Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:21

Əli Kərimli Daxili İşlər Nazirliyini məhkəməyə verib


Ə.Kərimli Bakı Şəhər Baş Polis İdarəsində. 2012
Ə.Kərimli Bakı Şəhər Baş Polis İdarəsində. 2012

AXCP sədri Əli Kərimli Daxili İşlər Nazirliyini məhkəməyə verib. Onun şikayətinə 1 saylı Bakı İnzibati Məhkəməsində baxılacaq.

Ə.Kərimlinin şikayəti pasport məsələsiylə əlaqədardır. AXCP sədri məhkəməyə ərizəsində Daxili İşlər Nazirliyi ilə yanaşı, bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsini də cavabdeh qismində qoyub. Üstəlik, Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun da üçüncü şəxs qismində bu məhkəmə prosesinə cəlb olunmasını istəyir. Bildirir ki, Azərbaycan hökuməti 14 ildir ona pasport verməməklə həm onun hüquqlarını pozur, həm də Avropa Məhkəməsinin qərarının icrasından yayınır. Çünki Avropa Məhkəməsi 2015-ci ilin iyulunda bu məsələ ilə bağlı qərar verib. Ə.Kərimliyə pasport verilməməsi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 2 saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı hüququ) pozuntusu kimi tanıyıb. Azərbaycan hökuməti də bu qərarla razılaşıb, Yuxarı Palataya şikayət verməyib.

«Avropa Məhkəməsinin qərarının qüvvəyə minməsindən 4 ildən çox vaxt ötür. Buna baxmayaraq, 25 ilə yaxın davam edən hüquqlarımın pozuntusuna son qoyulmur. Bu ölkənin vətəndaşı olduğumu təsdiqləyən sənədi mənə verməkdən imtina edirlər», – Ə.Kərimlinin sözləridir.

2006-cı ildən pasport ala bilmir

AXCP sədri 2006-cı ildən pasport ala bilmir. Ona barəsində 1994-cü ildə CM-in 220.1 maddəsi ilə başlanmış cinayət işinə (cibindən qumbara tapılması iddiası) xitam verilməməsi əsas gətirilir.

Ə.Kərimli isə bildirir ki, 1994-cü ildən sonra ona 1996-cı və 2001-ci illərdə iki dəfə pasport verilib. Üstəlik, 1998 və 2003-cü illərdə millət vəkili kimi, ona diplomatik pasport da verilib. 2001-ci ildə aldığı pasportunun 5 illik müddəti 2006-cı ildə başa çatanda isə sözügedən cinayət işini əsas gətirib, imtina ediblər.

Cinayət işinin aqibətinə gəlincə, Ə.Kərimlinin bildirdiyinə görə, 1995-ci ildən icraat dayandırılıb: «Bakı Şəhər Baş Polis İdarəsinə ərizəmdən sonra mənə məlum oldu ki, həmin cinayət işini 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu Baş Polis İdarəsindən götürüb. 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Həmin qərarın ləğv edilməsi üçün baş prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətlərim nəticə vermədi».

AXCP sədri cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsasıyla həmin cinayət işinə xitam verilməsindən ötrü də məhkəməyə üz tutub. Ancaq məhkəmələr ona «yox» deyib. Bildirilib ki, cinayət işinə xitam verilməməsindən məhkəməyə şikayət nəzərdə tutulmayıb.

Budəfəki ərizəsində AXCP sədrinin məhkəmədən istəyi odur ki, Daxili İşlər Nazirliyinin üzərinə ona pasport vermək öhdəliyi qoyulsun.

Bu işə 1 saylı Bakı İnzibati Məhkəməsində hakim Elvin Əliyev baxacaq.

XS
SM
MD
LG