Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:23

Banklardan pullarını niyə ala bilmirlər?


Manat
Manat

Avqustun 18-də bu il lisenziyası ləğv olunan "AmrahBank"ın əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib.

Bankın qarşısına toplaşan əmanətçilərin sözlərinə görə, Konstitusiya Məhkəməsi bu il üç bağlanmış bankla – "AG Bank", "AtaBank" və "NBCBank"la bağlı əmanətçilərin xeyrinə qərarı çıxarsa da, "AmrahBank"la bağlı məhkəməyə müraciət edilməyib. "Biz soruşduq ki, "AmrahBank"la bağlı niyə məhkəməyə müraciət edilməyib, bildirdilər ki, bu bankla bağlı qlobal problem yox idi. Əgər, deyildiyi kimi, "AmrahBank"da problem yoxdursa, hesablarda olan blok niyə açılmır? Bizə dedilər ki, bu üç banka şamil olunan qərar sizə də şamil olunacaq", - şikayətçilər qeyd ediblər.

Şikayətçilərin demələrinə görə, avqustun 12-də Əmanətlərin Sığortalanması Fondunun direktoru onlara bildirib ki, ayın 14-də hesablara qoyulmuş blok açılacaq.

"Gələn həftə də bizi bir sürpriz gözləsə, təəccüblənmərik"

"Amma ayın 14-də açılmadı, hətta dünən də (avqustun 17-si) açılmadı. Dünəndən isə onlar başqa söz danışırlar, növbəti həftəyə bu məsələnin həllini planlaşdırırlar. Halbuki, digər üç bankın əmanətlərinin qaytarılmasına başlayıblar. Gələn həftə də bizi bir sürpriz gözləsə, təəccüblənmərik", - şikayətçilər vurğulayıb.

Polis əməkdaşları toplaşanlara ərazini tərk etməyə və Əmanətlərin Sığortalanması Fonduna getməyi məsləhət görüblər.

Aksiya insidentsiz başa çatıb.

Amma son aylar aksiya keçirən tək "AmrahBank"ın əmanətçiləri deyil.

Bu günlər hələ dörd il əvvəl bağlanan banklardan da bəzisinin əmanətçiləri etiraz aksiyası keçiriblər. Sonuncu belə aksiyanı isə dünən, avqustun 17-də 2016-cı ildə bağlanan "Bank Standard"ın bir qrup əmanətçisi təşkil edib. İyul ayında da bu il bağlanan bankların əmanətçiləri ardıcıl toplantılar keçiriblər.

Ə.Həsənov
Ə.Həsənov

"Əsas problem şəffaflığın, nəzarətin olmaması, əmanətlərin tam qaytarılmaması..."

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, hazırda ölkə üzrə 15-dən çox bank ləğv prosesindədir və bu tip bankların hamısında problemlər oxşardır: "Bu məsələdə əsas problem şəffaflığın, nəzarətin olmaması, əmanətlərin tam qaytarılmaması, problemin həllində kreditorların prosesdən kənarda saxlanmasıdır".

Ə.Həsənov hesab edir ki, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bankların ləğvi və əmanətlərin qaytarılması prosesinə tam nəzarət edə bilmir və təkbaşına bunu həll etmək mümkün də deyil. Onun fikrincə, digər tərəfdənsə, prosesə tam nəzarət üçün kreditorlar komitələri təsis edilmir:

"Kreditorlar komitələri təsis edilməlidir"

"Komitələrin formal fəaliyyət göstərməməsi üçün ona səlahiyyət verilməli, total nəzarət təşkil olunmalıdır. Bu yoxdur. Belə olsa, hətta yuxarılar da ləğv prosesinin normal gedişinə mane ola bilməz".

Ə.Həsənov deyib ki, əmanətləri qaytarmaq üçün Fond bankın əmlakını satmalı, bankın verdiyi kreditləri qaytarmalıdır: "Məsələnin şəffaf olmaması isə burada üzə çıxır. Bankın əmlakı satılmır, satılanda hansı şərtlə satıldığı məlum olmur, çünki bu informasiyalar qapalıdır...".

Ekspertə görə, əmanətçilərin pulları hesabına bədxərclik edilir, çoxsaylı işçi saxlanılır.

Ə.Həsənov əmanətçilərin pullarının qaytarılması üçün aksiyalara əl atılmasını o qədər də məqbul saymır, onun fikrincə, onlar kütləvi şəkildə məhkəmələrə müraciət etməlidirlər: "Problem həllini tapmır. "Röyalbank"da 8 ildir ki, ləğvetmə prosesi gedir, amma hələ də proses bitməyib".

