Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 13:36

Prigozhin Navalny-dən borcunu tələb edir


Yevgeny Prigozhin
Yevgeny Prigozhin

Kremlə bağlı biznesmen Yevgeny Prigozhin Rusiyanın müxalifəti lideri Aleksei Navalny-dən məhkəmənin kəsdiyi 1,2 milyon dollara yaxın cəriməni tələb edir.

Prigozhin-ə “Prezident Vladimir Putin-in aşpazı” deyirlər, çünki “Concord” şirkəti Kremli ərzaqla təchiz edir.

88 milyon rubl

Media “Wagner” özəl muzdlu şirkətinin də ona mənsub olduğunu bildirir, amma özü bunu təkzib edir.

44 yaşlı hüquqşünas, korrupsiyaya qarşı mübarizə aparan Navalny hazırda Berlində Charite xəstəxanasında süni komadadır. O, Sibirdən Moskvaya qayıdarkən özünü pis hiss edib. Almaniyada həkimlər analizlərin xolinesteraz inhibitorla zəhərlənmə əlamətlərinin aşkarlandığını deyirlər. Bu maddə siniri sıradan çıxaran maddələrdə olur.

“Concord”un mətbuat xidməti bu həftə sosial mediada yaydığı bəyanatda Prigozhin-dən sitat gətirir. O, məhkəmənin ötən il çıxardığı qərarın icrasını tələb edəcəyini deyir. Qərarda Navalny və həmkarlarının ona videoreportajın vurduğu ziyana görə 88 milyon rubl (1,2 milyon dollar) ödəməlidir.

“Mən bu prinsipsiz şəxslərin paltar və ayaqqabılarını da əllərindən alacağam”, – deyən Prigozhin ödənişin birbaşa özünə verilməsini tələb edir, çünki reportajda adı çəkilən şirkətin pulunu ödəyib.

“Yoldaş Navalny o biri dünyaya gedərsə...”

Prigozhin deyib ki, “yoldaş Navalny o biri dünyaya gedərsə, onu şəxsən daha bu dünyada təqib etmərəm. Bunu qeyri- müəyyən müddətə təxirə salaram”, – o deyib.

Amma əgər Navalny salamat qalarsa, “Rusiya qanunvericiliyinin bütün sərtliyi ilə” məsuliyyət daşıyacaq.

Məhkəmənin ötən oktyabrda çıxardığı qərarda deyilir ki, Navalny, onun həmkarı Lyubov Sobol və təsisçisi olduğu Anti-Korrupsiya Fondu məktəblərə nahar paylayan “Moskovsky Shkolnik” şirkətinə 88 milyon rubla yaxın vəsait ödəməlidir.

Mediada bu şirkətin Prigozhin-ə məxsus olduğu yazılsa da, özü bunu təkzib edirdi.

Fondun hazırladığı video araşdırmada şirkət bazarı monopoliyada saxlamaqda ittiham olunur, hazırladığı ərzağın keyfiyyətsiz olduğu, uşaqları xəstələndirdiyi deyilirdi.

Navalny iyulda fondu rəsmi olaraq bağladı ki, cərimənin quruma aid hissəsini ödəməsin.

Fondun direktoru Ivan Zhdanov avqustun 26-da tərəfdarlarına müraciətində iddia edib ki, Navalny-ni fondun araşdırmalarına görə zəhərləyiblər.

XS
SM
MD
LG