Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:42

Ayasofyanın məscidə çevrilməsinə qərar verildi


Ayasofya
Ayasofya

Türkiyənin Ali İnzibati Məhkəməsi 6-cı əsrdə tikilmiş, hazırda muzey kimi fəaliyyət göstərən Ayasofyanın yenidən məscidə çevrilməsinin mümkünlüyünə dair qərar çıxarıb.

Məhməmə məscidin muzeyə çevrilməsini nəzərdə tutan, 1934-cü ildə müasir Türkiyə Cümhuriyyətini qurucusu Mustafa Kemal Atatürkün qərarını ləğv edib.

***

Türkiyə məhkəməsindən Ayasofya qərarı gözlənir

İyulun 10-da Türkiyənin Ali İnzibati Məhkəməsi İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsinə dair qərarını verməlidir.

“Reuters” Türkiyənin adını çəkmədiyi iki rəsmisinə istinadla xəbər verir ki, məhkəmənin belə bir çevrilməni qanunsuz elan edəcəyi gözlənir.

UNESCO-nun iyulun 9-da bildirməsinə görə, muzeyin statusunda hər hansı dəyişiklik haqda quruma məlumat verilməlidir. UNESCO bu ismarıcını iyulun 9-da Türkiyənin qurumdakı səfirinə çatdırıb.

“Türkiyə hakimiyyətini məkanın universal dəyərinə zərbə vuracaq hər hansı qərardan öncə dialoqa başlamağa çağırırıq”, – UNESCO bildirib.

Türkiyədə bəzi qruplar Ayasofyanın məscidə çevrilməsilə bağlı təbliğat aparır, onun Türkiyənin müsəlman ölkəsi statusunu daha yaxşı əks etdirəcəyini deyirlər.

Prezident Recep Tayyip Erdogan tərəfdarları Ayasofyanı Məkkədəki Böyük Məscid və Yerusəlimdəki Əl-Aksa məscidindən sonra islamın üçüncü müqəddəs məkanı kimi təqdim edirlər.

***

Türkiyə Ali İnzibati Məhkəməsi Ayasofyanın muzeydən məscidə çevrilməsi üzrə dinləməni başa çatdırıb və 15 günə yazılı hökm açıqlanacaq.

TRT televiziyasının məlumatına görə, məhkəmə iddianı qaldırmış assosiasiyanın, dövləti təmsil edən prokurorun və Prezident Recep Tayyip Erdogan administrasiyasının təmsilçisinin arqumentlərini dinləyib.

***

Türkiyənin Ali İnzibati Məhkəməsi İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsi ilə bağlı qərar verməlidir.

Məhkəmənin qərarı iyulun 2-də, yaxud 15 gün ərzində gözlənir, Anadolu dövlət xəbər agentliyi bildirib.

Ayasofyanın 532-537-ci illərdə Bizans İmperatoru I Yustinian tərəfindən tikildiyi, min il ərzində xristianlığın ən böyük məbədi olduğu bildirilir. Ayasofya Bizansın “qızıl əsrinin” simvolu da adlandırılır.

Əsasən pravoslav kilsəsi kimi fəaliyyət göstərmiş Aya Sofya 1204-1261-ci illərdə 4-cü Xaçlı Yürüşü nəticəsində qısa müddətə katolik kilsəsinə çevrilib.

1453-cü ildə İstanbul II Sultan Mehmet tərəfindən fəth olunandan sonra məscidə çevrilir, məbədə dörd minarə əlavə olunur.

1934-cü ildə muzey elan olunan Ayasofya hazırda UNESCO-nun Dünya İrsi siyahısına daxildir.

Türkiyə Prezidenti Recep Tayyip Erdogan ötən il seçki kampaniyası zamanı bu məkanın məscidə çevrilməsinə çağırırdı.

Türkiyədə bir çoxları Ayasofyanı indiki statusunda ölkənin dünyəvi konstitusiyasının simvolu kimi görürlər.

Türkiyəyə çağırışlar

Müxalifət partiyalarının fikrincə, Erdogan bu məsələylə bağlı müzakirələri qızışdırmaqla ictimaiyyətin diqqətini iqtisadi böhrandan və koronovirus pandemiyasından yayındırmağa çalışır.

Məhkəmə iddiasını çox da tanınmayan bir assosiasiya qaldırıb. Onun 75 yaşlı rəhbəri Ismail Kandemir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kemal Ataturk-un abidənin muzeyə çevrilməsiylə bağlı qərarının ləğvini istəyir.

Hər il Ayasofyanı milyonlarla turist ziyarət edir. İstanbul valisi təkcə 2019-cu ildə muzeyə 3,7 milyon ziyarətçinin baş çəkdiyini bildirib.

Pravoslav Xristian Kilsəsinin dini lideri Konstantinopol Patriarxı I Varfolomey (Bartholomew I) bu addımı pisləyib.

“Ayasofyanın məscidə çevrilməsi dünyada milyonlarla xristianı məyus edəcək. Ayasofya müqəddəsliyinə görə Şərqlə Qərbin qovuşduğu yerdir və bu iki dünya çat verəcək”, – İstanbulda mənzillənən Varfolomey iyulun 1-də deyib.

Birləşmiş Ştatlar Türkiyəni ərazini muzey kimi saxlamağa çağırıb. Dövlət katibi Mike Pompeo iyulun 1-də deyib ki, statusda dəyişiklik abidənin irsinin əhəmiyyətini azaltmış olar.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib ki, Ayasofya “torpağımızada yerləşən bütün mədəniyyət abidələri kimi Türkiyənin əmlakıdır”.

XS
SM
MD
LG