Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:37

ABŞ Rusiyanı kompleks onlayn dezinformasiya əməliyyatında suçlayır


Rusiyanın dezinformasiya əməliyyatı ilə bağlı hesabat
Rusiyanın dezinformasiya əməliyyatı ilə bağlı hesabat

Avqustun 5-də yaydığı yeni hesabatında Dövlət Departamenti bildirib ki, Rusiyanın saxta konspirologiya nəzəriyyələri “beş əsas sütuna” söykənir və məqsəd qarışıqlıq və qorxu yaymaqdır

Birləşmiş Ştatlar Rusiyanı koronavirus və digər məsələlərlə bağlı dezinformasiya və propaqanda yayan təkmil “ekosistem” qurmaqda ittiham edir.

Avqustun 5-də yaydığı yeni hesabatında Dövlət Departamenti bildirib ki, Rusiyanın saxta konspirologiya nəzəriyyələri “beş əsas sütuna” söykənir və məqsəd qarışıqlıq və qorxu yaymaqdır.

Beş sütun

“Rusiya bir çox mövzularda dezinformasiya və propaqanda yaymaqda vacib rol oynayır”, – Dövlət Departamentinin Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin başçısı Lea Gabrielle deyib.

Hesabatda Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisi ətrafında dezinformasiya əməliyyatlarından, yaxud noyabr seçkisi öncəsi onlayn təsir kampaniyası aparıb-aparmamasından söz açılmır. Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzinin mandatı Birləşmiş Ştatlardan kənarda təbliğatı yoxlamaqdır.

Sənəd Kremlin koronavirus pandemiyası haqda dezinformasiya yaymaq cəhdlərinə fokuslanır.

“Bu ekosistem beş əsas sütuna söykənir: rəsmi hökumət kommunikasiyası, dövlət maliyyəsilə qlobal mesaj vermə, proksi mənbələrin inkişaf etdirilməsi, sosial mediadan silah kimi istifadə, kiber alətlərlə dezinformasiya”, – hesabatda vurğulanır.

“Kreml informasiyadan silah kimi istifadənin tərkib hissəsi kimi bu taktikanın və platformaların hazırlanması üçün birbaşa məsuliyyət daşıyır”, – sənəddə deyilir.

Dezinformasiyanı effektiv edən amil

Hesabatın böyük hissəsi Rusiyanın dezinformasiya və propaqandasını yaymaqdan ötrü proksilərdən vebsayt kimi istifadəyə fokuslanır.

“Rusiya bu proksi saytlara bağlılığını gizlətməyə çalışır. Onları effektiv edən də budur, bu saytlara baxan adi insanın bunun əslində Rusiyanın dezinformasiyası olmasını anlaması çətindir”, – Gabrielle söyləyib.

Çinin, İranın və Rusiyanın dezinformasiya əməliyyatları adətən bir-birinə bənzəyir və oxşar taktikaya əl atır.

Hesabatda yeddi proksi saytının adı çəkilir, ölçü və nüfuzuna görə xeyli sayda belə saytların olduğu bildirilir.

Proksilərdən biri Strateji Mədəniyyət Fondudur, Rusiyanın SVR xarici kəşfiyyat agentliyinin birbaşa idarəçiliyində olan onlayn jurnaldır. Hesabatda deyilir ki, jurnal anti-ABŞ və antiqərb fikirlər yaymaqdan ötrü Qərbdə azlıqda olan konspirologiya nəzəriyyəçilərinə yer ayırır, eyni zamanda Rusiya hökuməti ilə əlaqələrini ört-basdır edir.

“New Eastern Outlook” adlı başqa bir vebsyat isə hesabatda Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna bağlı “psevdo-akademik” nəşr adlandırılır, bu vebsaytda da Yaxın Şərq, Asiya və Afrika barədə dezinformasiya və propaqanda yayıldığı bildirilir.

Ən böyük proksi vebsaytı

Dövlət Departamenti Kanadada mənzillənən Qlobal Tədqiqatlar təşkilatını ən böyük proksi vebsaytı hesab edir, onun “Rusiyanın daha geniş dezinformasiya və propaqanda ekosistemində dərindən kök saldığını” bildirir.

Bu vebsayt koronavirus pandemiyasını Qərbin konspirologiyası kimi təqdim etməyə çalışır, virusun Birləşmiş Ştatlardan qaynaqlandığını, onun qlobal elita tərəfindən dünyaya nəzarət üçün hazırlandığını iddia edən məqalələr dərc edir. Koronavirusla bağlı bir məqaləni 70-dən çox vebsayt və nəşr yenidən dərc edib, yaxud onun linkini yayıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi isə Facebook səhifəsində yaydığı bəyanatda qeyd edir ki, hesabatın məqsədi Birləşmiş Ştatlarla əməkdaşlığı hədəfdən yayındırmaq, alternativ informasiya mənbələrini gözdən salmaqdır.

“ABŞ Dövlət Departamenti alternativ informasiya mənbələrinin mövcudluğundan elə də məmnun deyil. Onları gözdən salmaqdan ötrü ciddi resurslar işə salınır. Vaşinqtona zidd olan hər hansı səs “Kremlin və Rusiya kəşfiyyatının” xidmətində olan “dezinformasiya” adlandırılır”, – bəyanatda vurğulanır.

Hazırda dünyada 18,8 milyon nəfər yeni koronavirusa yoluxub, 708 minə yaxın xəstə vəfat edib.

XS
SM
MD
LG