Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:47

Rusiya və Fransa Liviyada Türkiyədən niyə narazıdır?


General Haftarın əsgəri avtomatı Erdoğanın tanka yapışdırılmış şəklinə dirəyib
General Haftarın əsgəri avtomatı Erdoğanın tanka yapışdırılmış şəklinə dirəyib

Rusiya və Türkiyə arasında Liviyada sülhə dair danışıqlar yarlımçıq dayanıb.

Reuters agentliyi yazır ki, buna səbəb Liviyanın Türkiyə tərəfindən dəstəklənən və BMT-nin tanıdığı qanuni hökumətinin strateji sahil şəhəri Sirteni Rusiyanın dəstəklədiyi şərq qüvvələrindən almaq cəhdləridir.

Türkiydən hərbi dəstək alan Milli Barışıq Hökumətinin qoşunları son həftələrdə Moskvanın dəstəklədiyi Khalifa Haftarın Liviya Milli Ordusunu (LMO) geri çəkilməyə məcbur edib.

Haftarı Rusiyadan başqa həm də Birləşmiş Ərəb Əmirlikləri, Misir və Fransa dəstəkləyirlər.

İyunun 15-də xəbər verilib ki, hökumət qoşunları hazırda LMO-nun nəzarətində olan Sirte şəhərini mühasirəyə almaqdadır. Burada şiddətli döyüşlərin getdiyi xəbər verilib.

Lavrov İstanbula gəlməyib

Rusiyanın xarici işlər naziri Sergei Lavrov ötən bazar günü İstanbulda keçirilməsi planlaşdırılan danışıqlara gəlməyib. Lakin onun türkiyəli həmkarı Mevlut Çavuşoğlu deyib ki, ekspertlər səviyyəsində danışıqlar davam edir.

Adının çəkilməsini istəməyən Türkiyə rəsmisi bildirib ki, iki tərəf arasında ciddi fikir ayrılığı var.

Bu rəsminin sözlərinə görə Lavrovun İstanbula gəlməməsi Sirte əməliyyatının başlanmasına görədir.

Kreml danışıqların dayandırılması məsələsini şərh etmir.

Rusiya ötən bazar günü bildirmişdi ki, Moskva Liviyda dərhal atəşkəs elan edilməsinə çalışır və Lavrov Türkiyə tərəfi ilə danışıqları başqa vaxta keçiriəcək.

Çavuşoğlu iyunun 15-də deyib ki, danışıqların təxirə salınma səbəblərinin heç biri “əsas prinsiplərlə” bağlı deyil.

Əgər Moskva və Ankara razılığa gəlməsələr

BMT ötən həftə bəyan etmişdi ki, Liviyada qarşı duran tərəflər arasında danışıqlar başlanıb.

Hökumətin yerləşdiyi Tripoli ilə LMO-nun nəzarətində olan Benqazi arasında yerləşən Sirte Liviyanın əsas neft ixracı terminallarına ən yaxın şəhərdir.

Robert Bosch Akademiyasından Galip Dalay deyir ki, Rusiya Liviya hökumət qoşunlarının hərbi əməliyyatları dayandırmasını, xüsusilə də Sirte, Cufra və neft regionuna hücumu dayandırmasını istəyir:

“Əgər Türkiyə-Rusiya danışıqları bəhrə verməsə, biz Liviyada və Suriyada gərginliyin eskalasiyasının şahidi olacağıq”.

Türkiyə Liviyada baza yaratmaq istəyir?

Bu arada verilən xəbərlərdə deyilir ki, Türkiyə Liviyanın qanuni hökuməti ilə ölkənin şimalındakı iki hərbi bazadan istifadəyə dair danışıqlar aparır.

Buna baxmayaraq Misrata və əl-Vatiyə hərbi dəniz bazalarının Türkiyənin istifadəsinə verilməsinə dair yekun razılaşma hələki əldə olunmayıb.

Bu bazalar bu yaxınlarda Türkiyənin hərbi dəstəyi ilə ələ keçirilib.

Şərhçilər bildirirlər ki, bazaları istəməsi Ankaranın Liviyada uzun müddət qalmağı planlaşdırdığını göstərir.

Fransa narahatdır

Fransa bildirib ki, Türkiyənin Liviyadakı aqressiv hərəkətindən narahatdır.

Reuters agentliyi yazır ki, Fransa Türkiyənin Liviyada artmaqda olan “aqressiv” və “qeyri-məqbul” hərəkətlərinin NATO-da müzakirə olunmasını istəyir.

Paris də Moskva kimi Liviya münaqişəsində Khalifa Haftarı dəstəkləyir.

Fransa bundan əvvəl cihadçılarla mübarizədə Liviayaya hərbi dəstək verib.

Paris Haftarı dəstəklədiyini dəfələrlə inkar edib. Buna baxmayaraq Fransa Türkiyəni sərt tənqid etsə də, Haftar barədə susur.

Paris və Ankara arasında ziddiyyətlər çoxdur

Fransa prezidentinin sözçüsü iyunun 15-də Reuters agentliyinə deyib ki, NATO müttəfiqi Türkiyə BMT-nin Liviyaya qarşı silah embarqosunu pozur və bu ölkənin sahillərində özünün donanma gücünü artırır:

“Bu müdaxilələr getdikcə daha çox problem yaradır və bizim səylərimizə baxmayaraq vəziyyət ağırlaşır. Getdikcə aqressivləşən belə mövqe qeyri-məqbuldur. Əslində Türkiyə özünü NATO partnyoru kimi aparmalıydı və bu, belə davam edə bilməz”.

Əl-Vatiyə bazası yaxınlığında Liviya hökumət qoşunlarının vurduğu maşın
Əl-Vatiyə bazası yaxınlığında Liviya hökumət qoşunlarının vurduğu maşın

Sözçü bildirib ki, bu yaxınlarda bu məsələ Türkiyə və NATO müttəfiqləri arasında müzakirə olunacaq.

NATO-nun müdafiə nazirləri hələlik bu bəyanatlara reaksiya verməyiblər.

Türkiyə və Fransa arasında münasibətlər Liviya münaqişəsindən əvvəl də gərgin idi.

Paris və Ankara arasında Suriyadan tutmuş şərqi Aralıq dənizində neftin çıxarılmasınadək ən müxtəlif məsələlərdə fikir ixtilafı var.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bu ayın əvvəllərində bildirmişdi ki, Fransanın Liviyada Haftarı dəstəkləməsi “onun qanını qaraldır”.

XS
SM
MD
LG