığı otel
Navalnının Tomskda qaldığı otel

Bu haqda Navalnının komandası sentyabrın 17-də məlumat yayıb və antikorrupsiya fəalının aeroportda deyil, oteldə zəhərlənməsi ehtimalını irəli sürüb

Kremlin tənqidçisi Aleksey Navalnını zəhərləmək üçün istifadə olunan sinir qazı onun Sibirin Tomsk şəhərində qaldığı otel otağında boş su butulkasında aşkarlanıb. Bu haqda Navalnının komandası sentyabrın 17-də məlumat yayıb və antikorrupsiya fəalının aeroportda deyil, oteldə zəhərlənməsi ehtimalını irəli sürüb.

“Məsələnin Rusiyada araşdırılmayacağı aydın idi”

Navalnı ötən ay Tomskdan Moskvaya uçarkən təyyarədə özünü qəfil pis his edib, bir neçə gündən sonra Berlinə aparılıb. Almaniya onun Noviçok sinir qazıyla zəhərləndiyini bildirib. Rusiya isə müxalifətçinin zəhərlənməsinə dəlil tapmadığını deyir.

Navalnının “Instagram” hesabında yerləşdirilmiş videoda onun komanda üzvləri avqustun 20-də Tomskdakı Xander otelində qaldığı nömrədə axtarış aparırlar. Axtarış müxalifətçinin şübhəli vəziyyətdə özünü pis hiss etməsi xəbəri yayılandan bir saat sonra aparılıb.

“Qərara alındı ki, hətta nəzəri baxımdan faydalı ola biləcək hər şey toplansın və Almaniyada həkimlərə verilsin. Məsələnin Rusiyada araşdırılmayacağı aydın idi”, – postda vurğulanır.

Videoda komanda üzvlərinin boş mineral su butulkalarını, digər əşyaları qoruyucu əlcəklə topladığı görünür.

“İki həftə sonra Almaniyadakı laboratoriya Tomskdakı otel otağında su butulkasından Noviçok izləri tapıb”, – postda deyilir.

“Aeroporta getməmişdən zəhərlənib”

“Bundan sonra Alekseydən götürülmüş başqa analizlər də onun zəhərləndiyini göstərdi. İndi biz anlayırıq: o otel otağını tərk edib aeroporta getməmişdən bu həyata keçirilib”, – məlumatda bildirilir.

Rusiya istintaq öncəsi yoxlamalar aparıb, ancaq işlə bağlı cinayət işi açılmağa tibbi təhlili görməli olduğunu bildirib.

“Proyekt” nəşri yazır ki, Navalnının qaldığı nömrənin lobbisindəki kameralar nə baş verdiyini anlamağa kömək edərdi. Amma güc strukturları müşahidə kameralarını və ona çıxaşa imkan verən texnikanı serverdən ayırıblar. Otel əməkdaşı hazırda oteldə videomüşahidə aparılmadığını bildirib.

Britaniya sentyabrın 16-da bəyan edib ki, Navalnıya hücumu Rusiya kəşfiyyat xidmətlərinin həyata keçirməsi dəqiqdir və kimyəvi silahdan istifadə qəbuledilməz olduğundan Rusiya buna görə cavab verməlidir.

Navalnı Prezident Vladimir Putinin qatı tənqidçilərindəndir.

XS
SM
MD
LG