Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:19

Bayıl sakini: 'Təkcə mülkiyyət hüququmu yox, şəxsiyyətimi də tapdaladılar'


Ü.Şərifzadə
Ü.Şərifzadə

Ülviyyə Şərifzadə üç il öncə Bayılda yerləşən evindən zorla çıxarılıb. Polislər və onlarla birlikdə mülkigeyimli daha bir neçə nəfərin onu evindən zorla çıxardığını təsdiqləyən videogörüntülər də əlində var. Həmin görüntüləri məhkəmələrə də təqdim edib.

Oktyabrın 31-də Bakı Apellyasiya Məhkəməsində Şeyda Məhərrəmovanın sədrlik etdiyi hakimlər kollegiyası da bu görüntülərə baxıb.

«Başıma gələnlər Azərbaycanda insan hüquqlarının ayaqlar altına atıldığını göstərdi. Təkcə mülkiyyət hüququmu yox, şəxsiyyətimi də tapdaladılar. Baxdığınız video da bunu sübut edir. Görüntülərdəki mülkigeyimlilər icra hakimiyyətinin və şirkətin işçiləridir. Artıq dördüncü ildir ki, mən Azərbaycanda qanunun nə vaxt işləyəcəyini gözləyirəm», – Ü.Şərifzadə məhkəmədə hakimlərə belə deyib.

Kvadratmetri 1480 manat

Onun evi Bayılda – Qurban Abbasov küçəsindəki 27 nömrəli binanın 35-ci mənzili olub. O binanı «Fortis Bayıl» Mənzil-Tikinti Kooperativi söküb. 2016-cı ildə söküntü işləri başlayanda Ü.Şərifzadə evindən çıxmaq istəməyib: «Qonşular da çıxmırdı. Amma həmin gün başımıza elə oyun açdılar ki, əksəriyyəti onların təklif elədiyi müqaviləni imzalayıb çıxdı. Məni də hədələdilər, amma təslim olmadım».

Ü.Şərifzadənin evinin sahəsi 93.6 kvadratmetr olub. O, Səbail Rayon İcra Hakimiyyətini və «Fortis-Bayıl» şirkətini məhkəməyə verib, onlardan maddi ziyana görə 390 min, mənəvi ziyana görə 50 min, evindən çıxarılandan bu yana hər ay üçün də 500 manat kirayə haqqı tələb edib.

Səbail Rayon Məhkəməsi isə şirkətin tikdiyi bina hazır olana qədər ona aylıq kirayə haqqı kimi 400 manat hesablanıb ödənilməsinə qərar verib. Bakı Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.

Bu qərar Ü.Şərifzadə kimi, şirkəti də qane etməyib. Hər iki tərəf Ali Məhkəməyə üz tutub. Şirkətin nümayəndəsi şikayətində yazıb ki, aralarında müqavilə olmadığı halda niyə ona kirayə pulu ödəməlidir?

Ali Məhkəmə qərarı ləğv edib və işi yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. Bu dəfə məhkəmə evin qiymətləndirilməsi üçün ekspertiza təyin edib. Ekspert hər kvadratmetrə 1480 manat qiymət qoyub. Bu da Ü.Şərifzadəni qane etmir: «Mən hər səhər oyananda Bayraq Meydanında bayrağıma baxırdım. Çox yaxşı mənzərəli evim vardı. Orada heç təmirsiz, hətta malası belə olmayan evlər də o qiymətə deyil».

«Sökülən evə necə vizual baxış keçirib?»

Onun vəkili Fuad Ağayev rəy verən ekspertin məhkəmədə dindirilməsini istəyib: «Gəlsin, görək, hansı əsasla bu qiyməti qoyub. Yazıb ki, vizual baxışla qiymətləndirmə aparılıb. Üç il əvvəl sökülən evə necə vizual baxış keçirib?».

Vəkilə bu məsələdə «yox» deyilib. Ona görə vəkil öncə işə baxan hakimlərə, ardınca da Bakı Apellyasiya Məhkəməsinə və sədri İman Nağıyevə etiraz edib. İşin bu məhkəmədən alınıb, başqa apellyasiya məhkəməsində baxılmasını istəyib: «Çünki bu məhkəmə belə mübahisələrdə çox cüzi istisnalarla haqlının tərəfində yox, şirkətlərin tərəfində dayanır».

Vəkilin bu etirazları da baxılmamış saxlanılıb.

Hakimlər qərar verib ki, «Fortis-Bayıl» maddi ziyana görə 140 min, mənəvi ziyana görə 1000 manat, aylıq kirayə üçün də 300 manatdan Ü.Şərifzadəyə ödəsin.

Şirkətin nümayəndəsi də etiraz edir. Deyir ki, bu layihədə sakinlərə kompensasiya ödənilməsi nəzərdə tutulmayıb: «Bina qəzalı vəziyyətdə olub. Söküntü icra hakimiyyətinin sərəncamı əsasında aparılıb. Dəfələrlə xəbərdarlıq edilib ki, çıxsınlar, amma bu adam çıxmayıb. Onunla müqavilə bağlamağa da cəhd göstərilib, razılaşmayıb».

Ü.Şərifzadə yenidən Ali Məhkəməyə şikayət edəcəyini bildirib: «Ədalətli qərar çıxmasa, Avropa Məhkəməsinə qədər gedəcəm».

XS
SM
MD
LG