Milyardlar...

Ekspertin deməsinə görə, 2016-cı ildə bağlanmış "Bank Standard"da, "Texnikabank"da və başqalarında illərdir ki, ləğv prosesi getsə də, əmanətlərin tam qaytarılması təmin edilməyib: "Ləğv prosesində olan 15 bankın hamısının təkcə əhaliyə ödəyəcəyi 1 milyard manatdan çoxdur. Amma orada sahibkarların da pulları var, burada isə söhbət bir neçə milyard manatdan gedir...".

İstər aksiyaçıların şikayətinə, istərsə də ekspert dəyərləndirmələrində tənqidi fikirlərə, hələlik, Əmanətlərin Sığortalanması Fondu və Mərkəzi Bankdan münasibət almaq mümkün olmayıb.

V.Əhmədov
V.Əhmədov

Amma deputat Vahid Əhmədov bu məsələlərə bir qədər nikbin yanaşır və buna əsas kimi Konstitusiya Məhkəməsinin bu il avqustun 10-da açıqladığı qərarı göstərir:

"Konstitusiya Məhkəməsi əmanətçilərin xeyrinə qərar verdi"

"Konstitusiya Məhkəməsi müsbət qərarını əmanətçilərin xeyrinə verdi. Əvvəl problem var idi. İndi mənə elə gəlir ki, həmin məsələlər həllini tapacaq və ciddi problem olmamalıdır. Ayrı-ayrı şəxslərin müəyyən problemləri olsa da, Fonda müraciətlə məsələni müsbət həll edə bilərlər".

Onun "Turan" agentliyinə bildirməsinə görə, əsas problem vəsait problemi idi, söhbət az məbləğdən deyil, milyonlardan gedir: "Vəsaitlərin necə ödənilməsi, sığortalı sayılıb, sayılmaması məsələsi vardı, Konstitusiya Məhkəməsi qərar verdi, əmanətlər sığortalı sayıldı", - deputat vurğulayıb.

Xatırlatma

Avqustun 10-da Konstitusiya Məhkəməsinin Plenumu əmanətlərin sığortalanması ilə bağlı qərarını açıqlayıb. Qərar ləğv olunmuş banklarda ("AtaBank", "NBCBank", "AGBank") olan və bloklanmış əmanətlərlə bağlı idi.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, "Əmanətlərin sığortalanması haqqında" Qanunun 2.1.2.6-cı maddəsinə, "Banklar haqqında" Qanunun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir.

Bundan əlavə, məhkəmə Mülki Məcəllənin 944.1-ci maddəsini də nəzərə alıb. "Bank əmanəti müqaviləsi əmanətçinin əmanəti banka verdiyi andan bağlanmış sayılır və ilkin (əsas) müqavilə kimi qəbul olunmalıdır. Əmanət müqavilələrinin miqrasiya olunduğu tarix əmanət müqaviləsinin bağlanma vaxtı hesab edilə bilməz", qərarda bildirilib.

2020-ci il aprelin 26-da Mərkəzi Bank "AtaBank" ASC, "AmrahBank" ASC, "AGBank" ASC və "NBCBank" ASC-yə inzibatçı təyin etmişdi. Mayın 1-də "AtaBank" və "AmrahBank"ın lisenziyası ləğv edilib.

Daha sonra, mayın 12-də "AGBank" və "NBCBank"ın lisenziyaları da ləğv olunub. "AtaBank" və "AmrahBank"ın lisenziyaları ləğv edilərkən Mərkəzi Bank belə açıqlama vermişdi: "Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdı, xüsusən "AtaBank" ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi".

Qalan iki bankın da lisenziyasının ləğvi, əsasən, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Amma həmin qurumlardan bu dəyərləndirməyə hər hansı bir münasibət bildirilməmişdi.

2015-ci ildə isə Azərbaycanda iki devalvasiyanın baş verməsi və manatın dollar qarşısında iki dəfə dəyər itirməsi nəticəsində bank sektorunda daha ciddi təlatümlər özünü göstərmişdi. Onda 10-dan çox bank bağlanmışdı. Bu da onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilirdi. Həmin banklarda qorunan əmanətlərin 99 faizə qədərinin qaytarıldığı açıqlanmışdı.

Bu ilin əvvəlindən də dünyada neftin ucuzlaşması baş verib. Üstəlik, koronavirus pandemiyasının dünya iqtisadiyyatına ciddi təsir etdiyi bildirilir. Azərbaycanın ixracının 90 faizi neft və qazın payına düşür.

Hazırda Azərbaycanda 26 bank mövcuddur.

XS
SM
MD
LG