Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 22:22

Türkiyənin ali ruhanisi ‘Atatürkə görə’ tənqid olunur


Türkiyə prezidenti Recep Tayyip Erdogan (sağda) və Diyanet başqanı Ali Erbaş Ayasofyada
Türkiyə prezidenti Recep Tayyip Erdogan (sağda) və Diyanet başqanı Ali Erbaş Ayasofyada

Türkiyədə Din İşləri Müdirliyinin başçısı müasir respublikanın qurucusu Mustafa Kemal Atatürkə toxunan çıxışına görə kəskin təbqid edilir.

Yahoo. news saytı yazır ki, Türkiyədə din işlərinə baxan və Diyanet adlanan qurumun rəhbəri Ali Erbaş bu çıxışı Ayasofya məscid olduqdan sonra verilən ilk cümə xütbəsində edib.

Ötən cümə keçirilən və minlərlə insanın qatıldığı açılış və ibadət mərasimində prezident Recep Tayyip Erdoğan da iştirak edirdi.

Bundan əvvəl prezidentin təşəbbüsü ilə keçirilən məhkəmədə Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair 1934-cü il fərmanı ləğv olunmuşdu.

Erdoğan bu ay Ayasofyanı Din İşləri Müdirliyinin ixtiyarına verən fərman imzalamışdı.

Türkiyə prezidentinin bu qərarı Qərbdə, amma daha çox pravoslav Rusiya və Yunanıstanda narazılıq yaradıb.

Özünün cümə xütbəsində Erbaş demişdi:

"Fateh Sultan Mehmet Xan buranı qiyamətə qədər məscid olaraq qalması üçün vəqf etmişdi. Vəqf ediləni pozan lənətə düçar olar”.

Erbaş bunu da demişdi ki, “o vaxtdan bugünədək Ayasofya təkcə bizim xalqın yox, həm də bütün Məhəmməd ümmətinin müqəddəs ocağı olmuşdur”.

Atatürkün adını çəkməsə də

Ali Erbaş bu şərhlərində Atatürkün adını çəkməsə də, 1934-cü ildə məscidi muzeyə çevirənfərmanın onun tərəfindən imzalanması faktı nəzərə alınarsa, söhbətin məhz müasir Türkiyənin qurucusundan getdiyi məlum idi.

Türkiyənin ana müxalifət partiyaları Ali Erbaşı bu qeydlərinə görə kəskin qınayan bəyanatlar veriblər.

Respublika Xalq Partiyası – CHP-dən Özgür Özel bu barədə Twitter hesabından yazıb:

"Sən Atatürkün yaratdığı Diyanetin başqan kürsüsündə əyləşərkən Atatürkü lənətləyə bilməzsən. Ali Erbaş, and içirəm ki, sən Atatürkü lənətləməyinin hesabını verəcəksən”.

“Toxunulmaz qanunlara” toxunmaq

Sağ təmayüllü İyi partiyası iyulun 27-də Erbaşdan məhkəməyə şikayət verib.

Partiya Ali Erbaşı Türkiyə Konstitusiyasının “toxunulmaz maddələrini” pozmaqda ittiham edir.

Din İşləri Müdirliyi başçısının xütbə zamanı dedikləri sosial media platformalarında hiddət dalğası yaradıb.

Sosial mediada açılmış heşteq “Ali Erbaş, yerini bil” adlanırdı.

Bir Twitter istifadəçisi Erbaşa xitabən yazıb:

“Sən öz sədrliyin dövründə nə zaman Atatürkə dua etmisən? Elə isə Atatürkün yaratdığı Diyaneti tərk et”.

Türkiyənin hazırkı hakim partiyası AKP-nin dini köklərə malik olduğu məlumdur.

Türkiyənin dünyəvi ölkə olaraq qalmasına baxmayaraq müxalifət prezident Erdoğanı Atatürkün dünyəvi ideallarından yayınmaqda ittiham edir.

Diyanet başqanı Ali Erbaşa gəlincə isə o, Hürriyet qəzetinə verdiyi müsahibədə özünə qarşı ittihamları rədd edib. O bildirib ki, lənət məsələsində keçmişi yox, gələcəyi nəzərdə tutub.

O Türkiyə Respublikasının banisini lənətləmədiyini deyib:

"Atatürk 82 il bundan əvvəl ölüb. Ölənlərə lənət yox, rəhmət oxuyarlar”.

XS
SM
MD
LG