Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 15:44

NATO Navalnının zəhərlənməsini müzakirə edəcək


Aleksey Navalnı
Aleksey Navalnı

Sentyabrın 4-də NATO üzvləri xüsusi iclasda rusiyalı müxalifət lideri Aleksey Navalnının hərbi dərəcəli sinir qazıyla zəhərlənməsini müzakirə edəcəklər.

30 üzvü olan hərbi alyansın Rusiyanı hərtərəfli və şəffaf istintaq aparmağa çağıracağı gözlənir. Amma indilik daha konkret tədbirlərin açıqlanacağı gözlənmir.

Almaniya sentyabrın 2-də elan elədi ki, toksikoloji testlər Kremlin tənqidçisinin Noviçok sinir qazıyla zəhərlənməsinə “birmənalı dəlil” ortaya qoyub.

“Cəzasızlığa dözümlü yanaşılmayacaq”

44 yaşlı Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən xəstələnib, təyyarə Omskda fövqəladə eniş etməli olub. Müxalifətçi Omskda xəstəxanada iki gün qalıb, daha sonra Almaniyaya aparılıb.

Hazırda Navalnı Berlindəki “Charite” xəstəxanasında süni koma vəziyyətindədir.

Almaniya Avropa Birliyi və NATO-dakı tərəfdaşlarını Rusiyaya qarşı birgə reaksiyasına nail olmaq istəyir. Kansler Angela Merkel deyib ki, Navalnıya qarşı “zəhərlənmə ilə sui-qəsd cəhdi” baş verib.

AB hazırda Rusiyaya mümkün sanksiyaları nəzərdən keçirir.

Blokun Xarici siyasət rəhbəri Cozef Borrel sentyabrın 3-də AB üzvləri adından yaydığı bəyanatda Navalnıya “sui-qəsd cəhdi”ni pisləyib, Moskvadan cinayət hərtərəfli araşdırmağı tələb edib.

“Avropa Birliyi birgə beynəlxalq reaksiyaya çağırır, məhdudlaşdırıcı tədbirlər daxil olmaqla uyğun addımlar atmaq hüququnu saxlayır. Cəzasızlığa dözümlü yanaşılmayacaq”, – Borrel vurğulayıb.

Borrel Rusiyadan beynəlxalq kimyəvi silahlara nəzarət qurumuyla hərtərəfli beynəlxalq təhqiqat aparılmasında “tam əməkdaşlıq” tələb edib.

Rusiya Almaniyadan “informasiya gözləyir”

Rusiya isə Navalnı məsələsində indiyədək təkzib mövqeyi tutub.

“Almaniya və digər Avropa ölkələrindəki tərəfdaşlarımızın mühakimə yürütməyə tələsməməsini istəyirik”, – sentyabrın 3-də Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

Peskovun sözlərinə görə, Moskva “şübhəsiz, baş verənlərin səbəbini müəyyənləşdirməkdə maraqlıdır”, ancaq Almaniyadan tapıntılarını Rusiyaya rəsmi şəkildə təqdim etməyi xahiş edib.

“İndiyədək informasiya almamışıq”, – o vurğulayıb.

Bu arada Merkelə “Şimal axını 2” layihəsindən əl çəkmək üçün ölkə içində təzyiq artır. Qara Dənizin dibiylə çəkilən bu kəmər tamamlanma üzrədir, Rusiyadan təbii qazı Almaniyaya çatdırmağı nəzərdə tutur.

“Daha diplomatik rituallar bəs eləmir”, – Almaniya parlamentinin xarici işlər komitəsinin başçısı Norbert Roettgen sentyabrın 2-də deyib.

“Navalnının zəhərlənməsindən sonra Avropa Putinin anlayacağı tərzdə güclü cavab verməlidir: AB ‘Şimal axını 2’ kəmərini dayandırmalıdır”, – Merkelin Xristian Demokratik Birlik partiyasının lideri olmağa namizəd Roettgen deyib.

Merkel ötən həftə Navalnı işinin “Şimal axını 2” ilə əlaqələndirilməsinə qarşı çıxıb. Bu layihəni Birləşmiş Ştatlar və bəzi avropalı tərəfdaşlar tənqid edir.

Almaniya rəsmisi: Putinlə onun başa düşdüyü dildə danışmaq lazımdır
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

ABŞ-ın mövqeyi

ABŞ-ın Milli Təhlükəsizlik Şurası bildirib ki, Birləşmiş Ştatlar “Rusiyada dəlilin gedib çıxdığı şəxslərdən məsuliyyət tələb edəcək, onların məkrli fəaliyyətinə maliyyəni məhdudlaşdıracaq”.

Konqresmenlər Trump administrasiyasını Rusiyaya sanksiyalar tətbiq etməyə çağırıb.

Navalnının zəhərlənməsi Britaniyanın Solsberi şəhərində rusiyalı ikili agent Sergey Skripal və qızının zəhərlənməsini yada salır. Britaniyada aparılan təhqiqat Skripalların Noviçokla zəhərləndiyini müəyyənləşdirib, hücumu Rusiyanın dövlət agentləri tərəfindən həyata keçirildiyini iddia edib.

Moskva təhqiqatla əməkdaşlıqdan imtina edəndən sonra Britaniya hökuməti Rusiyanın 23 diplomatını qovub. ABŞ və digər Avropa ölkələri də oxşar addımlar atıblar.

Navalnının həmkarları lap əvvəldən onun zəhərlənməsi arxasında Rusiya dövlətinin dayandığını deyib.

Korrupsiyaya qarşı mübarizə aparan Navalnı dəfələrlə hücuma məruz qalıb, həbs olunub.

O, Sibirə korrupsiya araşdırması üçün getmişdi.

XS
SM
MD
LG