Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:31

ABŞ səfiri həmsədrləri ‘şəffaf və fəal’ olmağa çağırır


James S. Gilmore
James S. Gilmore

Birləşmiş Ştatların ATƏT-dəki səfiri James S. Gilmore iyulun 16-da ATƏT-in Daimi Şurasının iclasında “Ermənistan-Azərbaycan beynəlxalq sərhədi boyunca silahlı insident” barədə çıxış edib.

ABŞ səfiri bildirib ki, o, iclasda ondan əvvəl çıxış etmiş Minsk Qrupu həmsədrlərinin adından yox, Birləşmiş Ştatların adından danışır.

James S. Gilmore deyib ki, yaranmış vəziyyətdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin şəffaf və fəal olması, vasitəçilik etmək və situasiyaya reaksiya vermək iqtidarında olması mühümdür.

Səfir bildirib ki, son iki gündə ABŞ dövlət katibi Mike Pompeo və Dövlət Departamentinin sözçüsü Morgan Ortagus sərhəd boyunca davam edən zorakılığı qətiyyətlə pisləyən və dərhal atəşkəsə çağıran bəyanatlarla çıxış ediblər.

James S. Gilmore deyib ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin davamlı dinc yolla həllində tərəflərə dəstək verməyə hazırdır və bu məqsədə çatılmasında fəal olaraq qalacaqdır”.

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb.

Ermənistan tərəfi də bəzi hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.

XS
SM
MD
LG