Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:21

Nizaməddin Quliyev, Qoca Səmədov 'onların yanında toya gedəsidir'


Ağstafanın icra başçısı Nizaməddin Quliyev
Ağstafanın icra başçısı Nizaməddin Quliyev

Dekabrın 19-da Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev, müavini Ramiz Tatarov və Yevlax şəhərinin keçmiş icra başçısı Qoca Səmədovun saxlanması ilə bağlı məlumat yayılıb.

«Korrupsiya yuxarıdan gələn məsələdir»

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl AzadlıqRadiosuna deyib ki, korrupsiya yuxarılarda olur, bu saxlanan şəxslərlə bağlı baş verənlərdə isə, hələlik, rüşvət iddiaları yer alır: «Korrupsiya daha çox büdcənin talanmasıdır. Korrupsiya yuxarıdan gələn və özü də bir-birinə bağlı məsələdir. Nizaməddin Quliyevlə bağlı videolara da baxdım...».

İ.İsmayıl baş verənləri müsbət dəyərləndirir, əməliyyatın peşəkar hazırlandığını düşünür.

«Yerlər var ki,...»

İ.İsmayıla görə, bu, həm də hakimiyyətdaxili mübarizə məsələsinə oxşayır: «Yerlər var ki, Nizaməddin Quliyev, Qoca Səmədov onların yanında toya gedəsidir. Ona görə də inanmıram ki, bu məsələlər rüşvətxorluq, korrupsiyaya ilə mübarizə ilə çərçivələnir. Bu məsələ hakimiyyətdaxili mübarizənin tərkib hissəsidir».

İ.İsmayıl
İ.İsmayıl

«Çölün düzündə rüşvət alacaqlar»

İ.İsmayıl hesab etmir ki, bu tədbirlərlə Azərbaycanda rüşvət tam dayandırılacaq. Onun fikrincə, rüşvətin alınması metodları dəyişə bilər: «Çölün düzündə rüşvət alacaqlar. Aşkarlanması çətin olan üsullara əl atacaqlar. Odur ki, bununla rüşvətin qarşısı alınmayacaq, yalnız forması dəyişəcək».

«Ən böyük status seçki yolu ilə formalaşan bələdiyyələrə verilməlidir»

Ekspertə görə, Azərbaycanda icra hakimiyyətləri bir qurum kimi ləğv olunmalıdır, hər bir rayonda hakimiyyətin vali səviyyəsində adamı olmalıdır:


«Amma ən böyük statuslar seçki yolu ilə formalaşan bələdiyyələrə verilməlidir. O zaman deyə bilərik ki, sözün həqiqi mənasında islahat aparılır».

«Prezident bunun anonsunu vermişdi»

Deputat Fazil Mustafa isə «Turan» agentliyinə deyib ki, bu həbslərdə hakimiyyətdaxili mübarizə elementi yoxdur, çünki bunun anonsunu prezident vermişdi: «Yeni icra başçılarını təyin etdikdə bildirmişdi ki, rüşvətxorluqla, korrupsiya ilə məşğul olan istənilən şəxs qanun qarşısında məsuliyyət daşıyacaq».

Onun fikrincə, bu, prezidentin həmin mesajından sonra atılan addımdır.

F.Mustafa
F.Mustafa

Deputat vurğulayıb ki, həmin şəxslər aztəminatlı insanlar üçün ayrılan dövlət vəsaitlərinin mənimsənilməsində günahlandırılır: «Odur ki, bu məsələni hansısa bir yönə yozmaq doğru deyil. Yəni bilavasitə prezidentin istiqamət verdiyi və ya anons etdiyi prinsiplərin həyata keçirilməsidir».

«Bu addımlar davam edəcək»

F.Mustafaya görə, bu, həm də digərlərinə verilən mesajdır. Onun fikrincə, cəmiyyət prosesi müsbət qarşılayır. F.Mustafa hesab edir ki, rüşvətxorluqla mübarizə davam edəcək: «Bununla bağı şikayətlər var. Ona görə də bu addımlar davam edəcək».

Xatırlatma

Sözügedən şəxslərin saxlanması ilə bağlı əməliyyatları keçirən Dövlət Təhlükəsizliyi Xidməti ( DTX) də məlumat yayıb. DSX-nın açıqlamasında onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham edilirlər. DSK Ağstafa rayon İcra Hakimiyyətinin başçısının kabinetində və başqa yerlərdə çəkildiyi bildirilən görüntülər də yayıb.

Amma saxlanan şəxslərdən, onların vəkillərindən bu açıqlama və çəkilişlərə münasibət almaq mümkün olmayıb.

İcra hakimiyyətlərinin ləğvi, onların səlahiyyətlərinin bir hissəsinin bələdiyyələrə verilməsi ilə bağlı təklif əvvəllər də cəmiyyətdə səslənib. Ancaq, hələlik, rəsmilər belə təklifləri müsbət qarşılamayıblar.

İcra hakimiyyətləri isə, bir qayda olaraq, öz fəaliyyətlərini müsbət dəyərləndirirlər.

XS
SM
MD
LG