Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 17:24

Lukashenka Ukrayna və Rusiyadan kömək istəyir


Alyaksandr Lukashenka, 1 noyabr, 1994-cü il
Alyaksandr Lukashenka, 1 noyabr, 1994-cü il

Belarus Prezidenti Alyaksandr Lukashenka hökumətə göstəriş verib ki, ukraynalı və rusiyalı müstəntiqləri dəvət eləsin, Minskdə saxlanmış 33 rusiyalı muzdlu döyüşçü haqda təhqiqatda kömək istəsin. Muzdlular Rusiyanın “Vagner Group” özəl təhlükəsizlik şirkətinə məxsusdur.

Lukashenka açıqlamanı avqustun 6-da Minskdə hökumətin iclasında verib.

“Belarus, Ukrayna və Rusiya baş prokurorları birlikdə əyləşərək uyğun hesab etdikləri yolu seçməlidirlər”, – prezident deyib.

Onun sözlərinə görə, Rusiya və Ukrayna prokurorları Minskə getməsələr, “biz qərarı özümüz verəcəyik”.

“Aqibətin nə olduğunu bilirik”

Avqustun 5-də Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitry Medvedev Minskə xəbərdarlıq edib ki, özəl təhlükəsizlik şirkətinin muzdluların saxlanması Rusiya-Belarus münasibətləri üçün ağır nəticələr verər.

Lukashenka hökumətin iclasında Medvedev-in dediklərinə dolayısı ilə cavab verib: “Bizi nəticələrlə qorxutmaq lazım deyil. Biz aqibətin nə olduğunu bilirik”.

Prezident onu da deyib ki, Rusiya Belarus hökumətini amerikalılar, yaxud NATO ilə bağlı təhdid etməməlikdir.

“Hər halda, Vagner muzdlularını buraya amerikalılar, yaxud NATO göndərməyib”, – o söyləyib.

Belarus hakimiyyəti iyulun 29-da bildirib ki, Minsk yaxınlığında Vagner Group-dan 32 muzdlu döyüşçü saxlanıb. Onlar 9 avqust prezident seçkisi öncəsi Belarusda sabitsizlik yaratmaq ittihamıyla həbs olunublar.

Ukrayna Baş Prokurorluğunun iyulun 31-də bildirməsinə görə, Kiyev saxlananlardan 28 nəfərin ekstradisiyasını istəyəcək, onlar Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçılarla birlikdə savaşmaqda ittiham olunur. 28 nəfər içində Ukraynanın 9 vətəndaşının olduğu bildirilir.

Belarusun ittihamı

Moskva isə saxlananların hamısının Rusiya vətəndaşı olduğunu deyir. O, Minski saxlananların Rusiyaya qayıtmasına icazə verməyə çağırıb.

Rusiya hakimiyyəti 33 nəfərin Belarusdan keçərək İstanbula, oradan “üçüncü ölkə”yə gedəcəyini bildirir.

Lukashenka bu iddiaları “yalan” adlandırıb, saxlananların Belarusda “rəngli inqilab” planlaşdırdığını iddia edir.

9 avqust prezident seçkisinin Lukashenka üçün çətin sınaq olacağı gözlənir. O, Belarusu 1994-cü ildən bəri idarə edir.

Lukashenka seçki kampaniyası dövründə siyasi opponentlərini sıxışdırıb, yüzlərlə insan saxlanıb. Onların sırasında jurnalistlər, bloqerlər, siyasi fəallar var.

Prezidentliyə müxalifətdən iki potensial namizədə ittihamlar irəli sürülməklə onların seçki marafonuna qatılmasının qarşısı alınıb.

XS
SM
MD
LG