Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:02

Oxfam: Yarım milyard insan yoxsullaşa bilər


Arxiv fotosu
Arxiv fotosu

Dünyada 83 mindən çox insanın həyatına son qoymuş koronavirus pandemiyası yarım milyardadək insanı yoxsulluğa sürükləyə bilər, Oxfam bu gün – aprelin 9-da bildirib.

Nayrobidə mənzillənən xeyriyyə qurumu yeni hesabat yayıb. Gələn həftə isə Beynəlxalq Valyuta Fondu (BVF)/Dünya Bankı illik iclasında böhranın qlobal yoxsulluğa təsirini dəyərləndirəcək.

“Sürətlə formalaşan iqtisadi böhran 2008-ci ilin qlobal maliyyə böhranından dərindir”, – hesabatda vurğulanır.

Axırıncı dəfə 30 il öncə görünmüş yoxsulluq həddi

“Dəyərləndirmələr göstərir ki, ssenaridən asılı olmayaraq, qlobal yoxsulluq 1990-cı ildən bəri ilk dəfə arta bilər”, – hesabatda deyilir. O da əlavə olunur ki, bəzi ölkələr axırıncı dəfə 30 il öncə görünmüş yoxsulluq həddinə yuvarlana bilər.

Hesabat müəllifləri bir sıra ssenariləri nəzərdən keçiriblər. Onlar Dünya Bankının müxtəlif yoxsulluq səviyyələrini nəzərə alıblar. Aşırı yoxsulluq günə 1,90 dollara, yaxud ondan da az məbləğə, daha yaxşı halda isə günə 5,50 dollardan da az məbləğə yaşamaq deməkdir.

Ən ciddi ssenari baş verərsə, yəni, gəlir 20% azalarsa, dünyada aşırı yoxsulluq içində yaşayanların sayı 434 milyondan 922 milyona yüksələr. Bu halda günə 5,50 dollardan az pulla yaşayanlar isə 548 milyon nəfər artaraq 4 milyarda çata bilər.

Qadınların kişilərə nisbətən daha böyük riskə məruz qaldığı bildirilir, belə ki onlar daha çox qeyri-rəsmi iqtisadiyyatda çalışırlar, iş hüquqları ya azdır, ya da heç təmin olunmayıb.

“Günü günə ötürən ən kasıbların işdən icazə almaq, yaxud ehtiyat yığmaq imtiyazı yoxdur”, – hesabatda deyilir və xəbərdarlıq olunur ki, dünyada 2 milyarddan artıq qeyri-rəsmi sektor işçisinin xəstəlik müavinətinə də çıxışı yoxdur.

Təkcə bir regionda 11 milyon insan yoxsullaşa bilər

Dünya Bankı ötən həftə bildirib ki, şərait pisləşərsə, təkcə Şərqi Asiya və Sakit okean regionunda kasıbların sayı 11 milyon nəfər arta bilər.

Oxfam altıbəndlik plan – ehtiyacı olan şəxslərə və şirkətlərə qrant və yardım ayrılmasını, borcların təxirə salınmasını, BVF-nin dəstəyi artırmasını, yardımın gücləndirməsini təklif edir. Qurum gərəkən vəsaiti zənginlərə, fövqəladə gəlirlərə, spekulyativ maliyyə məhsullarına gəlir qoymaqla yığmağı mümkün sayır.

Dünya üzrə hökumətlərin inkişaf etməkdə olan ölkələri dəstəkləməyə azı 2,5 milyard dollar yığmasının vacibliyi vurğulanır.

“Zəngin ölkələr göstəriblər ki, böhranın bu dönəmində öz iqtisadiyyatlarını dəstəkləməyə trilyonlarla dollar səfərbər edə bilirlər”, – hesabatda deyilir.

“İnkişaf etməkdə olan ölkələr epidemiyanın səhiyyəyə və iqtisadiyyata təsirləri ilə savaşmağa qadir olmadıqca böhran davam edəcək və zəngin və yoxsul olmaqla bütün ölkələrə daha yüksək ziyan vuracaq”, – müəlliflər vurğulayır.

XS
SM
MD
LG